Mark Tven. Heklberri Finnin macəraları. XXIX fəsil
Camaat görkəmcə çox mehriban bir qocanı və ondan bir qədər cavan olub əli sarıqlı, qəşəng bir centlmeni araya alıb gətirirdi. Hamı elə qışqırır və qəhqəhə çəkib gülürdü ki, daha deməyə belə gəlməzdi! Həm də yaman məsxərə edirdilər. Mən bunda heç bir gülməli şey görmürdüm, kral və hersoq da gülmürdü; mən, sözün düzü, belə düşünürdüm ki, onlar qorxub özlərini itirəcəklər. Ancaq qətiyyən belə olmadı, onlar zərrə qədər də qorxmadılar. Hersoq yalandan özünü elə göstərirdi ki, guya nə olduğunu heç başa üşmür.
Şən və məmnun halda özü üçün gəzinir, mızıldayırdı, sanki yağ çalxalanan nehrə idi, kral isə onlara elə acı-acı baxırdı ki, elə bil dünyada belə əclaf və murdar adamlar olduğunu görəndə ürəyi ağrıyırdı. Bu onun simasında çox gözəl çıxırdı. Hörmətli adamlar ralın tərəfində olduqlarını bildirmək üçün onun başına toplaşdılar. Yenicə gəlmiş qoca özünü lap itirmişdi. Sonra qoca danışmağa başladı, mən o saat gördüm ki, o, kral kimi yox, əsl ingilis kimi danışır, ancaq deməliyəm ki, kralın saxta ingilis dili də pis çıxmırdı. Mən qocanın dediklərini eynilə söyləmək istəmirəm, daha doğrusu, söyləyə də bilmərəm. O, camaata tərəf dönüb təxminən bu sözləri söylədi:
- Mən belə gözlənilməz bir şey olacağını bilmirdim və düzünü etiraf etməliyəm ki, ona pis hazırlaşmışam. Qardaşımla mənim bəxtim elə əvvəldən gətirmədi! Qardaşım qolunu sındırdı, şey-şüyümüzü isə keçən gecə səhv olaraq başqa bir şəhərdə boşaltmışlar. Mən Piter Uilksin qardaşı Harviyəm, bu isə onun qardaşı, kar-lal Vilyamdır; o danışa bilmir və qətiyyən eşitmir, indi isə bir əlnən işarə etməyi də bacarmır. Biz yalan danışmırıq, həmin adamlarıq; bir-iki gündən sonra şey-şüyümüzü aldığımız zaman mən bunu sübut edə bilərəm. O vaxtadək isə daha bir şey deməyəcəyəm, mehmanxanaya gedib orada gözləyəcəyəm.
Qoca belə deyərək, yeni müqəvva ilə çıxıb getdi; kral isə qəhqəhə çəkib gülməyə və istehza etməyə başladı:
- Bir ona bax, əlini sındırıb! Necə də doğru sözdür, eləmi? Kar və lalların əlifbasını bilməyən yalançı üçün nə qədər də münasibdir! Şey-şüyləri itib? Bu əladır. Belə bir vəziyyət üçün böyük məharətdir! Kral belə deyib yenə güldü, üç-dörd... bəlkə də, beş nəfərdən başqa, hamı güldü.
Gülməyənlərdən birisi həmin doktor, o birisi isə əlində köhnə dəbli toxunma məfrəş olan iti gözlü centlmen idi; o elə indicə paroxoddan düşmüşdü; doktorla o astadan danışır, arabir krala baxaraq başları ilə bir-birlərinə işarə edirdilər; həmin centlmen, iş dalınca Luis-villə getmiş vəkil Levi Bell idi; üçüncüsü sağlam, enlikürək yekəpər bir kişi idi; o əvvəlcə yaxına gəlib qocanın dediklərinə diqqətlə qulaq asmış, indi isə kralı dinləyirdi.
Kral sözünü qurtarıb susduqda həmin enlikürək kişi dedi:
- Bura baxın, əgər siz Harvi Uilksinizsə, onda deyin görüm buraya, şəhərə nə vaxt gəlmisiniz?
- Dəfndən bir gün qabaq, dostum, - deyə kral cavab verdi.
