Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XIII fəsil

ÜÇ DƏNİZ QULDURU

 
Nəhayət, Tom qərara gəldi. Onun əhvalı pozulmuşdu, artıq hər şeyə hazır idi. Onun dostları yoxdur, hamı onu atmışdır, heç kəs onu sevmir. Bədbəxt uşağı nə vəziyyətə gətirib çıxartdıqların gördükdən sonra bəlkə də ona acıdılar. O, yaxşı olmağa çalışır, buna can atırdı, lakin imkan vermədilər. Bir halda ki, onlar Tomdan yaxalarını qurtarmaq istəyirlər, nə eybi var, qoy qurtarsınlar. Təqsiri onun özündə görəcəklər, qoy görsünlər! Məgər hamının üz döndərdiyi kimsəsiz bu uşağın şikayətlənməyə haqqı var? Axır ki, onu məcbur etdilər, eybi yoxdur, o da bundan sonra oz həyatında cinayətdən çəkinməyəcəkdir. Başqa çıxış yolu yoxdur. 
 
Bu düşüncələrlə o, artıq Medouleynin ortalarına gəlib çatmışdı ki, tənəffüsün qurtarmış olduğunu bildirən məktəb zənginin güclə eşidilən səsi onun qulağına dəydi. Bu zəng səslərini o bir daha heç bir zaman eşitməyəcəyini düşündükdə hıçqırıb ağladı. Bu yola qədəm basmaq nə qədər ağır olsa da, o nə edə bilərdi, onu vadar etdilər. Madam ki, onu bütün dünyanı səfil-sərgərdan gəzib dolanmaq üçün itələyib bayıra salırlar, tabe olmalıdır, ancaq o hamının günahından keçir. O daha da şiddətlə hıçqırmağa başladı. 
 
Elə bu zaman yaxın dostu Co Qarper ona rast gəldi. Onun da gözlərindən ağladığı və hər şeyə hazır olduğu məlum olurdu. Məlum olurdu ki, eyni fikirlə yaşayan iki qəlb bir-birinə rast gəlmişdir. Tom paltarının qolu ilə gözünün yaşını silə-silə nağıl etməyə başladı ki, evdən qaçmağa hazırlaşır, ona görə ki, hamı onunla pis rəflar edir, heç kəs onu sevmir; elə yaxşısı budur ki, gedib bütün dünyanı səfil-sərgərdan dolansın, bir daha evlərinə qayıtmasın. Sözünün axırında o, Co tərəfindən unudulmayacağına ümid bəslədiyini söylədi. 
 
Demə, Co da məhz bu məqsədlə öz dostunu axtarır və ondan eyni xahiş etmək istəyirmiş. Guya xamanı yediyi üçün anası onu möhkəmcə əzişdiribmiş, halbuki, Co xamanın üzünü də görməmişdi. Görünür, o anasını təngə gətirmişdi, ona görə də anası onun əlindən yaxasını qurtarmaq istəyirdi. Bir halda ki, belədir, daha onun evdən çıxıb getməkdən başqa bir çarəsi qalmır. Bəlkə Cosuz onun üçün daha yaxşı keçəcək və o heç bir zaman heyflənməyəcək ki, öz bədbəxt oğlunu evdən-eşikdən qovub, özgə adamlar arasında gəzib-dolanmağa, əzab çəkib ölməyə məcbur etmişdir. 
 
Uşaqlar kədərlərini bir-birlərinə danışa-danışa yollarına davam etdilər, onlar gedə-gedə yeni bir müqavilə bağladılar ki, qardaş kimi bir-birlərinə kömək etsinlər və ölüm onların hər ikisini bütün əzab və işgəncələrdən xilas edənə qədər ayrılmasınlar. Bundan sonra isə gələcək planlarını müzakirə etməyə başladılar. Co insanlardan uzaqlarda, mağarada tək-tənha yaşayaraq, quru çörəklə dolanmaq və nəhayət, ehtiyac içərisində soyuqdan, dərddən ölmək istəyirdi; lakin Tomun dediklərinə qulaq asdıqdan sonra cinayətkarların həyatının qat-qat faydalı olduğu ilə razılaşıb, dəniz qulduru olmağı qərara aldı. 
 
