Nağıllar, hekayələr

Coşqun Xəliloğlu. Tut ağacı

Kür çayının qırağındakı Tuğay meşəsində qonşumuz, həm də sinif yoldaşım  Xalidlə quzularımızı otarırdıq. Birdən gözümə yulğun kollarının arasında güclə seçilən balaca bir tut ağacı sataşdı. Körpə fidanın zərif budaqlarını, təzə-tər yarpaqlarını qoyun-quzu yemişdi. Ona görə də ağac böyüməmişdi. Sanki büzüşmüş, qısılıb qalmışdı, İnsanlardan kömək istəyirdi.
-Xalid, bu ağacı çıxarıb aparıb həyətimizdə əkmək istəyirəm.
-Ayə, bundan ağac olar? Əyri nazik çubuqdur da. Bundansa, get bir söyüd budağı kəs, basdır torpağa.
-Bu ağaca yazığım gəlir.
- Kefsən e. Ağaca da adamın yazığı gələr?
-Çıxarıb aparacağam.
-Özün bil.


Ağacın kökü qumluqda idi. Ona görə də onu çıxarmaq çətın olmadı. Günorta quzularımızı geri qaytaranda tutu gətirib bağçamızda əkdim, dibinə su tökdüm. Nənəm bunu görcək:
-Ay bala, barlı-bəhərli olsun,- dedi.


Ağaca həvəslə qulluq edir, vaxtlı-vaxtında suyunu verirdim.


Aradan altı il keçmişdi. Artıq  doqquzuncu sinifdə oxuyurduq. Bazar günü sinif yoldaşım Qədirlə Xalid bizə gəlmişdilər. Bir az dərslərimizlə məşğul olduq. Sual-cavab elədik. Sonra bağçamızı gəzdik. Ağaclar, gül kolları adama “Gəl, gəl”, deyirdi. Qarşımıza çıxan hündür, qollu-qamətli tut ağacının budaqları meyvələrlə doluydu. 
-Dadına baxaq, -dedim.
Hərəmiz tutdan yığıb doyunca yedik.
Xalid:
-Ömrümdə belə dadlı, şirin tut yeməmişəm.
-Doğrudan da ləzzətlidir. Qədir Xalidin sözünü təsdiqlədi.
Bu ağac hardandır? -Xalid soruşdu.
-Ay Xalid, yadındadır, uşaq vaxtı quzu otaranda bu balaca fidanı tapdım. Deyirdin ki, ondan ağac olmaz. Bax, həmin ağacdır, -cavab verdim.
-Doğru deyirsən?
-Bəli -mən sevinclə cavab verdim.