Nağıllar, hekayələr

Hökmdar qardaşlar

Biri var idi, biri yox idi, bir padşahın iki oğlu var idi. Böyük oğulun adı Teymur, kiçiyinki Səməd idi. Teymur qoçaq və bacarıqlı idi, dövlət işlərində atasına kömək edirdi. Səməd isə tənbəl idi. Bütün gününü kefdə, eyşişrətdə keçirirdi.

 

Vaxt keçdi, vədə çatdı, padşah ölüm yatağına düşdü. Oğullarını yanına çağırıb dedi:

 

- Mən ömür boyu əlləşib-vuruşub böyük dövlət yaratmışam. İndi axirət dünyasına köçürəm. Amma istəmirəm ki, məndən sonra aranızda hökmranlıq uğrunda ədavət düşsün. Ona görə də ölkəmin ərazisini və xəzinəni tən yarı bölüb hərənizə bir yarısını verirəm.

 

Bunu deyib padşah gözlərini həmişəlik yumdu.

 

Bəli, oğulların hərəsi öz dövlətini idarə etməyə başladı. Teymurun dövləti gündən-günə güclənirdi. Səməd isə, həmişəki kimi, öz kefində idi: ova gedir, kef məclisləri qurur, dövlət işləri ilə məşğul olmurdu. Onun dövləti getdikcə zəifləyir, aclıq, səfalət baş alıb gedir, ordu dağılırdı. Nəhayət, düşmən padşahlardan biri dövlətin zəiflədiyini görüb Səmədin ölkəsinə hücum çəkdi. Onun qoşununu pərən-pərən salıb ölkəni ələ keçirdi.

 

Səməd güclə canını qurtarıb böyük qardaşının ölkəsinə üz tutdu. Uzun məşəqqətdən sonra gəlib onun şəhərinə çatdı. Saraya gəlib qardaşı ilə görüşdü. Başına gələnləri ona danışdı. Teymur qardaşını dinlədikdən sonra əmr etdi ki, ona 100 qoyun versinlər, gedib çöldə otarsın. Sonra üzünü qardaşına tutdu:

 

- Qardaş, sürüyə yaxşı bax. Qoyunların südü, yağı sənə qalsın. Nə balaladılar, sənindir. Amma üç ildən sonra mən 100 qoyunumu geri alacağam.

 

Böyük qardaşının bu “mərhəmət”indən acığa düşən Səməd nə edəcəyini bilmirdi. Amma çarəsiz idi. Ona görə də sürünü qabağına qatıb çobanlıq eləməyə başladı.


Bir gün qoyunları otararkən Səməd ağacın kölgəsində uzanıb yuxuya getdi. Bu vaxt canavarlar sürüyə daraşıb qoyunların axırına çıxdı. Səməd yuxudan oyanıb gördü ki, qoyunlardan bir dəri qalıb, bir də sür-sümük. Kor-peşman qardaşının yanına gəlib hal-qəziyyəni ona danışdı və dedi:

 

- Qardaş, mənim heç bəxtim yoxdur.

 

Teymur acıqla ayağa qalxıb qışqırdı:

 

- Mən sənə axırıncı dəfə kömək edib 50 qoyun verəcəyəm. Amma sözümüz sözdür: üç ildən sonra indiyə qədər verdiyim qoyunların hamısını geri qaytarmalısan. Qaytara bilməsən, bir də yanıma gəlmə.

 

Səməd başa düşdü ki, bu dəfə də məsuliyyətsiz olsa, gedib dilənçilik etməli olacaq. Ona görə də gecə-gündüz yatmadı, qoyunların başına fırlandı. Südünü sağdı, yağ elədi, yağı satdı, təzə qoyunlar aldı. Üç ildən sonra onların sayını iki yüzə çatdırdı.

 

Üç ilin tamamında Səməd qardaşına çatacaq qoyunları qabağına qatıb saraya gəldi. Teymur ayağa qalxıb qardaşını qucaqladı və dedi:

 

- Hə, qardaş, indi sən gedib öz ölkəndə hökmdarlıq edə bilərsən.

 

Səməd hirsli-hirsli dedi:

 

- Qardaş, mən sənə demədimmi ki, qonşu padşah hücum çəkib mənim ölkəmi tutub?! İndi mən öz ölkəmə necə qayıda bilərəm?

 

Teymur cavab verdi:

 

- Səməd, bil və agah ol. Müharibə xəbərini eşidən kimi mən öz qoşunlarımı sənə köməyə göndərdim, amma onlar ora çatanda artıq iş işdən keçmişdi, sən ölkədən qaçmışdın. Mənim sərkərdəm düşmən padşahla döyüşə girib onu məğlub etdi və ölkədən qovdu. İndi üç ildir, səni gözləyir ki, taxt-tacı əsl hökmdara təhvil versin.

 

Bu sözləri eşitcək Səmədin sevincdən gözləri yaşardı. Böyük qardaşının əlindən öpüb dedi:

 

- Sağ ol, qardaş. Ancaq başa düşmürəm, niyə məni görən kimi bunları demədin?

 

Teymur gülümsünüb cavab verdi:

 

- Əziz qardaşım, mən əmin olmaq istəyirdim ki, sən özün bundan sonra ölkəni müdafiə edə biləcəksən. Axı bir sürü qoyunu qoruyub saxlaya bilməyən adam ölkəni idarə edə bilməz.