Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XIV fəsil

SUDA BOĞULANLARIN AXTARILMASI


Səhər yuxudan oyandıqda Tom harada olduğunu birdən-birə başa düşmədi. O oturdu, gözlərini ovuşdurdu və boylanıb ətrafına baxdı. Yalnız bu zaman özünə gələ bildi. Sərin və tutqun bir səhər açılırdı, meşənin dərin sükutu adamda xoş dinclik və rahatlıq hissi oyadırdı. Ağaclardakı yarpaqların biri də tərpənmirdi; təbiətin bu əzəmətli sükutunu bir səs belə pozmurdu. Otların və yarpaqların üstünə mirvari dənələri kimi şeh düşmüşdü. Ocaqdakı kösövlərin üstünü ağ kül örtmüşdü, nazik mavi tüstü düz qalxaraq yuxarıda əriyirdi. Co ilə Hek hələ də yatırdılar.


Haradasa meşənin dərinliklərində bir quş civildəyir; başqa birisi ona cavab verirdi. Elə o saatca da ağacdələnin taqqıltısı eşidilirdi. Sübhün sərin boz havası get-gedə ağarmağa başladı, səslər də elə tədriclə artdı, hər şey oyandı. Uşaq fikrə getmiş halda təbiətin necə oyanmasına və işə girişməsinə tamaşa edirdi. Balaca yaşıl bir qurd şehdən islanmış yarpağın üstü ilə sürünür və arabir bədəninin üçdə iki hissəsini yuxarı qaldırıb sanki nəyi isə iyləyir, sonra isə yoluna davam edirdi:


"Yəqin ki, yarpağı ölçür" - deyə Tom fikirləşdi. Qurd Tomun yanına tərəf sürünməyə başladıqda uşaq donub qaldı, nəfəsini belə çəkmədi: qurd yaxınlaşanda Tom sevinir, dayanıb tərəddüd etdikdə, başqa tərəfə dönmək istədikdə bikefləyirdi. Nəhayət, qurd bir dəqiqəliyə dayanıb, gövdəsini qövs şəklində yuxarı qaldıraraq ağır düşüncəyə daldıqdan sonra qətiyyətlə Tomun ayağının üstünə çıxıb səyahətə başladıqda uşaq ürəkdən sevindi; bu isə o demək idi ki, onun təzə kostyumu olacaqdır. Haradansa qarışqa karvanı gəlib çıxdı.


Onlar dal-dala düzülərək öz işlərinin ardınca gedirdilər. Qarışqalardan biri özündən beş dəfə böyük olan bir ölü hörümçəyi qəhrəmancasına arxasına alıb ağacın gövdəsi ilə üzüyuxarı aparırdı. Üstündə qara xalları olan qəhvəyi rəngli parabüzən, otun üstü ilə başgicəlləndirici bir hündürlüyə dırmanırdı. Tom ona tərəf əyilib dedi:


Parabüzən, parabüzən, tez uç get, Evin yanır, qaç, balanı xilas et!


Böcək onun sözünə baxıb o saatca uçdu, ancaq bu, Tomu təəccübləndirmədi, çünki o, parabüzənin tez inanan olduğuna çoxdan bələd idi. Tom onun sadəlövhlüyündən istifadə edib, yazıq böcəyi az aldatmamışdı. Sonra var gücüylə özünün peyin kürəciyini itələyən dozanqurdu gəlib keçdi. Tom barmağı ilə ona toxundu ki, pəncələrini qısaraq özünü ölülüyə vurmasına tamaşa etsin. Bu zaman artıq hər tərəfdən quşların ötüşməsi eşidilirdi. Lağlağçı qaratoyuq Tomun başı üzərində ağaca qonaraq cəh-cəh vurur, başqa quşların oxumasını yamsılayırdı.


Sonra qışqırıqçı zığ-zığ yaşıl bir alov kimi şığıyaraq Tomun lap yaxınlığındakı bir budağa qondu və boynunu yana əyərək yad qonaqlara böyük maraqla diqqət yetimrəyə başladı. Quş Toma o qədər yaxın idi ki, əl uzatsaydı tuta bilərdi. Boz dələ və tülkü cinsindən olan başqa iri bir heyvan qaçıb Tomun yanından keçdi; onlar hərdən dayanaraq acıqlı-acıqlı uşaqlara baxırdılar. Görünür, bu meşənin heyvanları ömründə insan üzü görməmışdilər, ona görə də bilmirdilər ki, onlardan qorxsunlar, ya yox. Artıq bütün canlılar oyanmış və hərəkətə gəlmişdi; iki-üç kəpənək bir-birini qovur, burdan ora, ordan bura qonurdular.


