Görkəmli şəxsiyyətlər

Qətran Təbrizi

Qətran Təbrizi Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuş, ilk təhsilini burada almış, elmin sirlərini isə Təbrizdə öyrənmişdir.

 

Qətran yaradıcılığa çox erkən başlamış, istedadı, bacarığı, gözəl şeirləri ilə məşhurlaşmışdır. Qətran gənc yaşlarında Təbrizdən Gəncəyə gəlmiş, Şəddadilər sarayında xidmət etmiş, böyük hörmət sahibi olmuşdur. O, ədəbiyyat tarixində farsca yazan ilk azərbaycanlı şair və XI əsrdə yaranan saray poeziyasının ən qüdrətli nümayəndələrindən biridir.

 

Məhəbbət mövzusuna, təbiət təsvirlərinə, müharibələrə, Təbrizdə baş vermiş zəlzələyə və digər hadisələrə aid çoxsaylı şeirləri, eyni zamanda hökmdarlara həsr etdiyi qəsidələri Şərq poeziyasına yeniliklər gətirmişdir. Şairin ədəbi irsi lirik şeirlər toplusu olan divanıdır. Hələ sağlığında əsərləri əlyazma halında yayılaraq yüksək qiymətə layiq görülmüşdür. Qətran Təbrizi ilk dəfə fars dilinin "Əttəfasir" adlı izahlı lüğətini yazmışdır. Zəmanəmizə qədər gəlib çatmış bu əsər dilinə, məzmununa görə olduqca dəyərli, əhəmiyyətlidir.

 

Şairin "Qövsnamə" adlı dastan yazdığı güman edilir. Qətran Təbrizinin ayrı-ayrı şeirlərində həyat, ölüm, insan haqqında düşüncələri ilə rastlaşır, xəyali fikirlər görürük. Əsasən saraylarda xoş güzəran keçirən şair bəzən qəlbinin dərinliklərində çağlayan ağrıları gizlədə bilmir, kədərə, qəmə qərq olur. Yüksək istedadı, ecazkar sənətkarlığı Qətranı hər yerdə tanıtmış, məşhurlaşdırmışdır. Özünün dediyi kimi, Xorasanda, İraqda günəş kimi parlayaraq əziz və şöhrətli bir sənətkar kimi sevilmişdir.

 

Qətran Təbrizinin yüksək sənətkarlıqla yazdığı əsərləri fars və türkdilli poeziyanın inkişafına müsbət təsir gösərmişdir. Qətran Təbrizi haqqında ilk məlumata tacik şairi Nasir Xosrovun 1047-ci ildə yazdığı "Səfərnamə" adlı əsərində rast gəlirik. Müəllif yazır: "Təbrizdə gözəl şeirlər deyən Qətran adlı bir şair gördüm. Mənə şeirlərini oxudu". XII əsrin məşhur şairi Rəşidəddin Vətvat "Şeirin incəliklərinə dair sirlər bağı" əsərində qeyd edir ki, mən Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, şairdirlər.

 

Məhəmməd Qufi özünün "Lübab ül-əlbab" əsərində yazır: "bütün şairlər qətrədir, Qətran isə dənizdir. Başqa şairlər zərrədir, o isə günəşdir. Onun qəsidələri zərif təcnislərdən ibarətdir". Şairin yaradıcılığı haqqında Cənubi Azərbaycan alimi Kəsrəvi geniş məlumat vermiş, tədqiqatlar aparmış, əsərlərini nəşr etdirmişdir. Digər alimlər M.Tərbiyət və Səif Nəfisi şairin yaradıcılığını araşdıraraq maraqlı fikirlər söyləmişlər. Qətranın Təbriz şəhərində saxlanılan divanı Cənubi Azərbaycanda yaşamış Hacı Məhəmməd Naxçıvani tərəfindən hicri tarixi ilə 1333-cü ildə Təbrizdə nəşr etdirilmişdir.

 

Səkkiz nüsxədən ibarət olan bu əsər indiyə qədərki nəşrlərdən ən dəyərlisidir. Bu divanın Azərbaycan dilində sətri tərcüməsi Azərbaycan Elmlər  Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda saxlanılır.

 

Qətran Təbrizinin divanı 1967-ci ildə Bakıda çap olunmuşdur. Azərbaycan, İran, türk, rus, Avropa alimləri şairin əsərlərinin tədqiqatını aparmış, həyat və yaradıcılığına aid monoqrafiyalar, məqalələr yazmış, çap etdirmişlər.