Nağıllar, hekayələr

Zahid Xəlil. Pul şəhərinin əhvalatları

Biri var idi, biri yox idi, bir pul şəhəri var idi. Həmin bu pul şəhərində Şahı şahlıq edirdi. Günlərin bir günü bu Şahı fikirləşdi ki, bir halda ki, mən şaham, onda gərək ləqəbim də olsun. Yoxsa ləqəbsiz də şah olar? Axırda belə qərara gəldi ki, özünə Abbası ləqəbi götürsün. Doğrudur, tarixdə onun adına və ləqəbinə uyğun bir şah da yaşamışdı: Şah Abbas. Amma diqqətlə fikir versəydiniz bu şahın həm adının, həm də ləqəbinin axırına bir "ı" hərfı artırılmışdı ki, bunun da mən bilən çox böyük mənası vardı.


Əvvəla Şahı Abbası pul şəhərinin şahı idi. İkincisinə qalanda onun fıkrincə o, Şah Abbasdan çox-çox ədalətli idi. Elə bugünkü nağılımız Şahı Abbasının ədalətli işləri haqqındadı.


Elə ki, şahlıq tacını başına qoydu, əvvəl belə bir ədalətli qərar çıxardı. Bütün Şahılar, üçqəpikliklər, ikiqəpikliklər və birqəpikliklər saraya işləməyə dəvət olunur. Çünki Şahı Abbasının fıkrincə bu pullar onun nəslindən idi və şah gərək öz nəslinin qədrini biləydi. Şahın dəvət etdiyi adamlar saraya toplaşandan sonra qohum əqrəbaları şahın ləqəbindən narazılıq etməyə başladılar. Necə ola bilərdi ki, bu qədər qohum əqrəbası olan bir şah özünə Abbası ləqəbi götürsün. Axı sarı rəngli pullardan birini ləqəb götürmək olardı. Məsələn, Üçqəpiklik. Nəyi pis idi hə? Yox, bu şah deyəsən ağlını itirmişdi. Abbası nə pul idi ki, onu da özünə ləqəb götürsün. Axırda qohumlar arasında dedi-qodu o qədər genişləndi ki, gedib şahın qulağına çatdı. Şah qohum-əqrəbalarını başına yığıb dedi:
—Bilin və agah olun. Mənim sizdən başqa qohumum  yoxdur. Abbası ləqəbini isə ona görə götürmüşəm ki, qeyri ölkələrin şahları məni qohumbazlıqda təqsirləndirməsinlər. İndi isə mənim əmrimə qulaq asın. Ölkədəki bütün pullar siyahıya alınmalıdır. Kim nə işlə məşğuldur. Kimin əlindən nə gəlir və s. Axı bizim şahımızın özü bir iş görməlidir ya yox? Kənardan baxan elə bilər ki, əlimizdən padşahlıq-zad gəlmir.

 


Qohumlar özlərinin işgüzarlığını bir-birinə sübut etmək üçün əl-ayağa düşdülər. Əvvəl bazarı nəzərdən keçirməyə başladılar.


Ay aman, bazarda nə dəhşətli işlər baş verirmiş. Əgər şahın adamları vaxtında bu işlərdən xəbər tutmasaydılar görəsən nə olardı. Əvvəl qapının ağzında cındır geyimli bir adamla qarşılaşdılar:
—Ey, adın nədir?
—Qızıl, — deyə həmin cındır geyimli adam dilləndi.
—Qızıl? — deyə birqəpiklik mümkün qədər özünü dartdı ki, onun daha qiymətli olduğunu başa düşsünlər. — Yaxşı, ey qızıl, de görək nə işlə məşğul olursan.
—Mən torpaq adamıyam. Əkirəm, biçirəm, gətirib bazarda satıram.
—De görək buğdanın pudunu neçəyə verirsən?
— Kilosu bir şahıdı. Çox götürsən, tonunu bir qızıla verə bilərəm.
—Axmaq qoca, — deyə birqəpiklik necə hirsləndisə üç dəfə fırlandı. — Bu necə bazardı belə?! Deməli kilosunu bir şahıya, tonunu bir qızıla? Nə danışdığını bilirsən? Bəs sən başa düşmürsən ki, əksinə danışmalısan. Məsələn belə: kilosu bir qızıl, tonu bir şahı. Şahı qızıldan bahadı axı. Cındır geyimli kişi birqəpikliyin sözünü ağzında qoydu.


