Nağıllar, hekayələr

Mir Cəlal Paşayev. İki rəssam

İsgəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Kimi Xorasan xanəndəsinin səsini, kimi İraq çalğıçısının bəstəsini, kimi ərəb dilindəki fəsahəti tərifləyirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi. Sözdə hünərdən dəm vurmaq asandır, ancaq ağıllı adamlar buna inanmazlar. Həqiqi hünər sahibləri heç vaxt özlərini tərifləməzlər, hünərlərini öz əməlləri ilə isbat edərlər. Rəssamlar da bu yolu tutdular. Onlar yarışmalı oldular. Hərəsi gözəl bir lövhə çəkməli idi. Bu mənzərələr onların hünərini göstərəcək və kimin üstün olduğuna hökm verəcəkdi. Belə yerdə, hökmdar qarşısında işləmək nə qədər çətindir. Dünyanın bütün sənət və hünər sahiblərinə qiymət verənlər buradadır. Burada qalib olmaq nə böyük səadət, basılmaq isə nə ağır müsibətdir! Rəssamların hər ikisi intizar və həyəcanla işə başladı. Onlar bir-birindən xəbərsiz işləməli idilər. Elə işləməli idilər ki, nə bu, onun fikrindən istifadə etsin, nə də o, bunun niyyətini bilsin. Şahın əmri ilə rəssamları işıqlı, böyük və bəzəkli bir otaqda əyləşdirdilər, aradan qalın və ağır pərdə saldılar. Rəssamların hər ikisi mənzərə çəkməyə başladı. Hər ikisi var qüvvəsi ilə çalışdı, qələminin qüdrətini işə saldı. Hər iki sənətkar işini tamamladıqdan sonra tamaşaçılar hazır oldular. Tamaşaya gələnlərin hamısının üzündə sevinc və maraq vardı, rəssamların qəlbi isə intizarla döyünürdü: "Görəsən necə olacaq? Kimin bəxti güləcək, kiminki ağlayacaq?" Otağın ortasında asılan pərdəni qaldırdılar. Hər iki rəssamın işi hamını heyran qoydu. Hər iki rəssamın mənzərəsi gözəl, mənalı və qiymətli idi. Hamı əsərlərə əhsən dedi. Adamı heyran qoyan başqa məsələ idi. Camaat ona heyran idi ki, bir-birindən xəbərsiz olan iki rəssam tamamilə bir-birinin eyni olan lövhələr çəkmişdi. Rum rəssamı nə çəkmişdisə, Çin rəssamı da onu çəkmişdi. Rum rəssamının şəkli nə boyda idisə, Çin rəssamının rəsmi də o boyda idi. Rum rəssamının şəkli nə rəngdə idisə, Çin rəssamının şəkli də elə idi. Müxtəsər ki, rəssamlar ayrı-ayrı adamlar idilər. Onlar zövq, hünər, xasiyyət və bilikcə də bir-birlərindən tamam uzaq adam idilər. Lakin çəkdikləri şəkil eyni idi, bir-birindən seçilmirdi. Hamı bu hadisəyə heyran qaldı və heç kəs inanmaq istəmədi: - Bu ola bilməz!


- Möcüzədir! - Burada bir sirr var! Rəssamlar isə böyük hünər göstərmiş qəhrəman kimi məğrur-məğrur dayanmışdılar. Doğrudan da, bu işdə bir sirrr idi. Rum rəssamı özü bu sirrə heyran qalsa da, deməyə bir sözü yox idi. Padşahın əmri ilə otağın ortasından təkrar pərdə saldılar. Həmişə sirləri örtən pərdə bu dəfə sirrin açılmasına kömək etdi. Pərdə salınan kimi Çin rəssamının şəkli küləyə uğrayan çıraq kimi söndü, şəkil əvəzinə şumal divar göründü. Ancaq pərdə Rum rəssamının çəkdiyi şəklə təfavüt etmədi. Pərdəni təkrar qaldırdılar. Şəkillərin hər ikisi eyni gözəlliklə parladı. Adamlar yaxına gəlib işin həqiqətini yoxladılar. Gözəl mənzərəni çəkən rumlu idi. Çinli rəssam divara sadəcə seyqəl vermiş, onu güzgüyə döndərmişdi. Pərdə qalxan kimi rumlunun çəkdiyi şəkil həmin divarda əks olunurmuş. Adamlar çinlini töhmətləndirmək istədilər: 


