Dünyada iki parıltı var idi. Bunlar elə parıltılar idi ki, hansı əşyanı istəsələr parıldada bilirdilər. Hətta adamları da parıldatmaq olurdu. Parıltılar bir gün dalaşdılar. Dalaşmalarının da səbəbi lap adi bir şey oldu. Böyük Parıltı dedi:
—Məncə dünyanın bütün əşyaları ancaq xoşbəxtlikdən parıldayır. Bir bax, dənizlər, pəncərələrin şüşələri, şeh damlaları, otlar, çiçəklər necə alışıb yanır! Kiçik parıltı bacısının dediklərinə etiraz etdi:
—Səhvin var. Bütün parıldayanlar xoşbəxt deyil.
Onların içində eləsi var ki, öz bədbəxtliyini gizlətmək üçün parıldayır.
Bax, burada saçyoldusu başladı. Böyük bacı balacanın saçından necə tutdusa yazıq az qaldı ki, parıltısını itirsin. Onlar həmin gündən tək gəzirlər. Böyük bacı xoşbəxtləri parıldatmaqdan ötrü hər tərəfı gəzir və belə adamları tapan kimi onlara yapışır və parıldayır. Balaca bacı dünyanın ən bədbəxt adamlarını tapır. Bu adamlar özlərini başqalarının yanında sındırmamaq üçün daha yaxşı geyinib-gecinir ki, camaat onun bədbəxt olduğunu bilməsin.
Balaca bacı bir dəfə dünyanın ən bədbəxt adamı ilə tanış oldu. Onun əri padşah idi. Ərinin də qırx arvadı vardı.
Doğrudur, padşah arvadlarının hamısını parıldada bilirdi. Onların hamısının boynunda qızıl boyunbağılar, barmaqlarında dünyanın ən qiymətli brilyantları, qulaqlarında sırğalar vardı. Bu bədbəxt gəlinin isə dağlarda sevgilisi qalmışdı. Padşah onu görən kimi xoşlamış və sarayına gətirmişdi. Lakin bu gəlin dağlarda qalan çobanı gözləyirdi. Amma özünü bədbəxt kimi aparmamaq üçün ən-qiymətli daşlarla bəzənirdi ki, adamlar duyuq düşməsin.
Balaca parıltı onun bədəninə yapışan kimi bu gəlin elə parıldadı ki, hətta xoşbəxtlikdən parıldayan o biri gəlinlər onun paxıllığını çəkməyə başladılar.
—Siz bu bəxtəvərə baxın, — deyə padşahın köhnə arvadları qəm-qüssəyə batdılar və onu yandırmaq üçün yalandan parıldamaq istədilər. Bu zaman böyük Parıltı onların üstündən qopub qaçdı. Balaca bacı bədbəxtlikdən parıldayan bu arvadların hamısına sahib oldu. Qəribə burasıdır ki, insanlar da tam başa düşdülər ki, xoşbəxt olanda qətiyyən parıldamağa çalışmaq lazım deyil. Xoşbəxtliyin özü elə parıltı kimi bir şeydir və uzaqdan adamı cəlb edir.
İndi kiçik bacının işi yaxşı gedir. Böyük bacı da özünə iş tapıb. Dünyanın ən qiymətli incilərini, şehləri, dənizləri, şüşələri, otları, yarpaqları parıldadır. Bir sözlə, kiçik bacı insanlarla dostluğa başlayır, böyük bacı isə təbiətin dostudur. Bəs bu parıltıların hansı
yaxşıdır? Bax, orasını gərək özün ayırd edəsən.
07.04.2023