Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. VI fəsil

SEHRBAZLIQ VƏ QADIN FÜSUNKARLIĞI

Bazar ertəsi səhər Tom yuxudan oyandıqda özünü tamamilə bədbəxt hiss edirdi. Bazar ertəsi səhərlər həmişə belə olurdu, çünki bu gündən məktəbdə yeni əzab və əziyyətlər həftəsi başlanırdı. Hətta bazar ertələri o fikirləşirdi ki, arada heç istirahət günü olmasa yaxşıydı, onda bu həbsxana və buxovlar adamda belə nifrət oyatmazdı. Tom yerinin içində uzanıb fikirləşirdi. Birdən onun ağlına gəldi ki, xəstələnsəydi heç pis olmazdı; onda məktəbə də getməyə bilərdi. Onun gözləri qarşısında dumanlı bir çıxış yolu açılmağa başladı. Təpədən-dırnağadək özünü müayinə etdi. Lakin heç bir yerində ağrı hiss etmədi. O yenidən müayinəyə başladı. Bu dəfə Toma elə gəldi ki, onda qarın ağrısının bütün əlamətləri vardır, ona görə də bütün ümidini qarın ağrısına bağladı. Ancaq bu əlamətlər get-gedə zəifləyirdi, nəhayət, tamamilə yox oldu. O yenə fikirləşməyə başladı və tezliklə başqa bir şey tapdı. Onun üst dişi laxlayırdı. Tom müvəffəqiyyətinə görə özünü təbrik edərək elə yenicə zarımağa başlamaq istəyirdi ki, birdən yadına başqa bir şey düşdü: indi diş ağrısından şikayətlənərək xalanın yanına getsə, o tutub Tomun dişini çıxaracaq ki, bu da çox ağrılı olur; dişi hələlik ehtiyat üçün saxlayıb başqa bir şey axtarmağı qərara aldı. Uzun müddət heç bir şey tapa bilmədi, birdən həkimin bir dəfə hansı xəstəlik haqqındasa danışdığı yadına düşdü; həmin xəstəlik zamanı adamı iki-üç həftə yorğan-döşəkdən durmağa qoymurlar, yoxsa xəstə tamamilə barmaqsız qala bilər. Tom elə o saatca ağrıyan barmağını, üstünə çəkdiyi döşəkağının altından çıxarıb diqqətlə gözdən keçirməyə başladı. Ancaq həmin xəstəliyin nə kimi əlamətləri olduğunu bilmirdi. Bununla belə, qərara aldı ki, təcrübə etmək pis olmaz, ona görə də var gücü ilə zarıldamağa başladı. Sid isə heç bir şey hiss etmədən möhkəm yatmışdı. Tom zarıltı səsini daha da ucaltdı, indi ona elə gəldi ki, barmağı doğrudan da ağrımağa başlayır. Sidin heç vecinə də deyildi. Tomun güc sərf etməkdən nəfəsi daralmışdı. O nəfəsini dərdi, sonra qüvvəsini toplayıb dalbadal bir neçə dəfə ucadan inildədi. Sid hələ də xoruldayırdı. Tomun lap acığı tutdu: "Sid, Sid!" - onu silkələməyə başladı. Bunun, əlbəttə, təsiri oldu, Tom yenə də zarıldamağa başladı. 


Sid əsnədi, gərnəşdi, asqırdı, sonra yerimin içində dirsəklənərək Toma baxmağa başladı. Tom zarıltısını kəsmirdi. Sid onu çağırdı: 

