Çingiz Əlioğlu. Hesab dərsi
Gəl bir oyun oynayaq, –
Mən çıxan, sən çıxılan.
Görək qalıq nə olur,
Kimdir evi yıxılan…
Başqa bir oyun da var, –
Mən bölünən, sən bölən!
Elə endir baltanı
Uf deməsin bu ölən…
Bəs bu necədir səncə, –
Mən vurulan, sən vuran!
Səni qane edirmi
Hasil, söylə sən quran?!
Di gəl atam balası,
Axır tapdım çəmini!
Üstəgəldir əlası,
Birgə dadaq cəmini…