- Günün hansı vaxtında?
- Axşam gün batana bir, ya iki saat qalmış.
- Nə ilə gəlmişsiniz?
- Mən Sinsinniatidən "Süzel Pouel" paroxodu ilə gəlmişəm.
- Bəs deyin görüm, necə olub ki, səhər, çayın burnu yanında qayıqda olmusunuz?
- Mən səhər, çayın burnu yanında olmamışam.
- Yalan deyirsən!
Bir neçə adam qabağa qaçıb onu dilə tutmağa başladı ki, qoca kişi ilə, vaizlə bir qədər nəzakətli davransın.
- Onun nəyi vaizdir! O fırıldaqçıdır və hamısını yalan deyir! O həmin səhər çayın burnu yanında olub. Bilirsinizmi, mən orada yaşayıram.
Mən də orada idim, o da. Mən onu görmüşəm. O qayıqda Tim Kollins və bir oğlan uşağı ilə birlikdə gəlirdi.
Bu vaxt doktor birdən soruşdu:
- Xayns, əgər siz həmin uşağı bir də görsəniz, tanıyarsınızmı?
- Belə bilirəm ki, tanıyaram, amma möhkəm əmin deyiləm... Bax budur, dayanıb görən kimi tanıdım.
O belə deyib məni göstərdi. Doktor dedi:
- Dostlar, mən təzə gələnlərin fırıldaqçı olub-olmadıqlarını bilmirəm, amma bu iki nəfər fırıldaqçı deyilsə, onda mən lap əbləhəm, vəssalam! Məncə onlara göz qoymaq lazımdır ki, biz bu məsələni ayırd etməmiş qaçmasınlar. Gedək, Xayns, siz də gəlin. Bu fırıldaqçıları mehmanxanaya aparıb o biri iki nəfərlə üzləşdirmək lazımdır. Mən elə güman edirəm ki, ayırd etmək çətin olmayacaq, işin nə yerdə olduğu o saat bilinəcək.
Kralın dostları bundan bəlkə çox məmnun olmadılarsa da, camaat üçün bu əsl bir əyləncə idi. Qürub vaxtı idi. Doktor əlimdən tutub mənimlə çox mehriban davranır, ancaq bircə dəqiqə belə əlimi buraxmırdı.
Mehmanxanada hamımız böyük bir otağa daxil olduq. Şamları yandırıb, həmin təzə adamları çağırdılar.
Doktor hər şeydən əvvəl dedi:
- Mən bu iki nəfərə qarşı həddindən artıq amansız olmaq istəmirəm, ancaq bununla belə, bu fikirdəyəm ki, onlar saxtakar və fırıldaqçıdırlar, onların burada tanımadığınız olanları da vardır. Belə olduqda o adamlar Piter Uilksin ölümündən sonra qalmış olan bir kisə qızılı özləri ilə götürüb qaça bilməzlərmi? Əlbəttə, qaça bilərlər. Əksinə, əgər fırıldaqçı deyillərsə, onda qoy adam göndərib pulu gətirsinlər və özlərinin kim olduqları müəyyən edilincəyədək saxlanılmaq üçün bizə versinlər, elə deyilmi?
Buna hamı razı oldu. Öz-özümə fikirləşdim ki, onlar bizim dəstəni yaman yaxalayıblar, özü də birdən-birə işi tərsinə döndəriblər! Kral isə qüssə ilə onlara baxıb dedi:
- Cənablar, əgər pullar burada olsaydı, mən buna çox şad olardım, çünki bu kədərli əhvalatın, vicdanla, açıqcasına və əsaslı surətdə təhqiq olunmasına müyyən mane olmaq istəmirəm; ancaq, əfsus ki, həmin pullar daha yoxdur, əgər istəyirsinizsə bir adam göndərib yoxlaya bilərsiniz.
- Bəs hardadır?
- Bax belə olub, qardaşım qızı qızılı saxlamaq üçün mənə verdikdə, mən onu götürüb öz çarpayımdakı saman döşəyin içinə soxdum, çünki bir neçə gündən ötrü pulu banka qoymaq istəmirdim; mən elə düşündüm ki, çarpayı nə qədər ki buradayıq, etibarlı yerdir,
çünki zəncilərə alışmamışıq, elə bilirdim ki, onlar da bizim İngiltərədəki xidmətçilər kimi namusludurlar.