Tom o biri quldur yoldaşlarını da oyatdı, onlar hamısı çığır-bağırla çaya tərəf qaçdılar və bircə dəqiqədə soyunub suya cumdular. Onlar üzə-üzə bir-birini qovur, dibi ağ qumlu dumduru dayaz suda bir-birinin üstündə hoppanaraq kəlləmayallaq aşırdılar. Əzəmətli çaydan o tərəfdə mürgüyə dalmış kiçik şəhər artıq onları cəlb etmirdi. Axın və ya təsadüfən artmış olan su onların salını götürüb aparmışdı, bu isə uşaqların lap ürəyindən idi, ona görə ki, onlarla şəhər həyatı arasındakı əlaqə körpüsü artıq məhv olub getmişdi.


Onlar şən, təravətli və qurd kimi acmış halda düşərgəyə qayıtdılar, bircə dəqiqənin ərzində tonqal alovlandı. Hek yaxınlıqda, dumduru sərin suyu olan bil bulaq tapdı, uşaqlar enli palıd və qoz yarpağından özlərinə fincan qayırdılar və belə qərara gəldilər ki, meşənin saf gözəlliyi tərəfindən şirinləşdirilmiş olan bu su onlar üçün qəhvəni çox gözəl əvəz edər. Co səhər yeməyi üçün donuz əti doğramağa başladı, lakin Tom ilə Hek ondan bir dəqiqə səbr etməyi xahiş etdilər; onlar sahildə əlverişli bir yer tapıb tilovlarını suya saldılar, elə o dəqiqə də zəhmətlərinin bəhrəsini gördülər. Co darıxmağa macal tapmamış, onlar geri qayıdıb özləri ilə iki xanı balığı və balaca bir naqqa balığı gətirdilər, bu, bütün bir ailəyə çatardı. Onlar donuz əti ilə balığı qızartdılar. Lap məəttəl qaldılar -hələ ömürlərində balıq onlara belə ləzzət verməmişdi. Daha onlar bilmirdilər ki,çaybalığının dadı elə ondadırki, sudan çıxanları kimi odda bişirilsin; bundan başqa ağıllarına da gəlmirdi ki, açıq havada yatmaq, oynamaq, soyuq suda səhərsəhər çimmək və acmaq yeməyin dadını nə qədər artırır.


Səhər yeməyindən sonra uşaqlar kölgədə uzandılar, Hek qəlyanını çəkdi, sonra isə meşənin içiylə kəşfiyyata getdilər. Onlar şən-şən irəliləyir, tufanın böyrü üstə yıxdığı çürük kötüklərin, başdan-başa yabanı üzüm tənəklərinə bürünmüş nəhəng ağacların və qalın kolluqların arasından özlərinə yol açırdılar.


Arabir yaşıl xalılarla bəzənmiş, al-əlvan çiçəklərə qərq olmuş gözəl və rahat guşələrə rast gəlirdilər.


Uşaqlar, onları sevindirəcək çox şeylər gördülər, lakin heyrətləndirici heç nə yox idi. Məlum oldu ki, adanın uzunluğu üç mil, eni isə cəmi dörddə bir mildir, yaxın sahildə onu cəmisi iki yüz addım enlilikdə dar bir qol ayırır. Onlar hər saatdan bir çimirdilər, ona görə də düşərgəyə qayıdıb gəldikləri zaman artıq gün günortadan keçmişdi.


Uşaqlar bərk acdıqlarından daha balıq tutmağa macalları olmadı: donuz əti ilə möhkəm nahar edərək, kölgədə uzanıb söhbət etməyə başladılar. Lakin nədənsə söhbətləri tutmurdu, bir azdan tamamilə səslərini kəsdilər. Sakitlik, meşənin əzəmətli sükutu və tənhalıq hissi uşaqların əhvalına təsir etməyə başladı. Onlar fikrə getdilər. Nə isə anlaşılmaz bir kədər onları bürümüşdü. Bir müddətdən sonra bu hiss daha aydın bir şəkil aldı - onlar evləri üçün darıxırdılar. Hətta Qanlı Əl - Finn də boş çelləyin, özgə qapılarının həsrətini çəkirdi. Lakin onların hamısı öz zəifliyinin xəcalətini çəkir, heç kəs ürəyindəkini ucadan deməyə cəsarət etmirdi.