- Tom! Bura bax, Tom! Cavab çıxmadı. 
- Tom, səninlə deyiləm? Tom! De görək, sənə nə olub! 
- Sid onun çiyinlərindən yapışaraq qorxmuş halda üzünə baxdı: 
- Əl çək, Sid. Mənə dəymə, - deyə Tom inildədi. 
- Axı sənə nə olub, Tom? 
Xalamı çağırım? 
- Yox, lazım deyil. Bəlkə öz-özünə çıxıb getdi. Heç kəsi çağırma.
- Necə yəni çağırma! Sakit ol, Tom, belə dəhşətlə inildəmə! Çoxdanmı bu vəziyyətdəsən?
- Bir neçə saatdır. Uf! Uf! Yavaş tərpən, Sid, məni öldürərsən! 
- Tom, bəs niyə məni durğuzmadın? Tom, bəsdir. Adam sənin səsini eşidəndə canına üşütmə düşür. Tom, axı sənə nə olub? 
-Mən hər şeyi sənə bağışlayıram. Si... (İnilti). Mənə elədiklərinin hamısını. Mən öləndə... 
- Uf, Tom, axı sən ki, ölmürsən? Bunlar nəyə lazımdır, Tom, səsini kəs! Hələ bəlkə... 
- Mən hamını bağışlayıram, Sid... (İnilti) Onlara elə beləcə də deyərsən, Sid. Bir də, Sid, mənim pəncərə çərçivəmlə balaca təkgöz pişiyimi o təzə gələn qıza ver, de ki... 

 

Lakin Sid paltarını qoltuğuna vurub yox oldu. 

Tom indi doğrudan da əzab çəkirdi, xəyalən elə coşmuşdu ki, zarıltısı lap təbii çıxırdı. Sid pilləkənlə üzüaşağı diyirlənib qışqırdı: 

- Polli xala, ay Polli xala, tez olun gəlin! Tom ölür. 
- Ölür? 
- Hə, xala, ölür... 
Bəs niyə durmursunuz? Tez qaçın gəlin! 
- Boş şeydir! İnanmaram. Bununla belə, o, quş kimi bircə anda pilləkəni çıxdı, Sid ilə Meri də onun dalınca qaçdılar. 

Arvadın sifəti ağappaq ağarmışdı, dodaqları əsirdi. Yatağın yanına çatdıqda onun dili çətinliklə söz tutdu: 

- Tom! Tom, sənə nə olub? 
- Uf, xala, mən... 
- Sənə nə olub, Tom? De görüm, başına nə iş gəlib, mənim balam? 
- Oy, xala, barmağım qanqrena olub! Polli xala özünü stula yıxıb əvvəlcə güldü, sonra ağladı, sonra isə həm ağladı, həm güldü. Bu, ona bir qədər qüvvət verdi, o dedi: 

- Tom, bu nə oyundur başıma açırsan! Bu sarsaq fikri başından çıxart, dur ayağa. Zarıltı kəsildi, barmağın ağrısı tamamilə sakit oldu. Tom özünü çox sarsaq vəzıyyətdə görüb dedi: 

- Polli xala, mənə elə gəldi ki, bu, qanqrenadır, özü də elə bərk ağrıyırdı ki, dişim yadımdan çıxdı. 

- Belə de! Bəs dişinə nə olub? 
- Yuxarıda bir dişim tərpənir, elə də ağrıyır ki, az qalır ağlım başımdan çıxa. 
- Hə, hə, yaxşı, bir də zarıldamaq fikrinə düşmə! Ağzını aç... Hə, elədir, dişin tərpənir, ancaq hələ indiyə qədər bundan ölən olmayıb. Meri, get mənə bir tel ipək sap, bir də mətbəxdən bir kösöv gətir.
Tom dedi: 
- Oy, xala, çəkmək lazım deyil! İndi ağrisı kəsib, daha qətiyyən ağrımır. Xahiş edirəm, dəymə. Fərqi yoxdur, onsuz da məktəbə getməliyəm. 

