Mark Tven . Tom Soyyerin Macəraları. XIX fəsil
Tom əhvalı pozulmuş evlərinə qayıtdı, lakin xalasının ilk sözündən başa düşdü ki, dərdini dağıtmaq üçün bura heç də münasib yer deyildir.
- Tom, deyəsən mən səni möhkəm əzişdirməli olacağam!
- Xala, axı mən neyləmişəm ki?
- Elədiklərin bəs edər. Mən qoca axmaq da durub burdan Sirini Qarperin yanına gedirəm, deyirəm, indi sənin bu sarsaq yuxuna inanacaqdır, daha nə biləydim! Heç demə Co hamısını ona danışıb, deyib ki, sən həmin gecə burada olub bizim bütün danışıqlarımızı eşitmisən. Heç bilmirəm özünü belə aparan uşağın axın necə olacaqdır! Yadıma düşəndə dişim bağırsağımı kəsir, axı, sən necə razı oldun ki, mən gedib missis Qarperin yanında belə axmaq vəziyyətdə qalam. Barı mənə bircə kəlməsə də deyəydin. İndi artıq bütün işlər Toma başqa şəkildə görünürdü. İndiyə kimi səhərki uydurmaları ona çox məharətlə düşünülmüş bir zarafat kimi gəlirdi. İndi isə çox şit və qaba təsir bağışladı. Tom başını aşağı saldı, Özünə bəraət qazandıracaq bir söz tapa bilmədi. O dedi: - Xala, mən buna çox peşmanam, fikirləşməmişəm.
- Ah, mənim əzizim, sən nə vaxt bir iş görəndə fikirləşirsən ki?! Sən özündən başqa heç kəsin fikrini çəkmirsən. Bizim dərdimizə gülmək üçün adadan üzüb bura gəlirsən - fikirləşmirsən; özündən yuxu quraşdırıb məni axmaq yerində qoyursan - fikirləşmirsən; ancaq halımıza acımaq, bizi nahaq göz yaşı axılmağa qoymamaq heç yadına da düşmür.
- Xala, mən indi başa düşürəm ki, yaxşı iş görməmişəm, axı nə edim, qəsdən eləməmişəm ki, vallah, bilsəydim, eləməzdim! Bir də mən sizi lağa qoyub gülmək üçün gəlməmişdim.
- Bəs nə üçün gəlmişdin?
- İstəyirdim sizə deyim ki, bizim üçün narahat olmayasınız, çünki biz boğulmamışdıq.
- Ah, Tom, Tom, əgər mən bilsəydim ki, sən doğrudan da elə xoş bir niyyətlə gəlmisən, min dəfə Allaha şükür edərdim, ancaq sən özün də bilirsən ki, belə olmayıb, mən də bilirəm ki, belə olmayıb, məni niyə aldadırsan?
- Düz deyirəm, xala, elə olub; əgər düz demirəmsə, elə buradaca ölüm.
- Ah, Tom, özündən söz düzəltmə, bunun faydası yoxdur. Daha da öz yerini acı eləyirsən.
- Söz düzəltmirəm, xala, bunların hamısı doğrudur. Mən istəyirdim ki, siz dərd çəkməyəsiniz, elə ona görə də gəlmişdim.
- Mən buna inanmaq üçün dünyada hər şeydən keçərdim. Tom, təkcə bundan ötrü mən sənin bütün təqsirlərindən keçərdim. Hətta qaçıb getməyini, özünü elə pis aparmağını da bağışlardım. Ancaq inanmaq mümkün deyil. Elə isə bəs niyə sən mənə bir söz demədin, hə?
- Bilirsinizmi, xala, siz dəfn haqqında danışanda mənim birdən-birə ağlıma gəldi ki, qayıdıb kilsədə gizlənim! İşləri korlamağa heyfim gəldi. Ona görə də qabığı cibimə qoyub heç bir söz demədim. - Hansı qabığı?
- Üzərinə, dəniz quldurluğuna getdiyimizi yazdığım qabığı, heyf ki, mən sizi öpəndə ayılmadınız, heyf! Polli xalanın sifətindəki sərt qırışlar get-gedə hamarlaşdı, gözlərində mehriban bir təbəssüm goründü.
- Tom, sən məni doğrudanmı öpmüsən?
- Əlbəttə, bəs necə!
- Tom, sən bunu doğrumu deyirsən?
- Bəs necə, xala, əlbəttə, doğru deyirəm.
- Axı sən məni niyə öpdün, Tom?
- Ona görə ki, mən sizi olduqca sevirəm, yuxuda inildəyirdiniz - sizə yazığım gəldi. Bu həqiqətə oxşayırdı. Polli xala səsinin titrəməsini gizlədə bilmədən dedi:
- Gəl məni bir də öp, Tom! İndi isə çıx get məktəbə, mənə mane olma. Tom gedən kimi qarı özünü köhnə anbara salıb, Tom qaçan vaxt əynində olan gödəkcəni götürdü. Sonra, gödəkcə əlində, dayanıb öz-özünə dedi:
- Yox, əlim qalxmır. Yazıq uşaq, yəqin ki, mənə yalan deyibdir, ancaq bu yalan müqəddəs yalandır, mənim kədərimi azaltmaq üçün deyilmişdir, bu yalan məni sevindirdi! Ümidvaram ki, Allaha... yox, mən bilirəm ki, Allah onun təqsirindən keçəcəkdir, axı o bütün bunları ürəyinin yumşaqlığından quraşdırmışdır. Əgər məni aldadıbsa, heç bunu bilmək belə istəmirəm. Yox, baxmayacağam.
Polli xala gödəkcəni yerinə qoyub, bir dəqiqəliyə fikrə getdi. O iki dəfə əlini gödəkcəyə atdı, ikisində də onu götürməyib əlini geri çəkdi. Nəhayət, üçüncü dəfə cəsarətini topladı, özünə ürək-dirək verib dedi: "Bu yalan, başqasını dərddən qurtarmaq üçün deyilmiş müqəddəs yalandır, bunun üçün əhvalımı pozan deyiləm". Sonra isə əlini gödəkcənin cibinə saldı. Artıq bir dəqiqədən sonra o, göz yaşları içində, qabığın üzərində cızılmış sözləri oxuya-oxuya deyirdi; "İndi mən onun min təqsiri belə olsa hamısının üstündən keçəcəyəm!".
18.07.2023