—Oğul, sən hələ cavansan, ona görə də pulları yaxşı tanımırsan. Şahı nədi ki, qızıldan qiymətli ola. Ağzında qızıl deyirsən.
—Gör bir nələr eşidirəm? — deyə üçqəpiklik qıyya çəkdi. — Necə yəni qızıl şahıdan bahadı?! Məgər sizə xəbər verməyiblər ki, Şahı ölkənin padşahıdı. Sən, cındırından cin ürkən qoca, Şahdan qiymətlisən?
 


Bundan sonra daha bazarda başqaları ilə söhbət etməyinə dəyməzdi. Saray adamları bazara necə əl gəzdirdilərsə bir də baxdılar ki, təkcə özləri qalıb.
—Bu başqa məsələ, — deyə bayaqdan söhbətlərə səbirlə qulaq asan ikiqəpiklik dilləndi. — İndi istədiyimiz qiymətləri yaza bilərik.


Onlar təcili yaxşı bir qiymət yazan tapıb gətirdilər.


Bazarın qiymətini müəyyənləşdirdilər. Balın kilosu bir şahı, Yağ üç qəpik. Ayranın kilosu bir qızıl, suyun stəkanı beş qızıl.


Belə-belə qiymətlər yazılıb görkəmli bir yerdən asıldı. Onlar köhnə bazara təzə qiymət qoyub üz qoydular şəhərə. Başladılar adamların danışığına qulaq asmağa. Adamlar nə biləydilər ki, bu saat bir qəpiklər və üçqəpiklər qulaqlarını şeşələyib onların bütün sözlərinə qulaq asırlar. Bu, onların ağlına gəlsəydi yəqin ki, danışmazdılar.


Ağac kölgəsində əyləşib öz müəllimini tərifləyən bir kişi əllərini ölçə-ölçə deyirdi:
—Canım, o müəllim deyildi, qızıl idi ey, qızıl! Bu sözləri eşidən uçqəpiklik ağacın dalından çıxıb necə bağırdısa danışan adamın bağrı yarıldı.
—Sənin sözündən belə çıxır ki, o dediyin adam pis adam idi, hə?
—Yox canım, — deyə o başının tükləri çoxdan tökülmüş uzunburun kişi gözlərini qıyıb gülümsəməyə başladı:
—Nə danışırsınız, mənim müəllimim qızıl kimi qiymətli idi.
—Sizin xəbəriniz yoxdu ki, ölkənin başçısı Şahı Abbasıdı? Bəs belə olan bir vaxtda siz bilən qızıl qiymətlidi, yoxsa şahı?


Bax, deyəsən bu çətin məsələ oldu. Daz adam başının keçəlini qaşıyıb dərin fıkrə getdi. O, işin nə yerdə olduğunu anladı və birdən şaqqanaq çəkib güldü.
—Bilirsiniz, əgər mən müəllimimi şahıya oxşatsaydım onu çox şişirtmiş olardım.

—Bu başqa məsələ, — deyə üçqəpiklik çıxıb getdi.


Bir azdan bütün şəhərə yayıldı ki, danışığa qulaq asırlar.


Camaat bir-biri ilə söhbət etməyi tamam kəsdi. Şahı Abbasının adamları nə qədər vurnuxdularsa söhbət edən bir adama rast gəlmədilər. Axırda qabaqlarına çıxan bir adamdan soruşdular:
—Bura bax niyə söhbət eləmirsiniz?


Həmin adam şişmiş оrdunu göstərib susdu. Birqəpiklik onun dişinin şişdiyini güman edib soruşdu:
—Dişin ağrıyır?


Həmin adam dodaqlarını bir-birinə çıxıb başı ilə işarə etdi ki, yox.
—Bəs onda nə olub?


Birqəpikliyin qarşısına çıxan adam Abbası idi. Şahın təxəllüsünün Abbası olmasına baxmayaraq bu ölkədə abbasıların qətiyyən hörməti yox idi. Abbası birqəpikliyin özünü dartıb şax dayanmasına baxdı və birdən özünü saxlaya bilməyib güldü. Yalnız bu zaman birqəpiklik onun ağzından su süzüldüyünü gördü. Deməli, ölkənin adamları ağızlarına su almışdılar ki, bir-biri ilə danışmasınlar.


Bu şəhərin adamları o qədər danışmadılar ki, axırda danışmağı tamam yadırğadılar. Sizə deyim ki, indi o vaxtdan görün nə qədər illər keçib. Dünyaya çoxlu Abbasılar gəlib-gedib. Amma pullar danışmağı tamam unudublar. Onlar ən yaxşı halda cingildəyirlər. Və belə cingildəməklə vaхtilə danışa bildiklərini kədərlə xatırlayırlar.