Təbiət

Tropik Braziliya meşələrinin daimi sakini - Yabiru mikteriya

Braziliya yabirusu (Jabiru mycteria) – Cənubi Amerikada, Meksikanın cənubundan Uruqvaya və Argentinanın şimalına qədər ərazidə yayılan leyləkkimilər dəstəsinə aid quş növüdür.

 

Yabiru çay və gölməçələrin yaxınlığında böyük qruplarda yaşayır. Balıq, molyuska və suda-quruda yaşayanlarla qidalanır. Qida rasionunu bəzən sürünənlər, quş yumurtaları və kiçik məməlilər təşkil edir. O, hətta quru mövsümdə leş və ölü balıqları belə yeyir. Qrup şəklində yem axtarışına çıxır. Dayaz suda yem axtarmağa meyllidir.

 

Braziliya yabirusu rənginə, görünüşünə və ekologiyasına görə Asiya yabirusuna bənzəyir, lakin daha kütləlidir: uzunluğu 1,2 metrə, qanadları təxminən 2,6 metrə, dimdiyinin uzunluğu 30 sm-ə çatır, çəkisi isə 8 kq-a qədərdir.

 

Ayaqları, dimdiyi, başın çılpaq dərisi və boyun hissəsi tünd qara, lələkləri is əsasən ağ rəngdədir. Qara və ağ rəngləri bir-birindən boynun alt hissəsindən keçən parlaq qırmızı rəngli dəri ayırır. Maraqlıdır ki, dişi fərdlərin gözlərinin rəngi sarı, erkək fərdlərin isə qaradır. Braziliyalı yabiru boynundakı hava kisəsini şişirməyi bacarır.

 

Orta ömrü - 36 ildir.

 

Həyat tərzi baxımından yabiru bir qədər bizim leyləkləri xatırladır. Onların cütləri sabitdir; quşlar diametri 1,5 m-ə qədər olan böyük yuvaları budaqlardan, hündür quru ağacların üzərində və ya bir-birindən uzaq olan palma ağaclarının zirvələrində qururlar, eyni yuva bir neçə il istifadə olunur. Ərazinin genişliyindən asılı olaraq, yuva qurma yağışlı mövsümdən sonra, adətən avqustun ortalarından başlayır. Hər yuvada 2-3 yumurta olur, lakin bəzən 5-ə qədər yumurta ola bilər. Hər iki valideyn quş növbə ilə yumurtaları inkubasiya edir. İnkubasiya təxminən 30 gün davam edir, cücələrin qidalanması 95 günə qədər davam edir və noyabrın sonunda, quru dövrün əvvəlində bala yuvanı tərk edir.

 

Yaşayış yerlərinin intensiv şəkildə mənimsənilməsi bu quşların sayının azalmasına səbəb olmuşdur. Quşa, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən 1988-ci ildə təhlükə altında olan statusu verilib.

 

Onların Mərkəzi Amerikada xüsusilə təhlükə altında olan vəziyyəti müşahidə olunur: burada yalnız yüzə yaxın quş sağ qalıb və onların da çoxu yuva qurmur. Xüsusilə, son illərdə Belizdə cəmi 9 yuva və yalnız 25 quş qeydə alınıb, Kosta Rikada 40-a yaxın yabiru və 7 yuva məlumdur. Meksikanın cənubunda, Hondurasla sərhəd yaxınlığında, çox güman ki, çoxalmayan, köçəri fərdlər olan 20-30 quş qeydə alınmışdır.