Təbiət

Dünyanın ən böyük bataqlığı - Pantanal

Braziliyanın cənub-qərb hissəsində, Paraqvay çayının yuxarı axarında yerləşən və sıx bitki örtüyü ilə örtülmüş təxminən 150 min km² ərazini əhatə edən “Pantanal” – dünyanın ən nəhəng bataqlıq ərazisidir. İnzibati cəhətdən böyük hissəsi Braziliya, az bir qismi Paraqvay və Boliviya ərazisində yerləşir. Əslində, bu, iki çayın - Paraqvay və Kuyabanın deltalarını birləşdirən və daimi daşqınlar nəticəsində nəhəng bataqlığa çevrilən tektonik çökəklikdir. Bataqlığın sahəsi 138,183 km²-dir. Bu göstəriciyə görə dünyanın ən böyük bataqlaşmış ərazisindən biridir.

 

Pantanal ən böyük şirin su bataqlığıdır və dünyanın bütün bataqlıq ərazilərinin təxminən 3%-ni təşkil edir.

 

Bu gün Pantanal nadir bitkilərin bitdiyi, nəhəng ekzotik kəpənəklərin, nadir quşların və heyvanların yaşadığı unikal qorunan ərazidir. UNESCO Pantanalı "bütün bəşəriyyətin təbii irsi" və "biosfer qoruğu" elan edib. Pantanal Milli Parkı 2 sentyabr 1981-ci ildə yaradılıb, lakin yalnız 1993-cü ildə qoruq elan edilib.

 

Bataqlıq 50−70 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Şərqdən və cənub-şərqdən Braziliya yaylası ilə əhatə olunub. Canlılar aləmi ilə zəngindir: burada 3500 növ bitki, 650 növ quş, 230 növ balıq, 80 növ məməli, 50 növ sürünən yaşayır. Üstəlik onu da qeyd etmək lazımdır ki, bölgə 20 milyon timsahın evidir.

 

Milyonlarla ildir ki, Pantanalın xüsusi iqlimi (yayda nəm və isti, qışda quru və sərin) yalnız bu bölgə üçün xarakterik olan unikal flora və faunanın inkişafına kömək etmişdir. Noyabr ayında başlayan yağışlı mövsümdə tropik leysanların təsiri altında Paraqvay çayının qolları sahillərindən daşır, çoxsaylı laqunlar və digər su anbarları daşaraq Pantanalı nəhəng şirin su okeanına çevirir (bataqlıığın ərazisi Fransa ərazisinə bərabərdir). Bununla belə, çöl bitkiləri və ya ağacları ilə örtülmüş yaşıl adalar suyun səthinin üstündə qalır. Bu təbiət hadisəsi sayəsində Pantanal yer kürəsinin bioloji cəhətdən ən zəngin ərazilərindən biri hesab olunur. Daşqınlar zamanı su axınları qarışır - yerli torpaqlar təzələnir və zənginləşir, təkcə su sakinlərinə (təxminən 250 növ balıq var) deyil, həm də burada həmişə kifayət qədər qida olan quşlara, sürünənlərə və məməlilərə həyat verir. May ayında, su azaldıqda, əl ilə su anbarlarında balıq tutmaq mümkündür! Pantanalın ərazisində-  nəhəng çay su samurları, yaquarlar, bataqlıq maralları, tapirlər, anakondalar, meymunlar, timsahlar, dünyanın ən böyük gəmiriciləri, 90-a yaxın sürünən növü yaşayır.

 

Pantanal bataqlıqlarının florası iki fitoekoloji bölgənin - mövsümi meşələrin və savannaların birləşməsinə görə çox müxtəlifdir.

 

Pantanal bataqlıqlarında planetin ən böyük tutuquşu Anodorhynchus yaşayır.

 

Hər il 1 milyondan çox turist heyvan və bitki aləminin nümayəndələrini birbaşa görmək üçün Pantanalı ziyarət edir.

 

Pantanal dünyanın ən böyük tropik bataqlıqlarından biri olsa da, bu gün bütün ərazinin 5%-dən az hissəsi qorunur.