 

- Ah, onsuz da gedəcəksən, belə de! Demək, bütün bu firıldaqları ona görə qurubsanmış ki, məktəbə getməyəsən, onun əvəzində çaya çimməyə əkiləsən, hə? Ah, Tom, Tom, mən səni bu qədər istəyirəm, sən isə özünün bu vəhşi hərəkətlərinlə məni lap öldürürsən! Diş çıxarmaq üçün lazım olan karastılar artıq hazır idi. Polli xala ipək sapdan bir ilgək qayırdı, onu ağrıyan dişə keçirtdi, o birisi ucunu da çarpayıya bağladı. Sonra alovlu kösövü əünə götürüb az qaldı uşağın gözünə soxa. Tom, geri çəkildikdə diş yerindən çıxıb, sapın ucunda asıla qaldı. Lakin hər bir işgəncənin əvəzində insan mükafat almalıdır. Səhər yeməyindən sonra Tom məktəbə gedərkən, qabağına çıxan uşaqların hamısı ona həsəd aparırdı, çünki dişinin üst cərgəsində indi bir deşik əmələ gəlmişdi. Onun vasitəsi ilə yeni və çox gözəl bir qaydada tüpürmək olardı. Bu yeni kəşflə maraqlanan bir sürü uşaq Tomun dalınca qaçırdı. İndiyədək hamının təriflədiyi, pərəstiş etdiyi barmağı yaralı oğlan isə keçmiş şöhrətindən məhrum olub təktənha qaldı. O, bundan çox bikeflədi, ancaq etinasızcasına dedi ki, Tom Soyyerin təzə qayda ilə tüpürməsində elə maraqlı bir şey görmür, başqa bir oğlan isə ona cavab verdi ki, "pişiyin əli ətə çatmır!". 

 

Nüfüzdan düşmüş qəhrəman pərt olaraq çəkilib getməli oldu. Tezliklə Tom bütün şəhərdə tanınmış bir sərxoşun oğlu Heklberri Finnə rast gəldi. Nəcib anaların Heklberri Finndən zəhləsi gedir, ona ürəkdən nifrət bəsləyirdilər, çünki Hek tənbəl, nadinc bir uşaq idi və heç kəsin sözünə baxmırdı; bir də ona görə ki, uşaqların Hek üçün ürəkləri gedirdi, Heklə oynamaları qadağan edilməsinə baxmayaraq, həmişə onunla görüşməyə çalışır və onun kimi olmağa ürəkdən səy edirdilər. 

 

Bütün nəcib ailələlərdən olan uşaqlar kimi Tom da bütün günü veyil-veyil gəzib dolaşan Heklbeniyə həsəd aparırdı. Heklə oturub-durmaq Toma da bərk-bərk qadağan edilmişdi. Məhz buna görə də Heklə oynamaq üçün o, hər fürsətdən istifadə edirdi. Heklberrinin əynində həmişə başqasının çıxarıb atdığı köhnə paltar olardı, üst-başı həmişə ləkəli, yağlı olub, cırcındırı sallanırdı. Külək vurduqca cındırları yellənərdi. Şlyapa əvəzinə başına birtəhər, əzik-üzük iri bir şey keçirərdi, onun kənarından aypara şəklində iri bir parça qoparılmışdı. Əynində gödəkcəsi olurdusa, ətəyi az qalırdı dabanlarına dəysin, dalındakı düymələr belindən çoxçox aşağıda dururdu; tək aşırmayla dayanan şalvarı daldan torbalanardı, balaqlarını isə dizdən yuxarı çırmalamadıqda, sallanıb palçığın içində üzərdi. Heklberri heç bir kəsdən soruşmadan kefi istəyəni edirdi. 

 

Quru havada birisinin balkonunda gecələrdi, yağış yağdıqda isə, boş bir çəllək tapıb, onun içində yatardı. Ona nə məktəbə getmək, nə kilsəyə getmək, nə də birisinin sözünə baxmaq lazım gəlirdi. Kefi istədikdə balıq tutar, harada istəsə çimər, doyunca çayda qalardı. Dalaşmağı heç kəs ona qadağan etmirdi, lap gecədən xeyli keçənə qədər yatmaya bilərdi. 

 

Bahar vaxtı birinci olaraq ayaqyalın küçəyə çıxar və payızda hamıdan sonra ayağına ayaqqabı geyinərdi. Ona nə yuyunmaq, nə də tərtəmiz geyinmək lazım idi, söyüşməkdə də ki, böyük məharəti var idi. Bir sözlə, bu cırcındırlı səfil uşaq həyata məna verən bütün imkanlara malik idi. 

