Coşqun Xəliloğlu. Yeraltı keçid
Məktəbimizin yaxınlığında yeraltı piyada keçidi var. Həmişə oradan keçib dərsə gedirəm. Amma sinif yoldaşlarımın bəzisi heç vaxt yeraltı keçiddən istifadə etmir. Soruşanda da deyirlər ki, məktəbə gecikirik. Yüyürə-yüyürə yolun bu üzündən o üzünə keçirlər. Nə maşınların siqnal səsinə, nə də sürücülərin qışqırığına məhəl qoyurlar. Onları bir neçə dəfə yol polisləri saxlayıb, başa salmağa çalışsalar da, heç nə dəyişilməyib.
Bir gün məktəbə gedəndə Mürvətlə Cəlilə rast gəldim. Mürvət:
-Sən, hələ də yeraltından keçirsən?
-Nə vaxt böyüsə Ceyhun da bizim yolla gedəcək, - Cəlil mənim yerimə cavab verdi.
-Mən sadəcə qaydalara əməl edirəm.
-Qaydaya əməl edənə bax, -Mürvətin rişxəndinə Cəlil dişini ağartdı.
Ayrıldıq...
Məktəbin qarşısında xeyli adam toplanmışdı. Yaxınlaşanda Cəlilin axsadığını gördüm. Sən demə, yolu yüyürərək keçərkən ayağı səkinin tininə dəyib, yıxılıb. Deyəsən ayağı çıxmışdı. Bir azdan camaatın arasında iki yol polisi göründü. Onlar nəsə yazdılar. Çox keçmədən direktorumuz Elşad müəllim də gəldi. Onlar söhbət etməyə başladılar. Zəng vuruldu, biz sinfə tələsdik.
Bir həftə sonra sonuncu dərsdə müəllimimiz dedi ki, bu gün yol polisi əməkdaşları ilə görüşümüz olacaq.
Məktəbin böyük iclas zalı ağzına kimi doluydu. Qonaqlarımızı görən kim tanıdım. Cəlil yıxılan günü gördüyüm polislər idi. Direktorumuz sözə başlayaraq qonaqları salamladı, gəlişlərinin məqsədini bildirdi. Onların bizim təhlükəsizliyimiz üçün gecə-gündüz çalışdıqlarını qeyd edərək sözü nisbətən yaşlı görünən polis mayoru Saqif Rüstəmliyə verdi. Rüstəmlinin çıxışının ilk cümləsi ilə iştirakçıları ələ ala bildi. Hamı onu diqqətlə dinləyirdi. O, gah yol hərəkəti qaydaları haqqında sual verir, gah da hansısa şairin şeirindən nümunələr oxuyurdu. O:
-Uşaqlar hamınıza bir sual verəcəyəm. Xahiş edirəm, səmimi cavab verin... Kim piyada keçidindən istifadə etmirsə, əlini qaldırsın.
Əvvəlcə tərəddüd etsələr də, iştirakçılardan 25-30 nəfəri əlini qaldırdı.
-Bəli, uşaqlar, siz hər gün risk edirsiniz. Başa düşmürsünuz ki, qolunuzu, ayağınızı, hətta həyatınızı itirə bilərsiniz. Mən sizə uşaqlıqda başıma gələn bir hadisəni danışacağam.
Yeddinci sinifdə oxuyurdum. İdmanla məşğul olan, olduqca çevik və cəld oğlan idim, yaşıdlarımdan da boyca fərqlənirdim. Hətta, məktəblilər arasında qaçış üzrə rayon çempionu olmuşdum. Həmişə yol hərəkəti qaydalarına əməl edirdim. Bir gün yolun o biri üzünə keçmək istəyirdim. İşıqforun qırmızı işığı yanırdı, baxdım, gördüm ki, yolda, xeyli aralıda, cəmi bir avtomobil var. “Rahat keçərəm”- fikirləşərək yüyürdüm. Yolun ortasına çatanda elə bil, məni kimsə üzü üstə yıxdı. Qalxmaq istədim, sanki güclü zərbə ilə yenidən yerə yıxılıdım.