Zəncilər isə elə həmin səhər, mən aşağıya düşən kimi pulu oğurlamışlar; mən bunu zənciləri satana qədər bilmirdim, onlar pulla birlikdə, beləcə çıxıb getmişlər. Centlmenlər, mənim xidmətçim də bunu sizə deyə bilər.
Doktor və bir neçə başqa adam: "Cəfəngiyatdır!" deyə qışqırdı. Qalanları da, gördüm ki, ona çox inanmadılar. Birisi zəncilərin qızılı oğurladıqlarını görüb-görmədiyimi soruşdu. Mən dedim yox, görməmişəm, onların otaqdan ehtiyatla çıxıb tez getdiklərini görmüşəm; ancaq men heç bir pis fikrə düşməmişdim, elə bilirdim ki, onlar mənim sahibimi oyadacaqlarından qorxurlar və sahibim onları söyməmişkən qaçıb getmək istəyirlər. Məndən daha heç bir şey soruşmadı. Bu vaxt doktor mənə tərəf dönüb dedi:
- Sən də ingilissənmi?
Mən dedim ki, bəli. Doktor, eləcə də başqaları gülüşdülər: "Cəfəngiyatdır!" dedilər.
Sonra onlar həmin təhqiqata girişdilər, elə əngələ düşdülər ki, gəl görəsən. Vaxt gəlib keçir, axşam naharı haqqında heç kəs bir söz demirdi, onu yada salmağı belə unutmuşdular. Onlar uzun-uzadı təhqiqat apardılar, axın elə dolaşıq işlər ortaya çıxdı ki, bundan daha dolaşığı ola bilməzdi. Onlar kralı həqiqəti söyləməyə məcbur etdilər; sonra təzə gələn qoca da hər şeyi olduğu ki, danışdı; bundan sonra aydın görünürdü ki, təzə gələn qoca düzün deyir, o birisi isə yalan söləyir, belə ki, buna yalnız axmaqlar şübhə edərdi. Sonra onlar mənə dedilər ki, bildiklərimi söyləyim. Kral mənə acıqlı-acıqlı elə çəpəki bir nəzər saldı ki, mən o saat özümü ələ alıb nələri söyləməyi kəsdirdim. Mən Şeffild haqqında, orada necə yaşadığımız, ingiltərəli Uilkslər barədə və bu qayda ilə başqa şeylər haqqında danışmağa başladım; azca tanışmışdım ki, doktor qəhqəhə çəkib güldü, vəkil Levi Bell isə sözünü kəsib dedi:
- Ay oğlan, əyləş; sənin yerinə mən olsaydım, bu qədər əziyyət çəkməzdim; görünür ki, yalan danışmağa adət etməmisən, dediklərin yaxşı, inandırıcı çıxmır; yəqin ki, təcrübən azlıq edir. Çox rabitəsiz sözlər uydurursan.
Mən onlara iltifat göstərmək istəmədim, lakin məni dinc buraxdıqlarına çox şad idim.
Doktor nə isə demək istəyirdi, o, vəkilə tərəf dönüb sözə başladı:
- Levi Bell, əgər siz lap əvvəldən şəhərdə olsaydın...
Kral onun sözünü yarımçıq kəsdi, əlini vəkilə uzadıb dedi:
- Zavallı qardaşımın həmin köhnə dostu olmaya sizsiniz? Qardaşım sizin haqqınızda mənə tez-tez yazardı.
Vəkil ilə kral bir-birlərinin əlini sıxdılar, vəkil çox şad olubmuş kimi gülümsədi; onlar biraz danışdılar sonra kənara çəkilib pıçıltı ilə söhbət etməyə başladılar; nəhayət, vəkil ucadan dedi:
- Elə də edərik. Mən sizin çekinizi götürüb qardaşınızın çeki ilə birlikdə göndərərəm, onda onlar hər şeyin öz qaydasında olduğunu başa düşərlər.