 

Sent-Pitersburqdakı ləyaqətli ailələrdən olan, sıxıntı çəkmiş və əzab görmüş bütün uşaqlar belə düşünürdülər. 

Tom bu ala-bəzək səfili səslədi: 
- Salam, Heklberri! 
- Əgər zarafat eləmirsənsə, salam! 
- O əlindəki nədir? 
- Ölü pişik. 
- Ver baxım, Hek. 
Gör bir necə də qaxaca dönüb! Haradan almısan? 
- Bir oğlandan satın almışam. 
- Nə vermisən? 
- Göy bilet, bir də öküz qovuğu. Qovuğu sllaqxanadan götürmüşdüm. - Bəs göy bileti hardan almışdın? - Bir ağac verib, Ben Rocersdən almışdım.
Bura bax, Hek, ölü pişik nəyə lazımdır ki? 
- Nəyə lazımdır? 
Ziyil aparmağa. 
- Yox, əşi! 
Mən ondan da yaxşı dərman bilirəm. 
- Bilirsən, bəs necə? 
De görək, o necə dərmandır? 
- İylənmiş su. - "İylənmiş su!" Sənin o iylənmiş suyun heç bir şeyə dəyməz. 
- Səncə dəyməz! Sən heç təcrübə etmisənmi? 
- Yox, etməmişəm. Ancaq Bob Tenner təcrübə edib. - Bunu sənə kİm deyib? - O özü Cef Tetçerə deyib, Cef Conni Bekero deyib, Conni də Cim Hollisə deyib, Cimdən də Ben Rocers eşidib, Ben isə bir nəfər zənciyə danışıb, həmin zənci də mənə dedi. Vəssalam, məsələ belə olub. 

 

- Bundan nə çıxsın ki? Onlar hamısı yalan danışırlar. Hamısı deyəndə ki, zəncidən başqa. Mən onu tanımıram. Yaxşısı budur, sən danış görüm Bob Tenner bunu necə edib? 

- Buna nə var ki: əlini çürük kötüyün oyuğunda iylənib qalmış yağış suyuna salıb. 
- Gündüz?
 - Bəs nə vaxt! 
- Üzü kötüyə tərəf? 
- Hə. Hər halda mən belə düşünürəm. 
- Əlini suya salanda bir söz deyibdirmi? 
- Yox, deyəsən, heç nə deməyib. Bilmirəm. 
- Aha! Hansı axmaq bu sayaq ziyil sağalda bilər? Bundan bir şey çıxmaz. 

 

Adam gərək meşənin lap qalın bir yerinə gedib, içi iylənmiş yağış suyu ilə dolu bir kötük tapa, əlini onun oyuğundakı suya sala və deyə: 

"Arpa, arpa - hindi yemi. İylənmiş su, ziyillərdan qurtar məni". Sonra gözünü yumub cəld on bir addım geri çəkilə, yerində üç dəfə firlana, bundan sonra isə yolda heç kəslə danışmadan çıxıb evə gedə. Əgər bir adamla danışsan, o sözlərin heç bir təsiri olmaz. 

- Hə, bu, deyəsən, bir işə oxşayır! Ancaq Belə Tenner ziyili belə aparmamışdır. 

- Bəs necə, əlbəttə, belə apara bilməz. Elə ona görə də əlləri bütün ziyildir. 

Şəhərdə heç kəsdə ondakı qədər ziyil yoxdur. İylənmiş sudan necə istifadə etməyi bilsəydi, heç biri də olmazdı. Hek, bu üsulla mən o qədər ziyil aparmışam ki, gəl görəsən. Axı mən qurbağalarla çox oynayıram, ona görə də məndə ziyil çox olur. Bir də mən ziyilləri noxud qını ilə təmizləyirəm. 

- Doğrudur, noxud qını yaxşıdır. Mən də elə aparırdım. 


