Təbiət

Koreyanın biomüxtəlifliyi ilə seçilən "Getbol" düzənlikləri

26 iyul 2021-ci il tarixində YUNESKO-nun Ümumdünya Təbii İrs siyahısına daxil edilən, Koreyanın dəniz suyunun qabarması və çəkilməsi nəticəsində əmələ gələn "Getbol" düzənlikləri – dünyada  biomüxtəlifliyi ilə seçilən ekosistemlərdən biridir. 


Koreya Respublikasının cənub-qərb və cənub sahillərində Sarı dənizin şərq hissəsində yerləşən bu ərazi dörd hissədən ibarətdir: Seocheon Getbol, Gochang Getbol, Shinan Getbol və Boseong-Suncheon Getbol.


Bu sahə müxtəlif sahil çöküntü sistemlərinin inkişafına səbəb olan geoloji, okeanoqrafik və iqlim şəraitinin mürəkkəb birləşməsi ilə xarakterizə olunur. Hər bir komponent dörd qabarma və çəkilmə düzənliyi alt tipindən birini (estuari, açıq körfəz, arxipelaq və yarıqapalı körfəz) təmsil edir.


Təbii ərazi yüksək səviyyədə biomüxtəlifliyə malikdir. Burada 2150 növ flora və fauna, o cümlədən qlobal miqyasda nəsli kəsilməkdə olan 22 növ qeydə alınmışdır. Sahədə 47 endemik və 5 nəsli kəsilməkdə olan dəniz onurğasızları yaşayır. Ərazi eləcə də ümumilikdə 118 köçəri quşa ev sahibliyi edir. 


Bu ərazi həmçinin milyonlarla köçəri su quşlarının, Avstraliya və Yeni Zelandiya kimi uzaqlardan Arktika Rusiyası və Alyaskadakı çoxalma ərazilərinə miqrasiya səyahətlərində, keçid mənətəqəsi yəni dayanacaq rolunu oynayır.


Əraziyə məxsus endemik faunaya daxildir: palçıq səkkizayaqlı (Octopus minor) və çöküntü ilə qidalanan növlər, məsələn, Yapon palçıq xərçəngi (Macrophthalmus japonica), Uca lactea xərçəngi, çoxillik qurd (Polychaete), Sarı dəniz qum ilbizi (Umbonium thomasi), Stimpson xəyal xərçəngi (Ocypode stimpsoni), eləcə də qum ilə qidalanan müxtəlif molyusk növləri.


Ərazi geomüxtəliflik və biomüxtəliflik arasında əlaqəni, eləcə də mədəni müxtəlifliyin və insan fəaliyyətinin ətraf mühitdən asılılığının bir göstəricisidir.