Görkəmli şəxsiyyətlər

Vasil Bıkov

Belarus yazıçısı, ictimai xadim, İkinci Dünya müharibəsinin iştirakçısı, SSRİ Yazıçılar Birliyinin üzvü Vasil Bıkov 1924-cü il iyunun 19-da Belarusun Vitebsk vilayətinin kiçik Bıçki kəndində çoxuşaqlı ailədə anadan olub. Vasil Vladimiroviç Bıkovun uşaqlığı çətin keçib. Yazıçının özünün sonralar xatırladığı kimi, “məktəbə getməli olduğu zaman yemək və geyinmək üçün heç nəyin olmadığı ac bir həyat...”.

 

Lakin o yaradıcılığa erkən maraq göstərdi, rəsm çəkməyə başladı, Minsk İncəsənət Məktəbinə daxil oldu, lakin məzun ola bilmədi, müharibə başladı.

 

1942-ci ildə hərbi kursları bitirdikdən sonra təltif olunan kiçik leytenant rütbəsi ilə cəbhəyə yollandı. Tezliklə ailəsi onun ölüm xəbərini aldı. Lakin o zaman ağır yaralanan leytenant Bıkov sağ qaldı və xəstəxanada müalicə olunduqdan sonra döyüş yolunu davam etdirdi.

 

Müharibədən sonrakı illərdə hərbi mövzulara, müharibədən sonrakı nəslin taleyinə müraciət edən istedadlı müəllifin əsərləri dövri mətbuat səhifələrində və ayrı-ayrı nəşrlərdə çap olunmağa başladı. Onların arasında “Ölülər ağrımır” avtobioqrafik povesti, həmçinin “Alp balladası”, “Üçüncü raket”, “Getmək və geri dönməmək”, “Dan yeri ağaranadək yaşamalı”, “Qurd çuxuru” və digər əsərlər ona geniş oxucu sevgisi qazandırdı.

 

1976-cı ildə rejissor Larisa Şepitko Vasil Bıkovun “Sotnikov” hekayəsini ekranlaşdırıb. “Yüksəliş” adlı filmdə böyük kino istedadına malik rejissor Belarusun işğalı zamanı almanlara əsir düşən iki partizanın hekayəsindən bəhs edir. Burada qəhrəmanlıq və xəyanət, nəciblik və alçaqlıq, fədakarlıq və qorxaqlıq qarşı-qarşıya qoyulur. Bu filmdə baş rolları ifa edən o vaxt gənc aktyorlar Boris Plotnikov və Vladimir Qostyuxin daha sonra eyni dərəcədə maraqlı olan digər kino layihələrin çəkilişlərində iştirak edib, çoxsaylı tamaşaçı auditoriyasının məhəbbətini və marağını qazanıblar.

 

Ümumilikdə Vasil Bıkovun əsərləri əsasında 20-yə yaxın bədii film çəkilib.

 

Yazıçı 2003-cü il iyunun 22-də sağalmaz ağır xəstəlikdən vəfat edib.