Bu vaxt kağız və qələm gətirdilər; kral stolun arxasına keçib əyləşdi, başını yana əydi, dodaqlarını çeynəyərək nə isə cızma-qara etdi, sonra qələmi hersoqa verdilər, hersoq deyəsən ilk dəfə olaraq özünü itirdi. Lakin buna baxmayaraq, qələmi alıb yazmağa başladı. Bundan sonra vəkil təzə gəlmiş qocaya tərəf dönüb dedi:
- Sizdən və qardaşınızdan xahiş edirəm ki, bir-iki sətir yazıb, altında da imza edəsiniz. Qoca nə isə yazdı, lakin heç kəs onun xəttini oxuya bilmədi. Vəkil çox təəccübləndi, odur ki, dedi:
- Heç bir şey anlamıram!
Sonra o, cibindən bir yığın köhnə məktub çıxarıb əvvəlcə onlara, sonra həmin qocanın yazısına, daha sonra yenə məktublara baxıb dedi:
- Bu Harvi Uilksin məktubudur, bunlar da bu iki nəfərin yazılarıdır, bunlara baxan hər bir kəs görər ki, məktublar başqa xətlə yazılıbdır, - kral ilə hersoq vəkilin onlara kələk gəldiyini başa düşdülər; onlar özlərini itirib axmaq görkəm almışdılar - bu isə bu centlmenin xəttidir, buna baxan hər bir kəs də əziyyət çəkmədən görər ki, bu məktubları o da yazmamışdır, əslində, belə cızma-qaraya xətt də demək olmaz. Bax, bu məktub isə...
Bu vaxt təzə gələn qoca dedi:
- Mənə icazə verin, izah edim. Mənim xəttimi qardaşımdan başqa heç bir kəs oxuya bilmir, odur ki, o, həmişə mənim məktublarımın üzünü köçürür. Siz onun xəttini görmüsünüz, mənimkini yox.
- Bəli! - deyə vəkil dilləndi. - Qəribə məsələdir. Məndə Vilyamın da məktubları vardır; xahiş edirəm, ona deyəsiniz ki, bir-iki sətir yazsın, biz onda xətləri tutuşdura bilərik.
- O, sol əliylə yaza bilmir, - deyə qoca cavab verdi. – Əgər sağ əli işləsəydi, öz məktublarını da, mənim məktublarımı da onun yazmış olduğunu görərdiniz. Xahiş edirəm, hər iki məktuba baxın, onda sizə yəqin olar ki, bunların hər ikisini eyni adam yazmışdır. Vəkil məktublara baxıb dedi:
- Mənə elə gəlir ki, bu doğrudur; əgər doğru olmasa da, oxşarlığı əvvəl düşündüyümdən çoxdur. Mən elə bilirdim ki, kələfin ucunu tapmışıq, son demə, yenə əldən vermişik. Hər halda, bir şey sübut edilmişdir: bu iki nəfər Uilkslər deyildir. - Vəkil başı ilə işarə edib kralla hersoqu göstərdi.
Sizcə, kral nə etsə yaxşıdır? Bu qoca axmaq yenə də təslim olmaq istəmədi. Bəli, həyasızlıq edib təslim olmaq istəmədi. Dedi ki, belə yoxlama yaramaz. Onun qardaşı Vilyam yaman zarafatcıl adamdır, o əsl xəttilə qəsdən yazmaq istəməyibdir; Vilyam kağızı cızmağa başlayan kimi, o başa düşüb ki, zarafat etmək istəyir. Kral o qədər yalan söylədi, axırda az qaldı ki, özü də buna inansın, lakin bu vaxt sonra gələn qoca onun sözünü yarımçıq kəsib dedi:
- Mənim ağlıma bir fıkir gəlib. Burada mənim qardaşımı... Yəni Piter Uilksi geyindirməyə kömək edən adamlardan varmı?
- Bəli, var, - deyə birisi cavab verdi, - mən və Eb Terner kömək etmişik. Biz hər ikimiz burdayıq.
Belə olduqda qoca üzünü krala tutub dedi:
- Bu centlmen, Piterin sinəsində hansı döydürmə şəkil olduğunu mənə deyə bilərmi?
