Lampa xalçaları
Qarabağ tipinin Şuşa qrupuna aid “Lampa” və ya “Ləmpə” xalçaları “Ləçəkturunc” strukturu əsasında şaquli sistemə əsaslanmaqla tərtib olunub.
Bu xalçalar XIX əsrin I yarısında Şuşada, sonra Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunmağa başladı. Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlib. Bir qayda olaraq, “Lampa” xalçaları dəst şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu. Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölün yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir.
Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər - şaquli forma yaradan göllər və kətəbə "başlıq"la başa çatır. Orta sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. "Lampa" üçün xarakterik olan bu element orta sahəni çox gözəl bəzəyir. Bundan əlavə, orta sahənin başında və sonunda (künclərdə) geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da orta sahəni bəzəyir. 100x600 ölçülü uzunsov xalçalarda kənar haşiyə nazik olur. Bu prinsipə uzunsov formalı "Lampa" xalçalarında da riayət olunur. Beləliklə, belə nəticəyə gəlmək olar ki, XIX əsrin xalçaçılığının məhsulu olan "Lampa" xalçaları Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlmişdir. "Lampa" xalçalarının namazlıq formasında olanlarına da rast gəlmək mümkündür.
"Lampa xalçaları", bir qayda olaraq, uzunsov formada toxunurdu. Başqa ölçülərdə toxunmuş "Lampa xalçaları"na da rast gəlmək mümkündür. "Lampa xalçaları"nın ölçüləri 100x-500 sm-dən 150x-700 sm-ə qədər ölçülər arasında dəyişir.
"Lampa xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 35x35 düyündən 40x40 düyünə qədər yerləşir. Bir kvadrat metrdə isə 122 min düyündən 160 min düyünə təsadüf edilir.
"Lampa xalçaları"nda xovun hündürlüyü 7-9 mm-dir. "Lampa xalçaları" Qarabağ xalçaçılıq məktəbinin yüksək kateqoriyalı xalçalarından sayılır.
"Qarabağ xalçaları" biblioqrafiyası
28.07.2023