Nağıllar, hekayələr

Konstantin Dmitriyeviç Uşinski. Qaranquşlar

Payız idi. Soyuq havanın yaxınlaşdığını hiss edən qaranquşlar artıq yuvalarını tərk etmişdilər. Balaca oğlan damlarının altındakı tərk edilmiş qaranquş yuvasını dağıtmaq istədi.


"Yuvanı dağıtma," ata oğluna səsləndi, "Yazda qaranquşlar geri qayıdacaq və əvvəlki yuvalarını tapdıqda çox sevinəcəklər!”


Oğlan atasına qulaq asıb yuvanı dağıtmadı. 


Bax beləcə qış qurtardı. Aprelin sonları idi, bir cüt iti qanadlı, şən və gözəl qaranquş geri gəldi və köhnə yuvalarını tapıb onun ətrafında fırlanmağa başladı.


İş qaynamağa başladı; qaranquşlar yaxınlıqdakı çaydan dimdiklərində gil və lil gətirərək, tezliklə, qışda bir az dağılmış olan yuvalarını təzələdilər. Sonra yuvaya tük, lələk, daha sonra isə mamır sapı gətirdilər.


Bir neçə gün keçdi və oğlan gördü ki, yuvadan yalnız bir qaranquş uçur, digəri isə daim orada qalır.


"Ola bilsin ki, o, yumurtlayıb və indi yumurtaların üzərində oturur" - deyə oğlan düşündü.


Təxminən üç həftədən sonra yuvadan kiçik başlar görünməyə başladı. Oğlan yuvanı dağıtmadığına  görə çox sevinirdi!


Oğlan eyvanda oturaraq, qayğıkeş quşların havada necə süzdüyünü və milçəkləri, ağcaqanadları tutduğunu saatlarla seyr edirdi. Onlar necə də cəld ora-bura uçurlar və yorulmadan, tez bir zamanda, körpələri üçün qida tapırlar!


Oğlan qaranquşların bütün günü, demək olar ki, bir dəqiqə belə dincəlmədən uçmaqdan yorulmadıqlarına heyran qalıb, təəccübünü atasına bildirdi. Atası ona  oyuncaq qaranquşu görstərib dedi:


“Görürsən oğlum!? Qaranquşun necə də uzun iri qanadları və quyruğu var. Ayaqları və bədəni isə müqayisədə daha qısa və balacadır. Məhz buna görə, qaranquşlar səmada uzun müddət dayanmadan sürətlə uça bilirlər! Əgər qaranquşlar danışa bilsəydi, o zaman sənə Cənub Rusiya çölləri, üzümlərlə örtülmüş Krım dağları, bir dəfə də olsun oturmadan keçməli olduqları fırtınalı Qara dəniz, Kiçik Asiya, mavi Aralıq dənizi, adalarında bir-iki dəfə dincəlməli olduqları Afrika haqqında və s. maraqlı hekayələr, gördükləri  danışardılar.


"Mən qaranquşların belə uzaq məsafəyə uçduğunu bilmirdim!" - oğlan təəccüblə atasına dedi.


“Bəli, təkcə qaranquşlar deyil,” ata davam etdi, “Köçəri adlanan quşlar, məsələn torağay, qaratoyuq, ququ quşu, çöl ördəkləri, qazlar və bir çox başqa quşlar da qış fəsli yaxınlaşanda isti ölkələrə uçurlar. Bəziləri üçün Almaniyanın cənubunda və Fransada qışda olduğu kimi istilik kifayət edir, bəziləri üçün İtaliya və Yunanıstanın çiçəkli limon və portağal bağlarında sığınmaq üçün yüksək qarlı dağlar üzərindən uçmaq lazımdır; bəzilərinə isə daha da çox  məsafə uçmaq... bütün Aralıq dənizi üzərində uçmaq lazımdır.”


"Orada o qədər yaxşıdırsa, niyə əbədi olaraq isti ölkələrdə qalmırlar?" - deyə oğlan soruşdu.


“Ya balaları üçün kifayət qədər qida tapa bilmədiyinə görə, ya da çox isti olduğuna görə!” – deyə ata cavab verdi - “Amma sən əsas buna təəccüblən!... Dörd min mil uzaqlara uçan qaranquşlar necə olur ki, geri gəldikdə qurduqları yuvalarına rahatlıqla yol tapırlar?