Hə, burda kral tez bir şey fikirləşib deməli idi, yoxsa belə bir şeydən sonra adamın lap atası da yanardı, belə bir şey təkcə onun yox, elə hamının atasını yandırardı! O, Piterin sinəsində nə şəkil olduğunu haradan biləydi? Kralın hətta bənizi ağardı, axı necə də ağarmasın! Otağa sakitlik çökdü, hamı özünü irəliyə verib gözünü krala zilləmişdi. Mən isə belə fikirdəydim: kral indi yalvaracaq, hər şeyi açıb deyəcəkdir, axı müqavimət göstərməyin daha na mənası var! Bəs o, necə bilirsiniz - yalvardımı? İnanın ki, bunu heç
ağlına da gətirmədi. O, görünür ki, hamıya birdən üstün gəlincəyədək durub müqavimət göstərməyi, hamı yorulub yavaş-yavaş dağılışmağa başlayanda isə hersoqla birlikdə qaçmağı qət etmişdi; odur ki, dinməzcə oturab qaldı, sonra isə gülümsəyərək dedi:
-Hm! Əlbəttə, çox müşkül sual vermişsiniz! Bəli, ser, mən onun sinəsində nə şəkil döyüldüyünü sizə deyə bilərəm. Kiçik, nazik göy ox, bəli; əgər diqqətnən baxmasan, onu heç görə də bilməzsən. Yaxşı, bəs indi nə deyəcəksiniz, hə?
Yox, mən heç kəsdə bu qoca kaftardakı qədər bihəd həyasızlıq görməmişdim!
Təzə gəlmiş qoca cəld Eb Ternerə tərəf döndü, onun gözləri parıldayırdı, elə bil ki, bu dəfə kralı tutmuşdu, cəld soruşdu:
- Hə, eşitdinizmi nə dedi? Piter Uilksin sinəsində elə bir nişan vardımı?
Onların hər ikisi birdən cavab verdi:
- Biz belə bir nişan görməmişik.
- Çox gözəl! - deyə qoca centlmen sözünə davam etdi. - Bəs siz onun sinəsində o qədər də aydın görünməyən kiçik P və B görmüşsünüzmü? Piter cavanlıqda adını və atasının adını belə yazırdı, sonra isə başqa cürə yazmağa başladı; axırda U yazır və aralarında tirə qoyurdu, bax belə: P.-B.-U. - Qoca bütün bunları bir parça kağıza yazdı. –Deyin görək, siz belə nişan görmüşsünüzmü?
Hər ikisi yenə də birdən cavab verdi:
- Yox, biz belə bir şey görməmişik. Biz heç bir nişan görməmişik.
Bu vaxt başqaları da dözə bilməyib qışqırmağa başladılar:
- Onların hamısı fırıldaqçıdır, onlar hamısı bir dəstədəndir! Onları çaya atmaq lazımdır! Onları suda batırmaq lazımdır! Onları dirəyə bağlayıb gəzdirmək lazımdır!
Bu vaxt hamı elə bağırışırdı ki, səsdən qulaq tutulurdu! Bunu görən vəkil sıçrayıb
stolun üstünə çıxdı:
- Centlmenlər! Centlmenlər! Xahiş edirəm mənə bir kəlmə söz, yalnız bircə kəlmə söz deməyə imkan verəsiniz! Heç bir şübhəmiz olmasın deyə, gəlin gedək qəbri qazıyaq, meyıti çıxarıb baxaq.
Bu hamınm xoşuna gəldi.
Hamı "ura" qışqırıb getmək istəyirdi ki, vəkil ilə doktor onları saxladılar:
- Dayanın, dayanın! Gəlin bu dörd nəfəri və uşağı da özümüzlə aparaq.
- Elə də edərik, - deyə hamı bir ağızdan qurarıq.
- Əgər nişan-zad tapmasaq, Linç məhkəməsi qurtaraq.
Düzünü deyim ki, yamanca qorxdum. Özünüz bilirsiniz ki, qaçmağa da heç bir imkan yox idi. Onlar bizim hamımızı tutub özlərilə birbaş qəbiristanlığa apardılar, qəbiristanlıq isə çayaşağı, şəhərdən bir yanın nul o yanda idi, bu vaxt bütün şəhər camaatı da dalımızca düşdü, çünki biz yaman hay-küy salmışdıq; vaxt isə gec deyildi - axşam saat doqquz idi.
