Atalar sözləri

Özünü tülkülüyə vurmaq

Özünü bicliyə, xәstәliyə vurmaq, hiylәgәrlik etmәk, ətrafdakıları aldatmağa çalışmaq

 

İfadə tülkü hiyləgərliyi ilə bağlı el arasında dolaşan rəvayətlərdən qaynaqlanır.

 

Tülkü bir çox xalqlarda hiylәgәrlik rәmzi hesab edilir. Azәrbaycan şifahi xalq ədəbiyyatında da bununla әlaqәdar tәmsillәr, nağıllar, rәvayәtlәr mövcuddur. Bu әsәrlәrdә, bir qayda olaraq, ağır, çıxılmaz vәziyyәtә düşən kimi tülkü özünü ölmüş göstərir vә bu üsulla canını qurtarır. Ovçu Pirim haqqında nağılda deyilir ki, o, toyuqlarını yeyən on bir tülkü vurub dәrilәrinә saman doldurmuş və mıxdan asmışdı. Daha bir tülkü toyuq aparmağa gәlәndә Ovçu Pirim onu güdür vә içәri girәn kimi qapını bağlayır. Tülkü isə tez özünü mıxdan asılmış tülkü dәrilәrinin arasına verir, ölmüş tülkülәr kimi mıxdan asılır. Ovçu Pirim diri tülkünü tapa bilmir. Lakin baxır ki, saman tәpilib asılmış tülkü dәrilәri on bir yox, on ikidir. O hәmin tülkünü mıxdan çıxarıb yerә qoyan kimi tülkü qaçıb aradan çıxır.

 

Ona görə də xalq arasında özünü xәstә kimi göstәrən, ətrafdakıları aldatmağa çalışan, hiylәgәrlik edən adamlar haqqında bu ifadə işlədilir.