Şeirlər

Nuranə Rafailqızı. Turalın sualları

-Ana, söylə bu kimdi?
-De görüm bəs, bu nədi?
-O niyə axı belə?
-Bəs, bu niyə belədi?

 

Hər nə görsə, nə tapsa
Hər şeyə verir sual.
Cavabın almayınca,
Dayanmır kiçik Tural.

 

Sual doğur sualdan
Ha cavab verir ana
Düşüb əldən-ayaqdan
Bir gün söyləyir ona:

 

-Oğul bala, hər şeyin
Niyəsi olmur axı!
Kiçik Tural sakitcə
Susub anaya baxır.

 

Gedib bir az düşünüb,
Yenə gəldi yanına:
Sonuncu sualımdı
Olar verim, ay Ana?

 

-Söylə, suallarının
Olsun bu son dənəsi.
-Ay ana, bəs hər şeyin
Niyə olmur niyəsi?