Uşaqlar artıq çoxdandı ki, uzaqdan nə isə qəribə bir səs eşidir, lakin bəzən biz saatın çıqqıltısına fikir vermədiyimiz kimi, onlar da bu səsə fikir vermirdilər.


Ancaq bu qəribə səs indi daha aydın eşidilməyə və onların diqqətini cəlb etməyə başladı. Uşaqlar duruxdular, bir-birlərinə baxdılar və nəfəslərini içəri çəkərək diqqətlə qulaq asdılar. Uzun və dərin bir sükut çökdü; sonra uzaqdan boğuq və qorxunc bir gurultu eşidildi.


Co alçaqdan soruşdu:
- Bu nədir?
Tom pıçıltı ilə dedi:
- Doğrudan a, bu nə ola bilər?
- Göy gurultusu deyil, - Heklberri qorxa-qorxa bildirdi.
- Çünki goy gurultusu...
Tom dedi:
- Səsinızi kəsin! Bir dayanın, danışmayın, görək!


Onlar bir neçə dəqiqə gözlədilər. Bu dəqiqələrin hər biri onlara bir il kimi göründü. Sonra bu təntənəli sükutu yenidən boğuq bir gurultu pozdu.


- Gedək, baxaq.


Üçü də yerindən sıçrayıb sahilə tərəf qaçdı. Sahildən şəhəri görmək olurdu.


Onlar suyun qırağındakı kolları aralayaraq çaya baxdılar. Şəhərdən bir mil aşağıda kiçik bir gəmi çayın ortası ilə gəlirdi. Gəminin geniş göyərtəsi adamlarla dolu idi. Gəminin yanınca çayaşağı kiçik qayıqlar üzur, o tərəf-bu tərəfə vurnuxurdu. Lakin qayıqdakı adamların nə etdiklərini uşaqlar uzaqdan seçə bilmədilər. Birdən gəmidən bir topa ağ tüstü aralandı; tüstu qalxıb bulud kimi ətrafa yayıldıqdan sonra yenə də həmin boğuq səs uşaqların qulağına dəydi.


- İndi başa düşdüm! - Deyə Tom dilləndi.
- Kim isə batmışdır.
Hek dedi:
- Doğrudur! Keçən yay Bill Terner batanda da belə edirdilər. Suyun üzərində top atılanda batmış adam üzə çıxır. Hə, bir də dəyirmi, ortası dəlik bir çörəyin içinə civə qoyub suya buraxırlar, batan adam haradadırsa, çörək də o tərəfə üzüb həmin yerdə dayanır.
Co dedi:
- Bunu mən də eşitmişəm. Ancaq onu bilmirəm ki, çörək nə üçün dayanır.
- Məncə burada iş təkcə çörəkdə deyil, - Tom söhbətə qarışdı.
- Əsl məsələ onu suya salarkən deyilən sözdədir. Onlar çörəyi suya saldıqda nə isə deyirlər.
Hek dedi:
- Heç bir şey demirlər! Mən özüm görmüşəm, heç nə demirlər.
Tom dedi:
- Bu çox qəribədir. Bəlkə yavaşcadan deyiblər, eşitməmisən. Elədir ki, var. Bunu elə sən özün də başa düşə bilərdin.


Tomun yəqin ki, haqlı olması ilə o biri uşaqlar da razılaşdılar, çünki ovsun oxumadan sadə bir çörək parçasının o cür ağıllı hərəkət edərək mühüm iş görməsi mümkün olan şey deyildı.


Co dilləndi:
- Eh, kaş ki, elə bu saat mən də o biri tayda olaydım!
- Mən də! - Hek cavab verdi. - Boğulanın kim olduğunu bilmək üçün dünyada hər şeydən keçməyə hazıram.


Uşaqlar hələ də diqqətlə baxır və qulaq asırdılar. Birdən Tomun ağlına bir şey gəldi:
- Uşaqlar, batanın kim olduğunu mən bilirəm. Batan bizik.


