Sədi Şirazi. Mərhəmətli Qoca və Oğru
Təbriz şəhərində bir qoca vardı,
Gecələr yatmayıb oyaq qalardı.
Bir gecə gördü ki, kəməndlə oğru
Dırmaşır sürətlə düz dama doğru.
O, səs-küy qoparıb xalqı oyatdı,
Gələnlər ağaca, daşa əl atdı.
Oğru görüb adam tutub hər yanı,
Qorxuda-xətərdə qalıbdır canı.
Yalnız bir tərəfdən yolu açıqdı,
Sürətlə əkilib aradan çıxdı.
Yumşalıb qocanın qəlbi oldu mum,
Düşündü: oğrunu mən etdim məhrum.
Qaranlıqda dönüb başqa tərəfdən,
Oğruya yanaşıb dedi: dostum, mən
Səndəki cürətə olmuşam heyran,
Hələ görməmişəm sənin tək insan.
İgidlik ikidir: biri düşməni
Mərdliklə əzməkdir, ikinci, səni
Düşmən bürüyəndə qaçmaqdır əlac,
Gərək etməyəsən ömrünü tarac.
Səndə var dediyim bu iki xislət,
Həm çeviklik, həm də yaxşı cəsarət.
Xətadan-bəladan var əmin yerim,
Kərəm qıl, gəl gedək sənə göstərim.
O bir saraydır ki, bağlı hər yanı,
Heç kəsin o yerə gəlməz gümanı.
Qoyum bir-birinin üstə neçə daş,
Çıx mənim çiynimə saraya dırmaş.
Əlinə nə keçdi ordan çırpışdır;
Əliboş dönməkdən məncə bu xoşdur.
Şirin dilə tutub qoca oğrunu,
Öz evinə tərəf apardı onu.
Qəlbi açıq qoca evdə nə vardı,
Oğruyçün tulladı, oğru apardı.
Dedi:qaç, dayanma, ol duman, tüstü,
Canını xətərdən qurtar əlüstü.
Oğru qaçdı, qoca səs-küy qopardı.
Dedi, var-yoxumu oğru apardı.
Oğru dolu getdi, qoca oldu şad
Ki, bir avaranı eyləyib dilşad.
Yaxşının əlindən yaxşılıq gələr,
Yaman adamı da xoşbəxt istəyər.
11.09.2023