- Yox əşi? Necə aparırdın?
- Göy noxudu götürüb qınını aralayırsan, içinin dənini çıxarırsan, sonra ziyili kəsirsən ki, qan çıxsın, həmin qanı qının bir yarısının üstünə damcıladırsan, ay doğanda gecə yarısı yol ayrıcında basdırırsan. Qının ikinci yarısını isə yandırmaq lazımdır. Başa düşürsənmi, qının üstündə qan olan parası həmişə o birisini özünə tərəf çəkəcəkdir, qan isə ziyili özünə çəkəcəkdir, elə buna görə də ziyil belə tez gedir. 

- Hə, Hek, doğru sözə nə demək olar. Ancaq ki, qını basdıranda demək lazımdır: "Çaladakı noxud qını, əlimin ziyilini apar, qoyma bir də o çıxsın!" Onda yaxşı olar. Co Qarper də belə edir, o heç bilirsənmi nə qədər yerlərdə olub! Hətta Kunvilin özünə qədər gedib çıxıb... 

Hə, de görüm bəs, ölü pişiklə ziyili necə aparırlar? 

- Necə aparırlar? Lap asan: camaat böyük bir günahkarı qəbiristanda basdırandan sonra gecə yarısı pişiyi də götürüb oraya gedirsən. Düz gecə yarısı Şeytan gəlir, bəlkə də ikisi və yaxud üçü birdən gəlir, sən, əlbəttə, bunu görmürsən, ancaq ki, qulağına bir səs dəyir, elə bil ki, külək əsir, bəlkə də onların danışığını eşidirsən. Onlar həmin o günahkarı qəbirdən çıxardıb aparanda pişiyi dallarınca atıb demək lazımdır: "Şeytan meyit dalıncan, pişik şeytan dalıncan, ziyil pişik dalıncan! Mənim ziyildən xəbərim yoxdur!" Bundan sonra əlində bircə ziyil də qalmayacaqdır. 

- Ağıl kəsən işə oxşayır. Hek, bunu heç sən özün təcrübədən keçirmisənmi? 
- Yox, Hopkins qarıdan eşitmişəm. 
- Hə, onda lap doğru olar. Deyirlər o, küpəgirən qandır, - "Deyirlər!" Ancaq mən lap yaxşı bilirəm ki, o, küpəgirəndir. O, atama cadu eləyib. Atam özü deyirdi. Bir dəfə yol ilə gedirmiş, görür ki, qarı cadu oxuyub ona tərəf üfürür; atam tez bir daş götürüb qarıya tolazlayır! Əgər qan burulub tez aradan çıxmasaymış, daş dəyəcəkmiş. Ancaq heç bilirsən sonra atamın başına nə gəldi?! Elə həmin gecə bir halda anbarın damına çıxır, özünü saxlaya bilməyib sürüşur, yıxılır, qolunu sındırır. - Bu ki, dəhşətdir! Bəs atan haradan bilib ki, qarı ona cadu eləyir? 

 

- Aman Allah, bunu bilməyə nə var! Atam elə şeyləri o saatca bilir. Deyir, elə ki küpəgirən qan gözlərini sənə zillədi, bil ki. cadu oxuyur. Xüsusən bu zaman dodaqaltı mırıldandıqda, daha şübhən olmasın. Ona görə ki, küpəgirən qanlar dodaqaltı mırldandıqda, tərsinə dua oxuyurlar. Bura bax, Hek, sən pişiklə ziyil sağaltmaq işini nə zaman təcrübə etmək istəyirsən? 
- Elə bu gecə. Məncə, şeytanlar bu gecə o kaftar Vilyamsın dalıncan gələcəklər. 
- Axı, Vilyamsı şənbə günü dəfn ediblər. Məgər şənbə günü gecə gəlib onu aparmayıblar? 
- Boş sözdür! Heç gecə yarısına qədər cadu təsir etdiyini görmüsən? 