Bir də xəstəxanada ayıldım. Başımın üstündə ağxalatlıları görsəm də, hələ tam ayılmamışdım. Ağrıdan qışqırmağa başladım. Mənə ağrıkəsici iynə vurub yatızdırdılar. İki gün sonra başa düşdüm ki, mən yıxılanda avtomobil üstümdən keçmişdir. Ayaqlarım xurd-xəşil olmuş, qolumun biri sınmışdı. Bəxtim gətirmişdi ki, məni müalicə edən həkimlər və tibb bacıları həm peşəkar idilər, həm də qayğıkeş və xeyirxah. Müalicəm uzun çəkdi, hətta ayağımı kəsmək istəyirdilər. Bu xəbəri eşidəndə özümə ölüm arzuladım. Allah rəhmət eləsin, Ələkbər həkimə, onun səyi, səbri , inamı ilə bu baş tutmadı.
Xəstəxanada düz 11 ay yatdım. İnsan bekar olanda günlər il kimi uzun olur. Dostlarım, qohumlarım mənə tez-tez baş çəksələr də, evimiz, məhləmiz, məktəbimiz üçün çox darıxırdım. Bir gün atam mənə “Azərbaycan nağılları” kitabını gətirdi. Doğrusu əvvəllər bədii kitab oxumağı çox da sevməzdim. Amma bu kitab mənə o qədər maraqlı göründü ki... Beynimdəki çox suallara cavab tapdım. Sonra daha bir kitab oxudum. Gündən-günə kitablara marağım artmağa başladı. El məsəli var, – yanlış da bir naxışdır. Xəstəxanada düşünmək üçün çox vaxt olur. Məktəbdə, evdə, yolda etdiyim hər bir hərəkəti – düz və ya səhv düşünür, götür-qoy edirdim. Kiçik bir səhvimin acısını yaşadığımı başa düşürdüm. Üstəlik, ata-anamın, keçirdikləri iztirabları sözlə ifadə etmək mümkün deyildi. Hələ onsuz da kasıb olan ailəmizin maddi çətinliklərini artırdığıma görə çəkdiyim xəcalət hissini demirəm.
Özümə söz vermişdim ki, sağalım, tamam dəyişəcəm. Düzdür, xəstəxanadan çıxanda başa düşdüm ki, 7 illik dostlarımdan tamam ayrılacağam. Pis olsam da, yeni sinif yoldaşlarımla uyğunlaşa bildim. Çox çalışırdım ki, uşaqlardan geri qalmayım. Doqquzuncu sinifdə qərara aldım ki mütləq yol polisi olmalıyam.
Orta məktəbi əla qiymətlərlə bitirdim və Polis Akademiyasına qəbul olundum. On dörd ildir ki, işləyirəm, peşəmi çox sevirəm. İstəyirəm ki, səhərlər evindən çıxan hər kəs evinə sağ-salamat qayıtsın...
Uşaqlar, sözümü bitirməmiş sizə yenə bir sualım var:
-Mənim söhbətimdən sonra yenə də yol-hərəkət qaydalarına əməl etməyən, yeraltı, yaxud yerüstü piyada keçidlərdən istifadə etməyən olacaqmı?
Heç kim əlini qaldırmadı. Birdən Cəlilin ayağa qalxdığını gördük.
-Müəllim, olar?
-Buyur, Cəlil, -Elşən müəllimin səsini eşitdik.
-Mən söz verirəm ki, bir də qadağan olan yerlərdən keçməyəcəyəm. Kimsə də belə hərəkət edərsə ona icazə verməyəcəyəm, – Cəlilin kövrəldiyini, səsinin titrədiyi hiss edilirdi. Salonu şirin bir gülüş səsi bürüdü. Hamı əl çaldı, mən də onlara qoşuldum.