Bu maraqlıdır!

Kinonun yaranması

Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. 


Filmlər yarandığı ilk zamanlardan səssiz nümayiş etdirilmişlər. 1 noyabr 1895-ci ildə Skladovski qardaşları Berlinin klublarının birində düzəldikləri bioskop ilə 15 dəqiqəlik səssiz film nümayiş etdirirlər. Eyni vaxtda fransalı Lümyer qardaşları öz kinomoqraf (bu şəkil çəkən, köçürən və çalan qurğulardan ibarət idi) qurğusu ilə səssiz film göstərirlər. 


Skladovski qardaşlarından fərqli olaraq Lümyer qardaşları öz filmlərinin 22 mart 1895-ci ildə olan nümayişinə cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələrini də dəvət etmişdirlər. 28 dekabr 1895-ci ildə Parisdə filmin təqdimatı baş tutur. Lümyer qardaşlarının düzəltdikləri qurğu Skladovski qardaşlarına mənsub olanı sıxışdırır. Çünki, Lümyer qardaşları bunun üçün böyük kapitala malik idilər. 


Səssiz filmlər çox qısa idilər. Onlar cəmi bir neçə saniyə göstərilərək, adi həyatı və müəyyən zarafatlarla dolu hadisələri təsvir edirdilər. İlk zamanlarda filmə olan maraq bunun üçün düzəldilmiş texniki inkişafla bağlı idi. Filmlərin mövzusuna maraq isə bir qədər gec yaranmışdır. 


Lümyer qardaşlarının çəkdiyi filmlər yalnız fotoqrafiyaya tamamlama kimi baxıla bilərdi. Bu canlı şəkillər yalnız dokumentasiya xarakteri daşıyırdılar. 


İngiltərəli Qeorq Smit 1902-ci ildə "Doktor" adlı film çəkərək ilk dəfə olaraq filmdə informasiya vermək yolunda addım atır. Onun filmində söhbət pişikdən gedirdi. Perspektivlərin, şəkillərin ölçülərinin dəyişdirilməsi və onların ritmik qaydada uzlaşdırılması ilə o "film dilini" yaratmışdır. İlk filmlər sırasında 1903-cü ildə Edvin Porter tərəfindən çəkilmiş, 12 dəqiqəlik "Qatarda böyük qarət" filmi böyük rol oynamışdır. Bu ilk vestern tipli filmdə qatara hücum, qaçış kimi tamaşalar təsvir olunmuşdur. 


1910-cu ildən Hollivudda bir çox film ustaları öz müəssisələrini açırlar. Bu yerin seçilməsində əsas rolu oranın çəkişmələrdən uzaq və günəşli olması idi. Sonuncu amil film materialının işığa güclü həssas olması və günəşin yeganə işıqlandırma vasitəsi olması ucbatından çox vacib idi. Həmin vaxtlarda film sənəti həm ABŞ-də, həm də ondan uzaqlarda inkişaf edirdi. İtaliya filmi Kabiria (1914) istehsal xərcləri üçün yeni miqyaslar qoyur. Qriffitin çəkdiyi "Millətin yaranması" (1915) və "Tolerantsızlıq" (1916) kimi filmlər məşhurlaşırlar. 


Həmin dövrdə komediyaçı Çarli Çaplinin filmləri çox sevilirdi. 1921-ci ildə çəkdiyi "Uşaq" filmi ilə o çox böyük uğur qazanır. 


Rus film ustası Sergey Eyzenşteyn montaj texnikasının inkişafına təsir göstərir. Onun məşhur filmi "Potyomkin zirehli gəmisi" (1925) bir gəmidə üsyandan və matrosların Odessada rus ordusu ilə toqquşmasından söhbət açır. Bu filmdə işlədilən bir çox səhnələr öz yeniliyinə görə film tarixində tez-tez hallanır.