 

Ondan sonra da ki, bazar günü başlanır. Ağlım kəsmir ki, bazaar günü şeytanlar hər yerdə gəzib dolana bilsinlər. 
- Bu heç mənim ağlıma gəlməyib. Doğru deyirsən. Məni də özünlə apararsanmı? 
- Əgər qorxmasan, apararam.
 - Mən qorxaram? Sən məni tanımırsan?! Gecə gəlib pəncərənin altında miyoldayarsanmı? 
- Hə, ancaq mümkün olsa sən də miyolda. Yoxsa keçən dəfə o qədər miylodadım, miyoldadım ki, axırda qoca Qeys yuxudan oyandı, məni daşa basıb dedi: 
-"Zəhrimara qalmış bu pişik lap zəhləmizi tökdü!" Mən də bir kərpic gotürüb onun pəncərəsinə fırıldatdım, ancaq heç kəsə demə ha. 
- Yaxşı, demərəm. Onda mən miyoldaya bilməzdim, çünki xalam məni gözdən qoymurdu, bu gün isə miyoldayacağam... O əlindəki nədir? 
- Elə bir şey deyil, gənədir. 
- Haradan tapmısan? 
- Meşədən. 
- Nə verim ki, verəsən mənə? 
- Bilmirəm. Satmağa könlüm yoxdur. 
- Könlün yoxdursa, lazım deyil. Elə bir şey də deyil, çox xırdadır. 
- Əlbəttə, başqasının malını pisləmək asan işdir. Mən öz gənəmdən razıyam. Mənim üçün elə bu da yaxşıdır. 
- Gənə nədir ki, kefin istəyən qədər tapmaq olar. Mən istəsəm lap minini taparam. 
- Bəs niyə tapmırsan. Çox yaxşı bilirsən ki, heç birini də tapa bilməyəcəksən. Bu lap təzə əmələ gəlmiş gənədir. Bu il birinci dəfədir ki, görürəm. 
- Bura bax, Hek, onun əvəzində mən öz dişimi sənə verərəm. - Göstər, görüm? 

 

Tom, içində diş olan kağızı ehmalca cibindən çıxarıb açdı. Heklberri həsədlə onu gözdən keçirməyə başladı. Olduqca cəlbedici şey idi. Nəhayət, o dedi: 
- Bu, xalis dişdirmi? Tom dodağını qaldırıb dişinin boş qalmış yerini Hekə göstərdi. Heklberri dedi: 
- Yaxşı, nə deyirəm, ver gəlsin! Tom gənəni əvvəl böcək saxladığı boş piston qutusuna qoydu, bundan sonra uşaqlar ayrıldılar, onların hər birı elə zənn edirdi ki, artıq varlanmışdır. Başqa evlərdən bir qədər aralıda tirdən tikilmiş məktəb binasına çatdıqda Tom, vicdanla dərsə tələsən adamlar kimi, iti addımlarla içəri girdi. O, şlyapasını mıxdan asıb, işgüzar bir görkəmlə cəld öz yerinə keçdi. Kafedrada böyük hörmə kürsüdə əyləşmiş müəllim sinfin yuxugətirici uğultusunda mürgüləyirdi. Tomun içəri girməsi onu yuxudan oyatdı. 
- Tomas Soyyer! Tom bildirdi ki, admın bütünlüklə çəkilməsi yaxşı əlamət deyil. 
- Mən buradayam, ser. 
- Yaxına gəlin. Adətiniz üzrə yenə də gecikmisiniz? Nəyə görə? Tom cəzadan yaxasını qurtarmaq üçün yalan bir söz tapıb demək istəyirdi ki, bu zaman gözləri qızılı rəngli uzun qoşa hörüklərə sataşdı. Məhəbbətin cəzbedici qüvvəsinə əsasən o saatca qızı tanıdı, bütün sinifdə yeganə boş yer o qızın yanında idi. Tom bir an belə tərəddüd etmədən dedi: 
- Yolda bir dəqiqəliyə ayaq saxladım ki, Heklberri Finnlə danışam! Müəllim elə bil ki, iflic oldu - karıxmış halda gözlərini Toma zillədi. Sinifdəki uğultu kəsildi. Şagirdlər fikirləşdilər ki, yəqin bu cəsarətli uşağın başına hava gəlib. Müəllim bir də soruşdu:
 - Siz... Siz nə etdiniz? 
- Ayaq saxladım ki, Heklberri ilə danışım. Heç bir səhv ola bilməzdi. - Tomas Soyyer, bu, mənim ömrümdə eşitmədiyim ən heyrətli bir etirafdır. Belə bir hərəkət üçün xətkeşlə döymək kifayət etməz. Gödəkcənizi çıxarın. Müəllimin qolu lap yorulub gücdən düşənə qədər işlədi, əlindəki çubuqların hamısı qırıq-qırıq oldu. Nəhayət, əmr verildi.