Sent-Pitersburqdan üç mil aşağıda, Missisipi çayının bir mildən bir qədər enli olduğu yerdə uzun, dar və meşəli bir ada var idi; həmin adanın yuxarı hissəsində çay dayaz və qumsallıq idi. Uşaqlar orda yerləşməyi qərara aldılar. Adada insan yaşamırdı, özü də qarşı sahildəki qalın və demək olar ki, ins-cins olmayan meşəyə yaxın idi. Ona görə də uşaqlar Cekson adasını seçdilər. Orada kimi qarət edəcəklərini özləri də bilmirdilər. Bundan sonra onlar axtanb Hek f inni də tapdılar. Hek o saatca uşaqlara qoşuldu, çünki nə ilə məşğul olmağın onunçün fərqi yox idi, belo şeylərdə o çox üzüyola idi. Bundan sonra şəhərin yuxarı tərəfində, çayın sahilində xəlvət bir yerdə, özlərinin çox sevdikləri vaxtda, yəni gecəyarısı görüşməyi qərara alaraq ayrıldılar. Onların hər biri özü ilə balıq tutan qarmaq, tilov və yemək üçün bir şey gətirməli idi, həm də bütün bu şeylər dəniz quldurlarına yaraşan bir tərzdə mümkün qədər sirli, dolaşıq yollarla ələ keçirilməli idi. Axşam düşənə kimi onlar macal tapıb şəhərə belə bir səs yaydılar ki, tezliklə onların barəsində "çox maraqlı şeylər eşidiləcək". Bu üstüörtülü işarəni vurduqları adamlara möhkəm tapşırırdılar ki, ağızlarından bircə kəlmə də söz çıxarmayıb gözləsinlər. 
 
Gecə yarısına yaxın Tom bir parça bişmiş, hisə verilmiş donuz əti və başqa yeməli şeylərlə gəlib, görüş yerindən bir qədər hündürdə, balaca bir təpəcikdə, sıx kolların arasında oturdu. Ulduzlu və çox sakit bir gecə idi. Qarşısındakı nəhəng çay sakit havada durğun okeantək sükuta dalmışdı. Tom diqqətlə qulaq asdı, lakin bu sükutu pozacaq heç bir səs eşitmədi. Sonra yavaşcadan, lakin uzun bir fit çaldı. Təpənin dibindən ona fitlə cavab verdilər. Tom iki dəfə də fit çaldı, onun bu işarəsinə də cavab verdilər. Sonra birisi ehtiyatla soruşdu: 
- Gələn kimdir? 
- İspaniya Dənizlərinin Qara İntiqamçısı Tom Soyyer. Adlarınızı deyin. - Hek Finn 
- Qanlı Əl və Co Qarper 
- Okeanlar Tufanı. 
Tom bu gurultulu ləqəbləri öz sevimli kitablarından götürmüşdü.
- Yaxşı, parolu deyin! Qaranlıq gecənin sükutunda iki xırıltılı səs pıçıltı ilə eyni dəhşətli bir sözü dedi: 
- Qan! 
Bundan sonra Tom donuz ətini təpədən diyirlətdi, özü də onun dalınca aşağı uçurlandı, bu zaman şalvarı cırıldı və bədəninin dərisi bir-iki yerdən sıyrıldı. Təpənin dibindən sahil boyu çox rahat və düz bir cığır gedirdi, lakin burada dəniz quldurlarının son dərəcə qiymətləndirdikləri maneə və təhlükə çatışmırdı. Okeanlar Tufanı da hisə verilmiş bir parça donuz döşü gətirmişdi, döş parçası elə böyük idi ki, görüş yerinə qədər güclə gətirə bilmişdi. Finn - Qanlı Əl haradansa bir qazança və bir dəstə qurumamış tütün yarpağı çırpışdırmışdı, bundan başqa qəlyan düzəltmək üçün bir neçə dənə də qarğıdalı saplağı tapıb gətirmişdi. Demək lazımdır ki, onun özündən başqa dəniz quldurlarından heç birisi nə papiros çəkir, nə tütün çeynəyirdi. İspaniya Dənizlərinin Qara İntiqamçısı dedi ki, yola düşməzdən əvvəl od ehtiyat etmək lazımdır. Bu, müdrik fikir idi; o zamanlar kibrit nə olduğunu, demək olar ki, bilmirdilər. Uşaqlar yüz addım yuxarıda, sahilə bağlanmış iri salda ocaq işıldadığını gördülər, xəlvəti ona yanaşaraq bir kösöv ələ keçirtdilər. Bundan onlar özləri üçün bütün bir macəra düzəltdilər: gah birbirlərini dümsükləyir, gah qəfildan dayanaraq barmaqlarını dodaqlarına qoyur, gah əllərini xəyali xəncərin dəstəyinə atır, gah da boğuq pıçıltı ilə bir-birlərinə əmr verirdilər ki, əgər "düşmən" yerindən tərpənsə, ''xəncəri qınınadək sinəsinə sancmaq lazımdır", ona görə ki, "ölmüş adam sirr verə bilməz". Uşaqlar çox yaxşı bilirdilər ki, sancılar indi bu saat şəhərdədirlər, yəqin, dükanları gəzir, yaxud bir yerdə oturub əyyaşlıq edirlər. Bununla belə, uşaqlar əsl dəniz qulduru kimi hərəkət etməsəydilər, bunun üçün heç bir şeylə özlərinə bəraət qazandıra bilməzdilər. Çox keçmədən onlar sahildən aralandılar. Tom komanda verirdi, Hek avar çəkirdi, Co isə salın burnunda dayanmışdı. Tom əllərini doşündə çarpazlayıb, qaşqabaqlı salın ortasında dayanaraq, boğuq və sərt bir pıçıltı ilə əmrlər verirdi: 
- Üzü küləyə istiqamət götür! 
- Baş üstə, ser! 
- Belə getmək lazımdır! 
- Oldu, ser! 
- Yarım rumb yana ver! 
- Oldu, ser! 
Uşaqlar rəvan və çox ağır-ağır avar çəkərək salı çayın ortasına sürürdülər, onun üçün də aydın məsələdir ki, bu əmrlərin heç bir mənası yox idi. Onlar eləbelə "yaraşıq üçün" verilirdi. 
- Hansı yelkənlər qaldırılmışdır? 
- Alt yelkənlər, raarsellər və bom-kliver, ser! 
- Üçkünc yelkənləri qaldırın!
Ey, sizinləyəm! Forstakselə on nəfər adam göndərin! Cəld tərpənin
 
