Nağıllar, hekayələr

Süleyman Rəhimov. Güzgü göl əfsanəsi

Qədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göygölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı.

 

Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyir, üstünə toz qonmağa qoymurdu. Bu yerlərin ağ-ağ yağışlarında Maral yuyunur, yuyunduqca da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstünə səpələnir, onun saç-saçağını darayırdı. Maral özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surətinə tamaşa edir, bundan hədsiz dərəcədə zövq alırdı.


Az əvvəl Güzgü göldən aşağı düşən Maral Göygölün yaxası yuxarı qalxdı, Maral gölə sarı yol aldı. Tumurcuqlardan yeni-yeni çıxan yaz meşəsinin yaşıllığı anbaan artdı, əkslərini Göygölə saldı. Sanki bu yaşıl-yaşıl ağaclar Göygöldə üzürdü. Kəpəz dağının aşağı ətəyində zümrüd meşələrin əhatəsində qıvrıla-açıla dalğalanan Göygöl Marala yaraşıq verirdi.

 

Maral Göygölə baxsa da, öz gözəlliyini Güzgü göldə görönən sayaq görə bilmədi. Maral buradan bir növ göyərmiş və göyümtül görünürdü.


Maral Göygöl sahili boyu ensiz cığırla nazlana-nazlana addımlayırdı. Yuxarıda Kəpəzin gərdəninə qar kimi ağ duman zolaqları dolanır, ağ-ağ buludlar da Göygölün şırımlanan səmasında hərəkət edir, Kəpəzin zirvələrində bahar günəşinin qızıl telləri Göygöl diyarına nur səpələyir, əlvan çiçəklər də ana torpaqdan baş qaldırırdı.

 

Ağ papaqlı göbələklər də tala-tala ağarırdı. Kəpəzin döşündə əriyən qar buz suya dönür, üzüaşağı şır-şır axırdı. Bütün şırlanlar şırıldaya-şırıldaya Göygölə tökülürdü.

 

Maral Göygöl barəsində çox şeyi xatırlayırdı... Xatırlayırdı ki, bir zaman onun anası öz qızı bu Marala Göygölün əmələ gəlməyindən danışmışdı.

 

O nəql etmişdi ki, bu dağlar necə dəhşətli zəlzələyə məruz qalmışdır!.. Aləmi sarsıdan, dağları qapaq kimi atıb-tutan zəlzələ nəticəsində bu Göygöl əmələ gəlmişdir. Ağ suyun yuxarılarından, Maral göldən atlana-atlana, ağara-ağara gəldiyini də, bu Göygölə töküldüyünü də demişdi... Demişdi ki, Göygölün ayaq tərəfindən dəmir qayaların altında bir çay axıb gedir. Ancaq nə edəsən ki, Maral Güzgü göl məftunu idi, çünki Güzgü göl Maralı istədiyi kimi göstərirdi, Güzgü göl Maralın gözəlliyinə heç bir göy kölgə salmırdı.

 

Axşamlar ağnavaz göydən gümüş səpələnir, xəsillikdə gümüş-gümüş şeh tuturdu. Baxdıqca bu xəsillik Göygölün ayrılmaz bir hissəsi kimi gömgöy görünürdü. Göy ipəyə bürünən Göygöl ləpələnir, Ayın gümüş nuru içində bəzən gümüşü rəng alırdı...