 

 - İndi isə, ser, gedin qızların yanında oturun! Qoy bu, sizin üçün dərs olsun. Sinifdə qopan ani gülüşmə elə bil ki, Tomu pərt etmişdi; əslində isə Tomun qızarmasına səbəb tamamilə başqa şey idi. O, yeni ilahə qarşısında qorxu və utancaqlıq hiss edirdi; bəxtinin belə qeyri-adi dərəcədə gətirdiyinə görə ürəyi sevinclə dolu idi. O, şam taxtasından olan skamyanın qırağında oturdu, qız isə burnunu dik tutaraq ondan kənara çəkildi. Ətrafda hamı pıçıldaşır, bir-birini dümsükləyir, bir-birinə göz vururdu, ancaq Tom əlini uzun və alçaq partarıın üstünə qoyub sakitcə oturmuş və gözlərini kitaba zilləmişdi. Nəhayət, uşaqlar gözlərini ondan çəkdilər, sinif otağını yenə də adi, yuxugətirici uğultu bürüdü. Tom gizli-gizli qıza baxmağa başladı. Qız bunu hiss etdi, nifrətlə dodaqlarını büzərək, hətta bir dəqiqəliyə arxasını Toma tərəf çevirdi. Sonra yenə də üzü Toma tərəf oturduqda qabağında bir şaftalı gördü. Qız şaftalını əli ilə itələdi. Tom şaftalını yavaşca yenə də qızın qabağına sürüşdürdü. Qız yenə itələdi, lakin bu dəfə çox acıqlı görünmürdü. Tom səbirlə şaftalının yenə də onun qabağına qoydu. Daha qız ona dəymədi. Tom qrifel taxtasına: "Xahiş edirəm götürəsiniz, məndə yenə var" - sözlərini yazdı. Qız taxtaya baxdı, lakin heç bir cavab vermədi. Bu zaman Tom taxtanın üzərində nə isə bir şəkil çəkməyə başladı. O, əsərini sol əli ilə gizlətmişdi. Əvvəlcə qız heç bir şeyə tikir vermək istəmirdi, lakin sonra qadınlara məxsus maraq ona üstün gəldi ki, bunu bəzi əlamətlərdən aydın görmək olardı. Tom guya heç bir şey görmürmüş kimi işini davam etdirirdi. Qız xəlvətcə əyilib baxmaq fikrinə düşdü, lakin Tom bunu hiss etdiyini büruzə vermədi. Nəhayət, qız təslim oldu, çəkinə-çəkinə Toma pıçıldadı: 

- Baxmaq olarmı? Tom əlini kənara çəkdi. O, taxtapuşunda iki xoruz olan və bacasından buruqburuq tüstü çıxan çox gülməli bir ev şəkli çəkmişdi. Şəkil qızı elə maraqlandırdı ki, dünyada hər şey yadından çıxdı. Şəkil tamamilə çəkilib qurtardıqdan sonra qız ona bir dəqiqəyədək baxıb dedi: 


- Nə qəşəngdir! İndi də adam şəkli çəkin. Rəssam evin qabağında qaldırıcı krana bənzəyən bir adam şəkli çəkdi. O, ayağını uzadıb evin üstündən rahatca keçə bilərdi, lakin qız o qədər də ciddi mühakimə yürütmürdü - o bu nəhəng adamdan çox razı qaldı və pıçıltı ilə Toma dedi: 