Biz evimizin yanından keçəndə, Meri Ceyni şəhərdən kənara göndərdiyimə təəssüb etdim, çünki indi burada olsaydı, mən bir balaca işarə edərdim, o isə qaçıb gələr və məni qurtarardı, bizim fırıldaqçıları isə ifşa edərdi.
Biz dəstə ilə sahil boyu qaçır və vəhşi pişiklər kimi çığırırdıq; hava birdən-birə qaraldığından tükləri ürpəşirdi, ildırım guruldayıb çaxmağa və parıltı saçmağa başlamışdı, küləkdən ağacların yarpaqları xışıldayırdı.
Mənim başıma heç vaxt bu qədər dəhşətli bir bəla gəlməmişdi, mən elə bil ki, keyləşmişdim; hər şey, mənim düşündüyüm kimi yox, tamam başqa cürə çıxmışdı; bütün bu oyunlara kənardan baxıb əylənmək və kefin istədiyi vaxt əkilmək əvəzinə, qəti və həlledici dəqiqədə mənim tərəfimi saxlayıb məni xilas və azad edə biləcək Meri Ceynin əvəzinə, indi məni ölümdən yalnız bir döydürmə şəkil xilas edə biləcəkdi. Həmin işarələri tapmasalar...
Onda nə olacağını heç ağlıma da gətirmək isləmirdim; nədənsə, başqa bir şey barədə də düşünə bilmirdim. Hava get-gedə daha da qaranlıqlaşırdı; sivişib qaçmaq üçün ən əlverişli vaxt idi, ancaq yekəpər Xayns əlimdən möhkəmcə yapışmışdı, belə bir Qoliafın
əlindən çıx görüm necə çıxacaqsan! O qızışıb gedir, məni də dartıb aparırdı. Mən geri qalmamaq üçün qaça-qaça getməli olurdum. Gəlib çatdıq, camaat qəbiristanlığa doluşdu.
Adamın sayı-hesabı yox idi. Qəbrin yanında aydın oldu ki, bel çoxdur, hətta lazım olduğundan yüz dəfə artıqdır, ancaq bir dənə də fənər yoxdur, fənər gətirmək heç kimin ağlına gəlməyib. Buna baxmayaraq, onlar qəbri ildırımın işığında qazımağa başladılar, fənər dalınca isə qəbiristanlığın yarım milliyində olan bir evə adam göndərdilər.
Onlar dayanmadan hey qazıyırdılar, hava isə bu vaxt dəhşətli bir zülmətə bürünmüşdü, yağış tökür, külək getdikcə daha da şiddətlənirdi, ildırım isə daha tez-tez çaxır, göy də guruldayırdı; lakin bütün bunlara heç əhəmiyyət verən də yox idi. Hamının başı işə barışmışdı; ildırım çaxanda hər şey: bu böyük izdiham içərisindəki hər bir sifət, tez-tez qura atan bellər aydınca görünürdü; bir saniyə sonra isə hər yanı qaranlıq bürüyür, yenə heç bir şey görmək olmurdu.
Onlar nəhayət, tabutu çıxarıb qapağının vintlərini açmağa başladılar, irəli keçib tabuta baxmaq üçün bir-birlərini elə itələyir və sıxırdılar ki, deməknən başa gəlməz! Qaranlıqda, həm də belə basa-basda adamı yaman qorxu bürüyürdü. Xayns əlimdən tutub elə dartırdı ki, ağrısına dözə bilmirdim, deyəsən mənim canlı olduğumu büsbütün unutmuşdu; o, bərk-bərk fısıldayırdı, görünür, yamanca hirslənmişdi.
Birdən ildırım çaxıb hər yanı işıqlandırdı, bu vaxt kimsə qışqırdı:
- Budur, qızıl kisəsi onun sinəsi üstündədir.
Hamı ilə birlikdə Xayns da qışqırıb mənim əlimi buraxaraq qızıla baxmaq üçün irəli cumdu; heç özüm də bilmirəm ki, onun yanından necə əkilib yola çıxdım.
