Xəbərlər

Uşaqları travma alma riskindən necə qoruyaq?

“Travmaların xarakterik xüsusiyyətləri və əmələ gəlmə səbəblərinə görə bir çox növləri var. Bunlar məişətdə, dərsarası fasilə, idman dərsləri zamanı alınan, küçə, nəqliyyat və travmalarıdır. Adətən məişət travmasını uşaqlar evdə alırlar. Travmatizmin bu növü körpə uşaqlarda daha çox təsadüf edir. Ən çox rast gəlinən məişət travması yıxılma, yanıqlar, boğulma və zəhərlənmədir”.

 

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu fikirləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Tofiq Abdullayev deyib.

 

O, uşaqlarda travma alma riskini azaltmağın yolları barədə danışıb: “Gündəlik həyatımızda çarpayıdan, masadan, pilləkəndən və oyun meydançalarındakı avadanlıqlardan yıxılma uşaqlarda travmalara səbəb olur. Nəzərə almalıyıq ki, uşağa 24 saat ərzində nəzarət etmək sadə bir məsələ deyil. Hər zaman diqqət yayan amillər əmələ gələ bilər. Ehtiyatlılıq qaydalarına riayət etməklə, uşaqlarda travma riskini əhəmiyyətli dərəcədə azaltmaq olar. İlk növbədə körpə uşaqlar üçün evdə təhlükəsiz mühit yaradılmalıdır. Uşaqları su hövzələrinin yanında tək buraxmaq olmaz. Yolu keçərkən, diqqətlə yola nəzarət etməyi, təhlükəsiz yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyi uşaqlara öyrətmək lazımdır”.

 

Mütəxəssisin sözlərinə görə, körpə uşaqlarda ən çox rast gəlinən travma növləri yanıq və sınıqlardır: “Bəzən diqqətsizlik və ehtiyatsızlıq uşaqların travma almasına gətirib çıxarır. Körpə uşaqlar divandan, stuldan, kreslodan yıxılma nəticəsində sınıq travması ala bilirlər. Eyni zamanda, çarpayının üstündə nəzarətsiz buraxılanda da yıxılıb travma almaları mümkündür.

 

Məktəbəqədər yaş dövründəki uşaqlarda travmatizmin bir çox növlərinə rast gəlinir. Lakin, dayaq-hərəkət aparatının travmalarının sayı üstünlük təşkil edir. Ən çox bu yaş uşaqlarda “mil sümüyünün başının yarımçıxığı”na təsadüf edilir. Uşağın əlindən birdən dartan, uşağı geyindirən və soyunduran, dar köynəyi əynindən çıxaran zaman qolunun sərt çəkilməsi zamanı mil sümüyünün başının yarımçıxığı baş verə bilər. Travma 1-3 yaş uşaqlarda daha çox olur. Bu zaman qol-dirsək oynağından azca bükülmə və sallanmış vəziyyətdə olur. Ona görə də məsləhət görülür ki, uşağı gəzdirən zaman ya paltardan, ya da xüsusi cilovdan istifadə edilsin.

 

Məktəb yaşlı uşaqlarda isə travmatizmin bütün növlərinə rast gəlmək mümkündür. Məktəb travmatizmi deyəndə məktəbdə baş verən travma başa düşülür. Bu travma dərs prosesi ilə əlaqəli deyil. İdman zamanı travmalar nəzərə alınmasa, məktəb travmalarının çoxu dərs fasilələri zamanına təsadüf edilir. Bu travmalar fasilə vaxtı pilləkəndən, partadan, pəncərə qabağından yıxılma nəticəsində yaranır”.

 

T.Abdullayev uşaqların travma alma riskinin daha çox yay mövsümündə olduğuna diqqət çəkib və valideynlərə tövsiyələr verib: “Uşaq travmatizmi və onun qarşısının alınması çox vacib və ciddi məsələdir. Xüsusən də yay fəslində, məktəb tətili dövründə uşaqların küçədə vaxtlarını sərbəst keçirtməyə imkanları olur və bəzən böyüklərin nəzarətindən kənarda qalırlar. Bu da öz növbəsində həmyaşıdları ilə müxtəlif əyləncəli oyunlar zamanı ağaca və ya hasara yıxılaraq xəsarət almasına səbəb ola bilər. Uşaqlarda küçə travmaları hərəkət qaydalarını bilməmələri və ya riayət etməmələri nəticəsində baş verir. Küçə travmatizminin nəqliyyatla əlaqəli olan və nəqliyyatla əlaqəli olmayan növləri var. Məişət və küçə travmaları uşaq travmatizminin əsas hissəsini təşkil edir. Travmatizmin ən ağır növü isə nəqliyyat travmatizmidir. Uşaqlar yay vaxtı velosiped, rolik, skeytbordinq sürən zaman yıxılıb ətrafların sınığı və başdan (kəllə-beyin travması) zədə ala bilərlər. Uşaqlar skuter sürən zaman başlarına “kaska”, diz və dirsək oynağı nahiyəsində qoruyucu sarğılar, fiksatorlar taxmalıdırlar. Onlar yıxılan zaman həmin nahiyələri travmalardan müəyyən qədər qoruyur”.