Nuranə Rafailqızı. Novruz və Xoruz
Kəndə gəzməyə
gedibdi Novruz.
Səhər o başdan
banladı xoruz.
Durub yuxudan
əynin geyindi
Dodağı altda
xeyli deyindi.
Babasın görcək
Novruz soruşdu:
-Ay baba, xoruz,
nə tez durmuşdu?
Baba dilləndi
-Xoruzlar səhər
hamını bir-bir
işə səsləyər.
O banlamasa,
yatıb qalarıq.
Novruz dilləndi:
-Zəngi qurarıq!
Xoruz doyunca
yatmır hamıtək.
Axşam onunla
danışım gərək!
Səhərə qədər
qoy yatsın rahat!
Sübhə qurarıq
biz zəngli saat!