- Bu, nə işdir? - Sənətdir! - Sənət rumludadır ki, gözəl şəkil çəkmişdir. - Divan güzgüyə döndərmək, sənət aynası etmək bəs nədir? Dünyada hünər güzgüsü ilə məşhur olan İsgəndər sənət aynasını da sənət əsəri kimi bəyəndi. O, çinli rəssamın hünərinə də qiymət verdi: -O da sənətdir! Hər iki sənətkarın hünərinə əhsən dedilər. Rumlunun mənzərə, çinlinin isə seyqəl ustası olduğunu hamı təsdiq etdi.


Bir-birini məğlub etmək istəyən sənətkarlar dost oldular. Onlar bir-birinə və hünərə ehtiram bəslədilər öz əsərlərini bir-birinə göstərməyi, dostun xeyirxah sözünü eşitməyi lazım gördülər. Yarış tamaşasına gələnlər dağılıb getsə də, rəssamlardakı hünər meyli getmədi. Əksinə, daha da alovlandı. Onlar ömürlərinin hər saatını fürsət və qənimət bildilər. Əsər yaratmaq eşqilə yaşadılar. Rum rəssamı Çin rəssamını evinə qonaq çağırmışdı. Onun gözəl, səfalı, bağçalı bir həyəti vardı. Nahar süfrəsi yığılandan sonra rumlu, qonağını həyətə gəzməyə çıxardı. Quşlar səs-səsə verib, sanki qonağı salamlayırdılar. Qonaq cənnətə düşmüş kimi heyran və şad idi. Həyətin başında gözəl bir hovuz var idi. Göz yaşı kimi dumduru bulaq çağlayırdı. Bu mənzərəni görəndə qonağın atəşi alovlandı. Kövsər suyundan içmək, yanğısını söndürmək istədi. Fincanı əlinə alıb hovuza tərəf yeridi ki, su götürsün. Ev sahibi kənardan durub bu hadisəyə sakitcə və maraqla tamaşa edirdi. Qonaq fincanı suya vuranda fincan çilikçilik olub yerə töküldü. Qonaq diksindi, özünü itirdi. Yerindəcə donub qaldı. Fincan daşa dəymişdi. Sən demə bu hovuz, çağlayan su - hamısı rəssam tərəfindən çəkilmiş mənzərə imiş. Bu elə gözəl yaradılmış idi ki, həqiqətdən seçilmirdi. Qonaq bunu duya bilmədiyinə utandı, rumlu rəssam isə öz hünərindən fərəhlənib güldü. Çinli rəssam ürəyində dedi: "Eybi yoxdur, bunun əvəzini çıxaram". - Sənin məharətinə sözüm yoxdur. Bu hovuz mənzərəsi mənim çox xoşuma gəlir. Bunun tamaşasından doya bilmirəm. Adam istəyir, yeməsin-içməsin bu sənət abidəsinə tamaşa etsin. Rumlu rəssam qonaqpərəstlik göstərdi: - Mənim ev-eşiyim sizə peşkəşdir. İstədiyiniz zaman buyura bilərsiniz.


O, həmkarına və dostuna olan ehtiramını göstərmək istəyirdi. Həyətini, evini sənətkara layiq səliqəyə saldı. Baharın açılan vaxtı idi. Gül bülbülü, çiçək çiçəyi çağırırdı. Rəssam ağaclardan qəfəslər asmışdı. Buradakı quşlar səs-səsə verib gözəllik, həyat, bahar nəğməsi oxuyurdular. Başqa bir tərəfdə, sular çağlayır, güllər ətrafa ətir səpirdi. Rumlu rəssam yalnız öz sənəti ilə yox, öz səliqəsi ilə də yoldaşını valeh etmək niyyətində idi. Çox çəkmədi, vaxt oldu, əziz qonaq yenə gəlib çıxdı. Ev sahibi onu öz otağında qarşıladı. Onlar şirin-şirin söhbətə məşğul oldular. Keçmişdən, indidən, gələcəkdən danışdılar. Ev sahibinin saf ürək kimi təmiz süfrəsi, səxavətli əl kimi açıldı. Dünyanın əziz və ləzzətli xörəkləri, ətirli meyvələri, kəsərli şərablar bir-birini əvəz etdi. Dostlar yeməlidən yedilər, içməlidən içdilər, şükür dedilər. - Yox, mən bu hovuza bir neçə gün tamaşa etməliyəm. Rumlu rəssam yarışdığı yoldaşının əsərə valeh olduğunu görüb sevindi. Güman etdi ki, çinli onun sənətindən öyrənmək fikrindədir: -İstədiyiniz qədər baxa bilərsiniz! - Lap yaxından baxacağam! - Lap yaxından da baxa bilərsiniz. Çinli rəssam, doğrudan da, bir neçə gün həmin həyətdə, hovuzun yanında göründü.Rumlu rəssamın balaca qızı adəti üzrə quşlar kimi tezdən durar, kəpənəklər kimi kollar arasında gəzərdi.

