Odlar Yurdu

Mehmandarovların malikanə kompleksi

Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir.

 

Azərbaycan xanlıqlarının, o cümlədən, Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi inşa olunub.

 

Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.

 

Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb.

 

Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

 

19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. 1992-ci ildə filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.

 

Müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.

 

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.

 

Həyata keçirilən işlər çərçivəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilir.