Nağıllar, hekayələr

Mir Cəlal. Müalicə

Sənə kimdən deyim, özümdən. Günlərin bir günündə, qardaş, Bakıda özümə bəzəkli bir otaq düzəltdim.

Vaqona oturub getdim kəndə. Neçə il idi anamı qoyub gəlmişdim. Orada baxanı yox idi. Həmişə şikayətlənirdi ki, saymırsan. Onun haqlı şikayəti bir yana dursun, özümün arzum var idi. Cavanlıqdır, həmişə ürəyimdən keçirdi:
gətirim, anam Bakıda, yanımda olsun, Sovet hökumətinin sayəsində bu mərtəbələrə çatan oğlunun bir xeyrini, bəhərini görsün; o hisli ocaqbucaqdan qurtulsun, ömrünün bu çağında dincəlsin; evdəcə əyləşib mənə sağlıq istəsin.


Anam da çox sevindi. Ev-eşiyini yığışdırdı, yar-yoldaşı ilə vidalaşdı.

Qonşumuz Bəsti qarı, Həmzət xala, Gülbadam qarı ilə dönə-dönə öpüşdülər. Halallaşdılar.
- Qonşuluqdur, - dedi, - arada söz-sovumuz olub, Allah şeytana min lənət eləsin. Keç, ay bacı, halallıq ver, işdir, qəzadır, bəlkə də qayıtmadım.
Gülbadam qarı ağzı dualı arvad idi. Dişsiz ağzında xamır kimi yastılanan, saqqız kimi səslənən sözləri ilə bizi yola saldı. Qərəz, nə başını ağrıdım, kənddən çıxdıq. Anamı sağ-salamat gətirdim gəldim. İki gün çəkmədi, vurdu anam xəstə düşdü.


Dostumdan soruşdum:
- Xəstəliyi nə idi?


- Elə məsələ ondadır. Söhbətimin canı da ondadır. Yaxşı qulaq as, görəcəksən nə idi. Xəstə düşdü, bərk düşdü. Durduğu yerdə arvadı qızdırma götürdü. Qapı-bacanı açdırıb, otağı yelə verirdim, olmurdu. Yaxasını, başını söküb bağırırdı. "Çatladım, boğuldum ki, ay oğul!" - deyə qışqırırdı. "Ay oğul, mənə çarə, partladım!" Doğrusu mən özüm də yaman qorxdum.
Dedim evim yıxıldı, arvadın başına hava gəlib, arvad əldən getdi. O yandan da qardaşlarım məndən görəcəklər, deyəcəklər: "Anamız rahat oturduğu yerdə niyə qoymadın otursun. Arvadın başına nə oyun açdın a biqeyrət!.."
Dünyada bundan da pis işmi olar? Anana qulluq etmək üçün ev düzəldəsən, işdən-filandan izin alıb gedəsən, vaqona əyləşdirib (özü də yumşaq vaqona gətirəsən, birdən belə mərəkə başlana. Məni dərd götürdü. Fikirləşdim ki, arvada nə oldusa, məndən oldu. Kənddə sapsağlam, top kimi arvad idi: mən bədbəxt olmasaydım, rahat yaşayacaq idi. İndi bunun başına bir iş gəlsə, mən el üzünə çıxa bilmərəm, gün işığına baxa bilmərəm, özümü dənizə atmalıyam, ya da tramvay altına yıxılmalıyam.


Yoldaşımın təfsilatına dözə bilmirdim, tez soruşdum:
- Bəs xəstəliyi nə idi, axı?
- Darıxma, dedi, - qulaq as! Anam: "Bağrım çatladı" deyəndə qalxıb, əlimi başına qoyub, hərarətini ölçürdüm. Termometr bir şey göstərə bilmirdi. Tez pəncərələri, qapılan açırdım. Anamm qoluna girib, pəncərə qabağına gətirirdim. O, sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı, mən ha soruşurdum:
- Haran ağrıyır, ay ana, nəyindir, dərdin nədir, ana can?
O, bir cavab vermirdi. Dik-dik üzümə baxırdı.
Buz gətirtdim, camış qatığı tapdırıb ayran elətdim, sərin şeydir, dedim bəlkə ürəyini basa. Qonum-qonşudan gələnlər olurdu. Di su səp, di əlayağını ovxala, damcı dərmanı ver... Bir saat, iki saat kiriyirdi. Bir də görürdün yenə başladı.
Həkim çağırdım. Əhvalatı danışdım. Müayinə elədi. Əvvəl ciyərlərinə baxdı. Nəbzini yoxladı, qan dövranım ölçdü, üzümə baxdı, soruşdu:
- Bu ağır işdən-zaddan yapışmayıb ki?
- Yox, - dedim, - doktor beş-altı gündür kənddən gəlib, gələndən evdəcə oturub, heç bir işə əl vurmağa qoymuram; xörəyi, çayı da hazır gətirirəm.
Qaldı ki, kənddə olanda işləmirdi. Balaca həyətimizdəcə oturub, tay-tuşları ilə vaxt keçirirdi. Ağır işi harda gördü.


Həkim anamın özündən soruşdu:
- Əsəbi deyilsən ki, ay ana?
Anam mənim üzümə baxdı və soruşdu:
- Bu nə deyir?
- Hirsli deyilsən ki, acığın tutmur ki?
Anam elə bildi ki, həkim onun döş-başına əl vurduğu üçün üzr istəyir.
O:
- Nə bilim, - dedi, - acığım niyə tutur. Qiyamətin günün də o da mənim oğlum...
Mən həkimə cavab verdim ki, xasiyyəti mülayimdir.
- Bəlkə qorxubdur?
- Ay ana, bir şeydən qorxub eləməmisən?
Anam başı ilə yox işarəsi verdisə də həkimin sözü ağlıma batdı. Dedim yəqin belə nagahani iztirab ancaq qorxudan ola bilər. Yavaşca həkimə pıçıldadım. O, əsəbləri və ürəyi sakit etmək üçün dərman yazdı. Evdən çıxanda mənə dedi:
- Anan çox sağlam adamdır, haracan desən! O xəstəlik ki, sən deyirsən, doğrusu, mən onda tapa bilmədim. Bu dərmanları verərsən içər. Amma səndən xahiş edirəm nəticəsini mənə deyəsən. Mən özüm bu xəstə ilə maraqlanıram.
* * *
Həkimin yazdığı dərmanı anama çətinliklə içirtdim. Çimçişirdi, ürəyi götürmürdü. Mənim üzümdən keçmirdi. Mən evdə olmayanda bir damcı da içmirdi. Hamısı birdir, içsə də, içməsə də, dərman kar eləmirdi. Anam əvvəlki kimi öz qaydasında iztirab çəkirdi; darıxırdı, yaxasını cırır, tez-tez köksünü ötürürdü; ağır nəfəs alırdı.
Yoldaşlardan biri mənə məşhur həkimin ünvanını verdi. O həkim, deyildiyinə görə, ürək xəstəliklərində ad qazanmışdı. Özü də professor idi.
İstədim həmin professoru çağırım. Bir də xəyalıma gəldi ki, əvvəlki həkim məndən xahiş eləmişdi, "maraqlanıram" - demişdi. Yəqin o, anamın xəstəliyindən bir şey bilir. Bəlkə dərmanın kar eləmədiyini desəm, kişi əsil azarı tapacaqdır. Onu çağırmasam da, verdiyi dərmanın nəticələrini ona deməliyəm. Mən bu fikir ilə pilləkənlərdən düşürdüm. Həmin həkimin bizə gəldiyini görüb qayıtdım. Görən kimi soruşdu: 
- Ananın halı necədir, dərman kar eləyirmi?
- Edə əvvəlki kimidir, - dedim. Dərmanın kar etmədiyini söyləməyə dilim gəlmədi. Bu, zənnimcə, doktordan ayıb olardı.

