Şeirlər

Nuranə Rafailqızı. Leylanın oyuncaqları

Leyla oyuncaqları
Bəzəyib otağına.
Rəflərinin başına,
Masaya, yatağına.

 

Qızıldan da qiymətli
Dövlətidi, varıdı.
Bu balaca heyvanlar
Ən yaxın dostlarıdı.

 

Elə ki, oynamağa
Dostları gəlir qonaq.
Evdə qurulur səhnə,
Dil açır hər oyuncaq:

 

-Cik-cik! Dostlar, bu mənəm
Balaca bir cücəyəm.
Baxmayın balacayam,
Böyüyəndə beçəyəm.

 

Insanlar yeyir məni
Deyirlər ki, dadlıyam.
Düzdü, uca bilmirəm.
Amma, qol-qanadlıyam.

 

-Miyo-miyo! Bu mənəm,
Pişiyəm, naz satıram.
Bütün günü xorxaxor
Yük üstündə yatıram.

 

Quyruğumu bulayıb,
Hamar-tumardı peşəm.
Dolabdakı süd payın
Hamısını içmişəm.

 

-Salam dostlar, bu mənəm
Haçaqulaq dovşanam
Tarla, bostan, bağ-bağça
Qaçanam, dolaşanam.

 

Öndəki qoşa dişim,
Hər yerdə köməyimdi
Kələm ilə yerkökü
Sevimli yeməyimdi!

 

-Ham-ham! Dostlar, bu da mən
Vəfalı dost- itəm mən.
Çalışıram, hamının
Köməyinə yetəm mən!

 

Çəkirəm ev-eşiyin
Keşiyini sübhədək.
Keçmək olmur divardan,
Aşılmayan cəbhədək!

 

-Salam dostlar, bu mənəm
Şıltaq, dəcəl bir meymun.
Ağacların başında
Çıxardıram min oyun.

 

Budaq-budaq dolanıb
Banan yeməkdi peşəm.
Sizə banan qalmıyıb
Hamısını yemişəm!

 

-Auuuu! Dostlar, bu mənəm
İtidiş canavaram!
Meşədə ulayıram
Bilsinlər, mən də varam!

 

Təzə leş görən kim
Tez çəkirəm, dişimə.
Ən mahir ovçular da
Mat qalıb bu işimə!

 

-Salam, dostlar, bu mənəm!
Qocaman bir ayıyam.
Bayramda uşaqların
Ən sevimli payıyam!

 

Əyripəncə, çəpgözəm,
Yekəpərəm, iriyəm.
Oyuncaqlar içində
Mən sevimli biriyəm!

 

-Ciy-ciy! Dostlar, bu mənəm
Cəldəm, çevik siçanam
Bütün günü o bucaq,
Bu bucağa qaçanam.

 

Tıq-tıq xanım küsübdü,

Evdə tənha qoymuşam!
Zirzəmidə nə varsa,
Yeyib- içib, doymuşam!

 

-Salam, dostlar, bu mənəm
Nazlı-duzlu tülküyəm
Heyvanların içində
Birinciyəm, ilkiyəm.

 

Çoxbilmişəm, dilliyəm,
Hamıdan ağıllıyam.
Bircə dilim qoğalla
Dillərin nağılıyam.

 

-Quqquluqu! Bu mənəm.
Al-əlvan bir xoruzam!
Gərək, səhər banlayıb
Mən hamını durğuzam.

 

Ət saqqal, sümük ağız
Pipiyim qıpqırmızı.
Hansınız tanımırsız
Bu dalaşqan xoruzu?!

 

-Salam, dostlar, bu mənəm,
Qorxmaz, cəsur pələngəm.
Baxsana paltarıma, mən
Hamıdan qəşəngəm!

 

Kim çıxarsa qarşıma
Qorxudan əsir tir-tir.

Hamıdan güclü mənəm!
Bütün heyvanlar bilir.

 

...Beləcə, kiçik Leyla
Dayanmadan, durmadan
Heyvanların diliylə
Danışır yorulmadan.