Bir anlığa onlar özlərini əsl qəhraman tək hiss etdilər. Bu, böyük qələbə idi: onları axtarırlar, onlar üçün dərd çəkirlər, onlar özlərini öldürür, göz yaşı axıdırlar. Tələf olmuş yazıq uşaqlara sağlıqlarında gün-dirrik vermədikləri üçün onlar indi bərk təəssüflənir, sonradan peşman olub özlərini danlayır və vicdan əzabı çəkirlər. Ən yaxşısı isə budur ki, şəhərdə indi hamı batmış uşaqlar haqqında danışır, bütün uşaqlar onlara, onların şöhrətinə həsəd aparır. Daha bundan yaxşı nə ola bilər! Belə bir əhvalatdan sonra dəniz qulduru olmağına dəyər.


Axşam qaranlığı çökən kimi kiçik gəmi yenə də bu sahildən o biri sahilə getməyə başladı, qayıqlar da yox oldular. Dəniz quldurları düşərgəyə qayıtdılar. Onlar şöhrətpərəstlikdən şişir, camaatın gözündə yüksəldikləri ilə fəxr edir, bütün şəhər əhlini əzab-əziyyətə saldıqlarına sevinirdilər. Uşaqlar balıq tutdular, axşam yeməyi hazırladılar, yeyib-içdikdən sonra adamlar onların barəsində şəhərdə nə düşündüklərini və nə danışdıqlarını hərəsi bir cürə yozmağa başladı; şəhərin mənzərəsini uzaqdan-uzağa seyr etmək onlara çox xoş gəlirdi.


Lakin qaranlıq düşən kimi onlar yavaş-yavaş səslərini kəsdilər, dinməzcə oturub gözlərini oda dikdilər. Onların fikri haradasa uzaqlarda dolaşırdı. Artıq coşqunluq yatmışdı, Co və Tom istər-istəməz öz qohumlarını, yaxın adamlarını düşünməyə başladılar. Yəqin ki, onların özlərinə ləzzət edən bu dəcəllikləri evdəkilərə heç də xoş təsir buraxmamışdı. Uşaqların ürəklərinə çox pis fikirlər gəldi; ruhdan düşdülər, həyəcanlanmağa və arabir xəlvəti ah da çəkməyə başladılar. Nəhayət, Co ürəklənərək çəkinə-çəkinə ağzından belə bir söz qaçırtdı ki, indi yox, əlbəttə, sonralar bir vaxt yenidən şəhər hayatına qayıtmağa onlar necə baxırlar...


Tom onu rəhmsizcəsinə məsxərəyə qoydu. Hələlik heç bir təqsiri olmayan Hek də Toma qoşuldu. Ümumi məqsədə xain çıxmış Co tez öz hərəkətini "izah  etməyə" başladı; o, ürəksizlik və ev üçün darıxmaq ləkəsini öz üzərinə götürərək asanlıqla yaxasını onların əlindən qurtara bildiyinə sevindi. Üsyan müvəqqəti olaraq yatırıldı.


Hava tamamilə qaralan kimi Hek mürgüləməyə, bir azdan sonra isə xoruldamağa başladı. Onun dalınca da Co yuxuya getdi. Tom bir müddət dirsəklənmiş halda hərəkətsiz uzanaraq onlara baxdı, sonra ehmallıca dizi üstə qalxıb tonqalın işıq saldığı yerdə otların arasını araşdırmağa başladı. O, borukimi burulmüş ağ çinar qabıqlarından bir neçəsini qaldırıb baxdı, nəhayət, iki dənə yararlısını seçib götürdü. Sonra ocağın qırağında çömbəlib cibindəki sülügənlə hər iki qabıq parçasına güc-bəla ilə bir neçə kəlmə söz cızdı, birini yenə də burub öz cibinə qoydu, o birini isə Conun şapkasını sahibindən bir qədər kənara itələyib, onun içinə qoydu. Bundan başqa o, bütün məktəblilərin nəzərində ən qiymətli şey olan bir parça tabaşiri, rezin topu, üç ədəd balıqtutan qarmağı, "xalis büllur" adını daşıyan kürəciklərdən birini də cibindən çixardıb şapkanın içinə qoydu. Sonra ayaqlarının ucunda ehtiyatla yeriyə-yeriyə ağacların arası ilə düşərgədən uzaqlaşdı, addım səsləri eşıdilməyəcək bir məsafəyədək getdi, sonra üzünü qumlu sahilə tutaraq qaçmağa başladı.