Şeirlər

Nuranə Rafailqızı. Əlisa sənət seçir

Hələ verməyib qərar,
Böyüyüb nə olacaq?
Gündə bir rola girib
Özün sınayır qoçaq.

 

Bir gün qalxır yuxudan
Əlində iynə-dərman.
Başlayır müayinə:
-Söylə, ağrıyır haran?

 

Çox müqəddəs peşədi,
Mütləq olacam həkim.
Bir daha xəstəliyə
Tutmayacaq heç kim!

 

Gah da çiynində paqon,
Başında enli papaq.
Qayda-qanun yaradır,
Evdə balaca qoçaq.

 

Soruşanda söyləyir:
-Daha, polis olacam,
Asayiş keşiyində
Cəsarətlə duracam!

 

Hərdən də palitrası
O, əlində dolanır.

Kağız-vərəq qurtarır,
Divar rəngə boyanır.

 

-Məhşur rəssam olacam!
Görün, çəkəcəm nələr..
Həm portret, natrümort,
Həm də süjetli əsər.

 

Gah əlində mikrofon
Dayanmadan oxuyur.
Şirin nəğmələrini
Bütün qonşular duyur.

 

-Yox, mən daha düşündüm,
Olacağam xanəndə!
Azərbaycan muğamın
Tanıdacam aləmdə!

 

Qayçı-kağız nə varsa,
Bir-bir yığır yanına.
Kartondan ev düzəldir
Kiçik oyuncağına.

 

Deyir:- Bəlkə, böyüyüb
Elə, olum mühəndis?!
Qəşəng evlər tikərəm,
Bunun nəyidi ki, pis?

 

Birdən qalxır yuxudan
Oyuncaq rulu ilə.
Bütün maşınlarını

Düzür öz yolu ilə

 

-Yox daha, sürücülük
Olsun mənim sənətim.
Hamını ünvana
Çatdırmaqdı məqsədim.

 

Bəzən, dolanır evdə
Kitab-dəfətər əlində.
Məntiq, misal, məsələ
Həll edir dəftərində.

 

-Mən müəllim olacam,
Məktəbdə dərs deyəcəm.
Balaca dostlarıma
Biliklər öyrədərəm!

 

Gah avtomat əlində,
Gedir o yan bu yana.
Sürünür döşəmədə,
Gah da, qalxır divana.

 

-Yox, dəqiq qərarımdı,
Mən əsgər olmalıyam!
Qarabağı düşmənin
Əlindən almalıyam!

 

Bir gün dinir anası:
-Oğlum, düşün ver qərar!
Bil ki, çoxu istəyən
Sonunda, azdan olar!

 

Dahi şair Nizami
Gözəl sözlər söyləyib.
Mən deyim, yadda saxla
Gör, bu haqda nə deyib:

 

“Bir elmi öyrənmək
İstədikdə sən.
Çalış ki, hər şeyi
Kamil biləsən!

 

Kamil bir palançı
Olsa da insan.
Yaxşıdı yarımçıq
Papaqçılıqdan.”

 

Əlisa qulaq asıb,
Söylədi anasına:
-Ana, mən balacayam
Hələ çox vaxt var ona.

 

Gərək böyüyənədək
Hamısını sınayım.
Elə sənət seçim ki,
Sonra peşman olmayım!