Oldu, ser! Oldu! 
- Üst yelkənləri də buraxın! Yelkən iplərini çəkin! Uşaqlar, cəld tərpənin! 
- Baş üstə, ser! 
- Küləyə tərəf tut! Sola, sola tərəf! Düşmən gəmisinə yan almağa hazırlaşın! Sola, sola! Uşaqlar, əlbir olun, istiqaməti dəyişməyin! 
- Oldu, ser! 
 
Sal çayın ortasına keçdi, uşaqlar onu axına tərəf yönəldərək, avarlara güc verdilər. Suyun səviyyəsi o qədər də yüksək deyildi, axının sürəti iki-üç mildən artıq olmazdı. Bir saata yaxın vaxt keçdi; bütün bu müddət ərzinda uşaqlar demək olar ki, danışmadılar. Onların salı indi Sent-Pitersburqun yanından keçirdi. Dumanlı, hamar səthində ulduzların işığı əks edən çayın o tərətində şəhər sakit yuxuya dalmışdı, yalnız bir neçə yerdən işıq gəlirdi, oradakılar bu saat nə kimi mühüm bir hadisənin baş verdiyindən xəbərsiz idilər. Qara intiqamçı hələ də əlləri qoynunda durub, bir zamanlar xoşbəxt olduğu, sonra isə əzablar çəkdiyi şəhərə "axırıncı dəfə" nəzər salırdı. O arzu edirdi ki, coşqun dalğalar arası ilə qorxu nə olduğunu bilmədən təhlükəyə və olümə qarşı necə üzdüyünü, öz ölümünü kədərli bir təbəssümlə necə qarşıladığını o qız görəydi. Onun üçün lap kiçicik bir səy lazım idi ki, təsəvvüründə Cekson adasını uzaqlara aparıb çıxarsın - elə uzaqlara ki, şəhərdən onu görmək mümkün olmasın. Budur, o, ürəyində sevinc və kədər hissi ilə "öz doğma şəhərinə axırıncı dəfə nəzər salır". O biri dəniz quldurları da şəhərə "axırıncı dəfə nəzər salırdılar". Onlar o qədər baxırdılar ki, sallarını az qala axın adadan xeyli aşağıya aparıb çıxaracaqdı. Lakin onlar vaxtında xəbər tutub, öz səhvlərini düzəltdilər. 
 
Gecə saat ikiyə yaxın sal, adanın iki yüz addımlığında saya oturdu, uşaqlar dayaz suya girərək bütün var-yoxlarını qucaqlarında sahilə apardılar. Kiçik saldan köhnə bir yelkən də tapmışdılar ki, onlar həmin yelkəni çadır kimi kolların üstünə salaraq öz azuqələrini onun altına yığdılar. Özləri isə dəniz quldurlarının adətincə açıq havada yatmağı qərara almışdılar. 
 