Yolda ins-cins belə yox idi, mən var qüvvəmlə qaçmağa başladım; əgər qatı zülmət, hər deqiqə çaxan ildırım, yağışın şırıltısı, küləyin vıyıltısı va göy gurultusu istisna edilərsə, ətraf tamam bomboş idi; ancaq, əmin ola bilərsiniz ki, mən yel kimi gedirdim!
Gəlib şəhərə çatdım, gördüm ki, küçələrdə tutan üzündən bir kimsə yoxdur, buna görə də dalan və döngələrə burulmayıb əsas küçə ilə götürüldüm; evimizə yaxınlaşan vaxt gözümü ondan çəkmədim, bir işıq belə yanmırdı, ev tamam qaranlıq idi, heç özüm də
bilmirəm ki, nə üçün qüssələndim, əhvalım pozuldu. Lakin evin lap yanından keçdiyim vaxt, bir də gördüm ki, Meri Ceynin pəncərəsində işıq parladı, ürəyim elə döyünməyə başladı ki, az qalayerindən qopacaqdı; elə həmin anda ev də, bütün digər şeylər də məndən xeyli geridə, qaranlıqda qaldı və mən bir daha heç bir vaxt bunları görməyəcəyimi yəqin etdim. Meri Ceyn hamıdan yaxşı idi, onun xasiyyəti də başqa qızlarınkına nisbətən möhkəm idi.
Mən şəhərdən lazımi qədər uzaqlaşdıqdan sonra dayandım, indi şəhərin kənarında idim. Adaya gedib çıxmaq haqqında fikirləşmək olardı. Mən qayıq axtarmağa başladım. İldırım işığında bir qayıq görən kimi içinə atılıb mindim, sahildən aralandım. Bu, iplə birtəhər bağlanmış yastıdibli qayıq idi. Ada çox da yaxında deyildi. Çayın ortasında idi, lakin mən durub vaxt itirmədim; nəhayət, gəlib sala yan aldım, elə qüvvədən düşmüşdüm ki, bir balaca imkan olsaydı yerə sərilib asudəcə nəfəs alardım. Lakin uzanmaq vaxtı
deyildi. Mən salın üstünə atılıb dedim:
- Cim, tez ol, salı aç! Axır ki, canımız onların əlindən qurtardı!
Cim çadırdan qaçıb gələrək əllərini açdı, üstünə atılıb məni qucaqlamaq istədi, onun sevinci yerə-göyə sığmırdı; mənim isə, ildırım işığında onu görən kimi qorxudan ürəyim düşdü; geriyə çəkilib çaya düşdüm, axı Cimin həm kral Lirə, həm xəstə ərəbə, həm də suda boğulmuş adama oxşadığını tamam yaddan çıxartmışdım, buna görə də elə qorxdum ki, az qala bağrım çatlayacaqdı. Cim məni tutub sudan çıxartdı, qucaqlayıb xeyir-dua vermək istəyirdi ki, mən ona dedim:
- Cim, indi yox, bunu qoy qalsın səhərə, səhər yeməyi vaxtına!
Tez salı açıb sahildən aralan!
İkicə saniyə sonra biz çayla üzüaşağı üzürdük. Yenə azadlıqda olmaq, geniş çayın ortası ilə, heç kəsin sənə çata bilməyəcəyi bir sürətlə üzmək nə qədər xoş və gözəl idi.
Mən özümü saxlaya bilməyib sevincimdən atılıb-düşür, oynayır, əllərimi bir-birinə vururdum; elə iki-üç dəfə ol çalmışdım ki, birdən yaxşı tanış olan bir səs eşitdim; nəfəsimi dərib qulaq asmağa başladım, elədir ki var, bu vaxt ildırım çaxıb suyun üzünü işıqlandırdı
və mən gördüm ki, bəli, onlar üzə-üzə gəlirlər. Avarları elə sürətlə çəkirdilər ki, qayığın yanları cırıldayırdı. Bu kral isə hersoq idi.
Mən salın üstünə yıxılıb özümü ağlamaqdan güclə saxlaya bildim.