Xəbərlər

26 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. 

 

2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına" daxil edilmişdir.
 
Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. 
 

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.


Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.


Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılara üstünlük verirlər.
 
Kəlağayı qədim adətlərimizin də ayrılmaz tərkib hissəsi olub, öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynayıb. Gəlin gətirilərkən başına ağ kəlağayı örtmək, gəlin arabasının qabağına ağ, soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq, hüzn, matəm günləri evlərin qarşısından qara kəlağayılar asmaq, niyyət baş tutduqda məscidlərə, ziyarətgahlara kəlağayı aparmaq, kasıblara, şikəstlərə kəlağayı pay vermək kimi adətlərimiz buna nümunədir.


Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda da şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında “Şah buta”, “ Saya buta”, “Xırda buta” çeşnilərindən daha çox istifadə olunmuşdur. “Heyratı”, “Soğanı”, “İstiotu “, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.


Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Bu kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, işvəkar təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. 


Kəlağayı istehsalında müxtəlif rəng çalarlarından istifadə olunur. Müxtəlif bitki növlərindən- sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır. 


Kəlağayılar el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən ismət simvolu sayılır.