Onlar meşənin sıx yerindən iyirmi addım aralıda, yıxılmış bir ağacın gövdəsinin yanında ocaq qaladılar, axşam yeməyi üçün tavada bir qədər donuz əti qızartdilar və özləri ilə gətirdikləri qarğıdalı fətirlərinin yarısını yedilər. Onlara elə gəlirdi ki, insanlardan uzaqlarda, əl-ayaq dəyməyən bir meşədə, hələ tədqiq edilməmiş yiyəsiz adada beləcə azad kef eləmək son dərəcə fərəhlidir. Onlar belə qərara gəldilər ki, bir daha şəhər həyatına qayıtmasınlar. Ocağın göyə yüksələn alovu onların sifətini işıqlandırır, meşənin dərinliklərinə tərəf uzanıb gedən ağacların gövdələrinə, par-par parıldayan yarpaqlara və yabanı üzüm sarmaşıqlarına qırmızımtıl işıq salırdı. 
 
Qovurulmuş donuz ətinin axırıncı tikələri və qarğıdalı fətirinin axırıncı parçası yeyilib qurtardıqdan sonra uşaqlar tox və məmnun halda otun üstündə uzandılar. Daha sərin bir yer axtarıb tapmaq olardı, lakin onlar düşərgə tonqalının kənarında qızınmaq kimi gözəl bir zövqdən özlərini məhrum etmək istəmirdilər. 
 
Co dedi: 
- Lap kefdir, elə deyilmi? 
- Qiyamətdir! - deyə Tom cavab verdi. 
- Uşaqlar indi bizi görsəydilər, nə deyərdilər? 
- Nə deyərdilər? Bizim yerimizdə olmaq üçün dünyada hər şeydən əl çəkərdilər. Doğru deyilmi, Hek?
- Mən də elə düşünürəm, - deyə Hek cavab verdi. 
- Mən ki lap razıyam; bu mənim üçün çox əlverişlidir. Mənə bundan yaxşı şey lazım deyil. Düzünü desək, axı mən həmişə qarın dolusu yeyə də bilmirəm. Bir də ki, burada heç kəs bizə toxunmayacaq, zəhləmizi tökməyəcək. Tom dedi: 
- Belə həyat lap mənim ürəyimdəndir. Nə səhər tezdən durmaq lazımdır, nə məktəbə getmək, nə əl-üz yumaq, nə bilim, min cürə şey var, hansını deyim! Başa düşürsənmi, Co, bir halda ki, dəniz quldurusan, demək, sən sahildə olduğun müddətdə heç bir iş görməyəcəksən; amma tərki-dünya olduqda adam gərək həmişə dua etsin, bir də ki, həmişə tək-tənha yaşamaq o qədər də fərəhli iş deyil. Co dedi: 
 
- Elədir, sən düz deyirsən! Nədənsə, mən əvvəllər bu barədə düşünməmişdim. İndi, təcrübə etdikdən sonra dəniz qulduru olmaq daha çox xoşuma gəlir.
- Bilirsən, - deyə Tom dilləndi, - tərki-dünya olan adamların indi o qədər də şöhrəti yoxdur. O qədim vaxtlarda idi. Amma dəniz quldurlarına indi də hörmət göstərirlər. Bir də ki, tərki-dünya olan adamlar gərək quru yerdə yatsinlar, əyinlərinə cır-cındır geyinsinlər, pəhriz saxlasınlar, yağışın altında islansınlar və... Hek soruşdu: - Nəyə görə cır-cındır geyib pəhriz saxlayırdılar? 
 
- Bilmirəm. Qayda belədir. Onların hamısı belə edirlər. Əgər insanardan uzaqda tənha yaşasaydın, sən də o cür etməli idin. 
- Xeyr, bağışla! 
- Deyə Hek cavab verdi.
- Bəs nə cür edərdin? 
- Bilmirəm. Ancaq onlar kimi etməzdim. 
- Axı məcbur olacaqdın. Onsuz mümkün deyil? 
- Mən davam gətirə bilməzdim. Baş götürüb qaçardım. 
- Qaçardın? Onda lap yaxşı tərki-dünya olardın! Bu ki biabırçılıqdır! 
 