O, hər gün balaca səbəti gül ilə doldurub karvanların qabağına qaçardı. Tacirlər balaca qızın gətirdiyi gülü göydə götürərdilər. Günün birində rumlu rəssam səhər yerindən təzəcə qalxmışdı. Qızı onu çağırdı: - Ata, bir həyətə çıx! Qəribə bir hal baş vermişdir. 


- Nə olub? 


- Bu nə işdir,bunu kim öldürüb? 


- Nə danışırsan, qız? Ata tələsik özünü eşiyə atdı. Həyətdə gözünə gözlənilməz və təəccüblü mənzərə sataşdı. Diqqətlə baxanda hovuzun kənarında uzanmış bir it ölüsü gördü. 


Qız atasına, atası qızına baxdı. Onların simasında heyrət oxunurdu. - Bu nədir? 


- Bu nə işdir? 


- Kimin işidir? 


- Havaxt olub?.. 


Əlində gül qabı, heyran dayanmış qızın vəziyyəti rumluya, çinlinin hovuzdan su götürmək istədiyi günü xatırlatdı. Ürəyindən keçdi ki: "bu işdə dostumun əli var. Axı o, hovuza çox baxır. Ondan savay buraya gedib-gələn kimdir? " Elə bil rumluya dedilər: 


- Yaxına get! Diqqət elə! Rumlu rəssam hovuza yaxın getdi, lap yaxınlaşanda heyrətindən yerində dondu. O heç vaxt bunu güman etməzdi. 


"Kələyə-kələk" ilə cavab verən çinli rəssamın hünəri onu heyran qoydu. Sən demə, bu it də hovuz kimi şəkil idi, çinli rəssamın daş üzərində çəkdiyi bir rəsm idi. Rəssamı fikir götürdü: 


"Min həvəs və min zəhmətlə çəkdiyim mənzərə ötənləri dayandırır, buraya çağırırdı, hamının diqqətini cəlb edir, baxanları susuzdadır, atəşlilərin ürəyinə sərinlik verirdi. İndi isə bu şəkil mənim həyətimin bütün gözəlliklərini, mənim sənətimin, zəhmətimin gözəl məhsulu olan hovuzu heçə döndərir, ətrafa üfunət yayır, görənləri buradan uzaqlaşdırır, gələnləri qaçırdır. Hərif nə yaman iş işləmişdir."


Rumlu rəssam bu əhvalatı açıb ağartmadı. Dinməz-söyləməz çinlinin yanına gəlib üzr istədi: 


- Daş qayaya rast gəlib,- dedi, - hünərlər tən olanda hər ikisinin qüvvəti birləşər. Bir-birinə tay olan pəhlivanların heç biri basılmaz. Mən böyük zəhmətlə çəkdiyim hovuz mənzərəsi ilə fəxr edirdim. Səni o sənətdə aciz bilirdim. Ancaq indi yəqin etdim ki, hər ikimizin qələmindəki qüdrət bir mənbənin-sənətə olan eşqin qüdrətidir. Mən sənin qələminin qüdrətinə heyran qalıb təslim olur, hünərinə hörmət bəsləyirəm. Çinli razılıq etdi:


- Mən də sənin hünərinə hörmət bəsləyirəm. 


Qarşılıqlı hörmət və məhəbbət hər iki rəssamın sənətinə daha da rövnəq, qələminə daha da şöhrət verdi.