- Nə gözəldir! İndi də mənim şəklimi çəkin. 
Tom bir qum saatı, onun yuxarısına ay və o tərəf-bu tərəfinə saman çöpü kimi nazik əl-ayaq çəkdi, əlin aralı barmaqlarına da yekə bir yelpinc keçirtdi. Qız dedi: 
- Ah, nə yaxşıdır! Heyf ki, mən şəkil çəkməyi bacarmıram. Tom pıçıldadı: 
- Bu asan şeydir. 
- Mən sizə öyrədərəm. 
- Doğrudanmı öyrədərsiniz? Bəs nə vaxt? 
- Böyük tənəffüsdə. Siz evə nahar etməyə gedəcəksiniz? 
- İstəsəniz qala bilərəm. 
- Yaxşı. Adınız nədir? - Bekki Tetçer. Bəs sizinki? Hə, mən sizin adınızı bilirəm. 
- Tomas Soyyer. 
- Məni kötəkləmək istədikdə belə çağırırlar. Özümü yaxşı apardıqda isə Tomam. Məni Tom çağırın, yaxşımı? 
- Nə olar. Tom yenə də sol əli ilə gizlədərək taxtanın üstündə nə isə yazmağa başladı. Bu dəfə qız utanmadı, xahiş etdi ki, Tom nə yazdığını ona göstərsin. Tom dedi: 
- Elə bir şey deyil... 
- Yox, göstərin. 
- Axı göstərməyə dəyməz. Sizinçün maraqlı olmaz. 
- Yox, olar! Xahiş edirəm, göstərin. - Sonra gedib mənim haqqımda ona-buna danışarsınız. 
- Heç nə demərəm. Sizə həqiqi söz verirəm, and içirəm ki, ağzımdan bircə kəlmə də söz çıxmaz. 
- Heç kəsə, heç kəsə bir söz deməyəcəksiniz ki? Lap ölənə qədər bu sirri saxlayacaqsınızmı? 
- Heç kəsə demərəm, arxayın olun. Di göstərin. 
- Axı, bu sizinçün maraqlı olmayacaqdır! 
- İndi ki siz mənimlə belə başladınız, onda mən özüm baxaram. O, xırdaca zərif əli ilə Tomun əlindən yapışdı. Balaca bir çəkişmə başlandı. Tom qəsdən özünü elə göstərirdi ki, guya müqavimət göstərir, əslində isə yavaşyavaş əlini yazının üstündən çəkirdi. Nəhayət, yazıtmış sözün üstü açıldı: "Mən sizi sevirəm!" 

 

- Ah, yaramaz! - deyə qız Tomun əlinin üstünə yavaşca vurdu; bununla belə o, qızarmışdı, ümumiyyətlə, çox razı qaldığı üz-gözündən məlum olurdu. 

 

Həmin dəqiqədə Tom kiminsə qüvvətli əlinin qulağım bərk-bərk sıxdığını və yuxarı dartdığını hiss etdi. Bu qayda ilə onu bütün sinfin içərisindən keçirərək şagirdlərin pıqqıldaşmasi altında öz əvvəlki yerində oturtdular. Bundan sonra müəllim bir neçə saniyə ağır sükut içərisində onun başı üstündə dayandı və bir kəlmə də söz deməyib öz yerinə çəkildi. Tomun qulağı od tutub yansa da, qəlbi sevinclə çırpınırdı. Sinif sakit olduqdan sonra Tom vicdanla dərsə girişmək istədisə də, bir şey çıxmadı, çünki olduqca həyəcanlı idi. Növbə çatdıqda o, dərsi ucadan oxuyub rüsvay oldu; coğrafiyadan cavab verirkən gölləri dağ zirvələrinə, dağları çaylara, çayları isə qitələrə çevirir, beləliklə, Yer üzündə böyük qarışıqlıq əmələ gətirirdi. Sonra imla yazarkən, balaca uşaqlara belə məlum olan ən sadə sözlərdə səhv buraxaraq, yazmaqda axırıncı yeri tutdu. Düzgün yazı yazmadığına görə bir neçə ay içərisində, hamının gözü qarşısında, sinəsində gəzdirdiyi qalay medal alınıb başqa şagirdə verildi.