Qanlı əl özü üçün daha maraqlı bir məşğələ tapdığına görə cavab vermədi. O, qarğıdalı özəyindən düzəltdiyi qəlyanını yenicə kəsib qurtarmışdı, indi isə ona sap taxıb, içini tütün yarpağı ilə düldurürdu, üstünə köz basıb sümürməyə, ağzından duman kimi tüstü buraxmağa başladı. Yamanca kef çəkirdi. O biri dəniz quldurları yoldaşlarına həsəd aparırdılar, onlar ürəklərində qət etdilər ki, tezliklə tütün çəkməyə öyrəşsinlər. Birdən Hcklberri soruşdu: 
- Ümumiyyətlə, dəniz quldurları nə edirlər? Tom cavab verdi:
- Onlar çox kefikök yaşayırlar: gəmiləri tuturlar, od vurub yandırırlar, pulları isə özlərinə götürüb yaşadıqları adalarda tilsimli bir yerdə basdırırlar ki, onlara cin-şəyatinlər qarovul çəksin. Gəmidəki adamların hamısını öldürüb dənizə atırlar. Co dedi: 
- Ancaq qadınları öz adalarına aparırlar. Onlar qadınları öldürmürlər. - Hə, - deyə Tom onun sözünü təsdiq etdi. 
- Qadınları öldürmürlər, onlar çox alicənab adamlardır. Həm də qadınlar həınişə gözəl olurlar. Co həyəcanla əlavə etdi: 
- Necə də geyinirlər! Adam lap heyran olur! Üst-başları qızıl, gümüş və brilyantlarla bəzədilmiş olur! Hek soruşdu: 
-Kim? - Kim olacaq, dəniz quldurlarını deyirəm! Hek dalğın halda öz pal-paltarını gözdən keçirib təəssüflə bildirdi: 
- Mən əynimdəki bu pal-paltarla dəniz quldurluğuna, yəqin ki, yaramaram. Başqası isə yoxumdur. Ancaq uşaqlar ona sübut etdilər ki, macəralarla dolu yeni həyata başlayan kimi zəngin geyimlər öz-özünə tapılacaq. Dedilər ki, doğrudur, adətən varlı dəniz quldurları işə başlarkən kifayət qədər paltar ehtiyatları olur, ancaq işin başlanğıcı üçün bu cır-cındır da yarayar. 
 
Yavaş-yavaş söhbət kəsilir, kiçik qaçqınların gözləri yumulmağa başlayırdı. 
 
Qanlı əl barmaqları arasındakı qəlyanı yerə saldı, vicdanı təmiz və bərk yorğun olan adamlar kimi yuxuya getdi. Okeanlar Tufanıyla İspaniya Dənizlərinin Qara İntiqamçısı isə o qədər də tez yuxuya getmədilər. Onlar uzandıqları yerdə ürəklərində dua oxudular, çünki onları diz üstə çöküb duanı ucadan oxumağa məcbur edəcək bir adam yox idi. Doğrusu, əvvəl fikirləşirdilər ki, heç dua etməsinlər, lakin qorxdular ki, bu lap ağ olar, birdən göy üzündən xüsusi olaraq göndərilmiş ildırım çaxıb onları parçalayar. Xəyallarında hər şey bir-birinə qarışdı, dərin yuxuya getməyə hazırlaşırdılar ki, bu zaman qovulması mümkün olmayan çağırılmamış qonaq özünü yetirdi. Bu qonaq vicdan idi. Onların qəlbində tutqun bir şübhə oyandı: fikirləşdilər ki, bəlkə də evdən qaçmaqda heç yaxşı iş görməyiblər! Oğurladıqları donuz əti yadlarına düşəndə isə bu şübhə əsl əzaba çevrildi. Onlar azı yüz dəfə konfet və alma çırpışdırdıqlarını yadlarına salaraq vicdanı susmağa məcbur etmək istədilərsə də, bir şey çıxmadı, vicdan bu qaba baxyalanmış kələklərə uymadı, nəhayət, belə bir aydın nəticəyə gəldilər: xəlvətcə konfet, alma kimi şirin bir şey götürmək oğurluq deyil, "çırpışdırmaqdır", donuz əti və başqa qiymətli şeyləri götürmək isə əsl oğurluqdur ki, bu barədə də dini kitablarda xüsusi ayə vardır. Onlar belə qərara gəldilər ki, dəniz qulduru olduqları müddətdə oğurluq kimi alçaq bir cinayətlə öz adlarını ləkələməyəcəklər. Bundan sonra vicdan bir qədər sakit oldu, barışıq elan etdi, dəniz quldurları bərk yuxuya getdilər.