Təbiət

Hindistanın Çiçəklər Vadisi Milli Parkı

Hindistanıın “Çiçəklər Vadisi Milli Parkı” – endemik çiçək çəmənliklərinin müstəsna təbii gözəlliyi ilə seçilən, zəngin flora və faunaya sahib yüksək dağlıq ərazidir.


Milli Park Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş və qeyri-adi gözəlliyin rəngləri, çəmənləri ilə məşhurdur. Təxminən 87,5 kv.m sahəni əhatə edir; uzunluğu 8 kilometr, eni isə 2 kilometr olan bir vadidir. 3500 - 4000 m hündürlükdə yerləşir. 

 

Bu ərazinin təbii gözəlliyini, unikal ekosistemini və biomüxtəlifliyini qorumaq məqsədilə 1982-ci ildə Çiçəklər Vadisinə Hindistan Milli Parkı statusu verilmiş, 1982-ci ildə “Güllər vadisi milli park” elan edilmişdir.

2004-cü ildə Nanda Devi Biosfer Qoruğunun bir hissəsi olmuş, 2005-ci ildə isə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 


Dünyaca məşhur Dağlıq Çiçəklər Vadisi 1931-ci ildə Frenk Smaytın başçılıq etdiyi bir qrup britaniyalı alpinist tərəfindən Kamet dağının zirvəsinə qalxarkən aşkar edilib. Yolda qrup güclü siklona məruz qalmış və hava şəraitindən qorunmaq üçün sığınacaq yer axtaran alpinistlər təsadüfən "inanılmaz gözəllik" ilə rastlaşmışlar. Gördüklərindən heyrətlənən Frank Smayt altı həftə vadidə qalmış və İngiltərəyə qayıdandan sonra "Güllər Vadisi" (Valley of Flowers) kitabını yazmışdır.

 

Dəniz səviyyəsindən 3658 metr yüksəklikdə, qarlı dağ zirvələri, qayalı dərələr, dağ çayları və şəlalələrlə əhatə olunmuş Çiçəklər vadisi ilin çox hissəsi qarla örtülü olur, lakin ilin başlanğıcı ilə, yəni yazda "oyanır" və iyul-avqust aylarında rənglərin qarışıqlığı və müxtəlif çalarları ilə diqqəti çəkən nəhəng çiçəkli xalça ilə örtülür. Buradakı bitkilərin çox qısa böyümə dövrü var - bəzi bitkilər solan kimi dərhal onun yerinə yeniləri görünür, lakin tamamilə fərqli rəng və çalarlarda, buna görə də Çiçəklər Vadisi çox vaxt "Canlı Göy Qurşağı" adlanır.


Musson mövsümündə vadi hər cür çiçəklərlə örtülür. Parkın ərazisində 600-dən çox subalp və alp bitkiləri bitir, onların çoxu endemik, nadir və ya nəsli kəsilməkdə olan növlərdir. 31 növ nəsli kəsilməkdə olan, digər 45 növ isə yerli sakinlərin gündəlik istifadə etdiyi dərman bitkiləridir. Son bir neçəsi tanrı Nanda Devi və digər tanrılara dini mərasimlər üçün istifadə olunur. Çiçəklər vadisində müxtəlif rəngli Zanbaq, Primula, Gülümbahar, Çobanyastığı, Əsməçiçəyi, Qızçiçəyi, Lalə, Səhləbkimilər, Çınqılotu, Uzun ömürlü çiçəklər, Ensizyarpaq xamerion, Toyçiçəyi, Himalay zəngçiçəyi, Bataqlıq Sunərgizi, Dağlaləsi və s. bitir.


Çiçəklər vadisinin faunası da nadir və nəsli kəsilməkdə olan növlərlə təmsil olunur - burada 13 növ məməli: Qar bəbiri, Himalay ayısı, Himalay müşk maralı, Sarı boğazlı sansar, Mavi qoyun- nahur, Himalay tarı və s. və 114 növ quş və bir çox kəpənək növü yaşayır.


Dünyanın hər yerindən minlərlə turist yay aylarında təbiətin yaratdığı “canlı” gül xalçasını öz gözləri ilə görmək üçün Güllər vadisinə gəlir. Parka gələnlər üçün turizm marşrutu hazırlanmışdır. Çiçəklər vadisinə gələnlər burada gecələyə, düşərgə qura və maşınla parkın ətrafında hərəkət edə bilməz və hava qaralmadan parkı tərk etməlidirlər! Parkı ziyarət etməzdən əvvəl parkı ziyarət etmək üçün icazə almalı və giriş haqqını ödənilməlidir!