Qapını açıb evə girəndə anamın yenə ah-vay eləyə-eləyə bir əli sinəsində evi gəzindiyini gördük. O, həkimi görüb yaşmağını qaldırdı, yaxasını çəkdi, mənim üzümə baxdı.
Həkim bir də müayinə elədi, bu dəfə daha diqqətlə müayinə elədi. Mənə dedi:
- Çətin olmaz ki, ananı bir bizə aparaq?
- Nə var, - dedim, - buyurun gedək.
Anam özü də çıxmaq istəyirdi. Zəng elədim, taksi maşını gəldi. Oturub həkimin evinə gətirdik. Doğrudur, gedirdik, amma mən nə üçün getdiyimizi bilmirdim. Bəlkə həkimin evdə daha mühüm və vacib priborları vardır.
Bəlkə anamı rentgenə salacaqdır. Kim bilir, bəlkə ayrı müayinəsi var!
Sanki həkim mənim nə fikirləşdiyimi bilirdi, şoferin yanından mənə tərəf döndü və dedi:
- Bizdə ananı bir də müayinə edərik, amma arxayın olun ki, qorxulu heç bir şey yoxdur, bir az ürək narahatlığı var. Onu da dəf etmək asandır. Təki ananda olan o polad can məndə olaydı!
Anam elə bilirdi həkim mənə təsəlli verir. Dinmirdi. Gözləri düz şoferin kürəklərinə dikilmişdi. O, maşında səliqə ilə oturmuşdu, dümdüz qabağa tərəf baxırdı. Sanki gözünün qırağı ilə yana baxsa, günah olardı.
Həkimin evi dəniz kənarında, böyük beşmərtəbəli bir binada idi. Ana altdan yuxarı uca və uzun pilləkənlərə baxanda, həkim duymuşdu:
- Qorxma, - dedi, - ana, qoymaram bu pilləkənləri piyada çıxasınız, bəri gəlin!
Anam həkimə tərəf döndü. Amma bir şey başa düşmədi. Avtomobilin pilləkənlərə yerləşmədiyini bilirdi. Piyada çıxmamaq üçün, onun fikrincə, bir adamı minmək lazım gələcək idi. Buna da, şübhəsiz, anam razı olmazdı.
- Yox, oğul, - dedi, - zəhmət çəkmə, özüm çıxaram. Həkim düyməçəni basdı. Liftin qapısı açıldı. Biz əyləşdik. Lift bizi göyə qaldırdıqca, anam döyükürdü, uca pilləkənləri, dalanları keçə-keçə mərtəbələri ötüb göyə doğru yüksəldiyimizi gördükcə, ehtimal, anama elə gəlirdi ki, "Həzrət İsa kimi qeyb olmağa" gedirik. Anamın rəngi qızarmışdı. Gah sağa, gah sola baxırdı. Hər şeyin yerə çökdüyünü güman etdiyindən vahimələnirdi.
Həkim məni öz kabinetinə apardı, yer göstərdi:
- Əyləş!
Mən oturdum, həkimin kitablarla əhatə olunmuş kabinetı mənə müayinə otağı yox, kitabxana kimi görünürdü. Arxayın, olsaydım, əlimi qəfəslərə atıb kitablara baxardım. İndi isə anamdan başqa heç şey gözümə görünmürdü. Gözüm həkimdə idi. Onun hər  hərəkətini izləyirdim. O, əvvəlcə kostyumunu soyundu, köynəyinin boğazını açdı. Əllərini yuyub quruladı, gəlib stolun dalında əyləşdi. Onun belə tələsmədən, adi qayda ilə, sanki müayinəyə yox, istirahətə hazırlaşdığını görəndə, o biri evdə isə qulluqçunun cingildəyən şeylər yuduğunu eşidəndə mən yəqin elədim ki, anamın xəstəliyi çox ciddi xəstəlikdir. Ya işığa salınacaq, ya da operasiya olunacaqdır. Ona görə həkim tələsmir, pribor təmizlədir. Mən bunları fıkirləşir, ürəyimə çökən qorxuya təslim olmamağa çalışırdım. Birdən həkim dilləndi:
- Əzizim, - dedi, - açığı sənin ananda heç bir xəstəlik yoxdur, heç bir dava-dərman müalicəsinə, ya xəstəxanaya ehtiyacı yoxdur. Amma bununla belə ona salamat demək olmaz. Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm, istəyirəm sənin özün də müşahidə edəsən, inanasan. Bu saat sənin anan nənəmin yanında əyləşmişdir. Onların yanında heç kəs yoxdur. Onlar üz-üzə əyləşib söhbət edirlər Buyur, burada pərdəli pəncərənin dalında əyləş, dinlə, gör ananın halı necədir, gör o özünü necə
hiss edir.

Bu tapşırıq mənə qəribə gəldi. Bu nə deməkdir? Onun nənəsının anamın xəstəliyinə nə dəxli var? Ancaq qəribə gəlsə də, bu tapşırığını yerinə yetirməyə tələsdim ki, görüm axırı nə olur.
Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıları hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürəüfürə çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət edirdi:
- Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayınxatınım var idi, ayrı cür şey idi. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim!


Anamın sözünü dinləyən qarı başını əyib, "bəli" deyirdi. Ancaq dözmürdü, əli ilə işarə verib, onun sözünü kəsmək, özü danışmaq istəyirdi:
- Sözünün dalınca oğlanların dursun, elə mənim İsmət bacılığımı görəsən, bizimkinə bacılıq demə, vallahi heç bir bacı belə mehriban...

Anam onu susdurdu:
- Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də kəsirəm, bacımla məni, üzüm də səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə kəhrizə suya gedərlər. Lap balaca idim, sənəyi götürə  bilmirdim, hıqqanırdım. Bir də gördüm bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldumki!..
Qarı başını tərpədə-tərpədə təsdiq elədi:
- Mənim özüm bəyəm indikilər kimi gördüm, getdim? Bacı canı, heç bir şey qanmırdım. İnandığımıza and olsun, paltar gələndə...
Anam yerindən ona tərəf boylanıb, bərkdən dedi:
- Paltar, mənə bir qanavuz arxalıq...
Qarı qulaq asmaq istəmədi, başını aşağı salıb, söhbətinə davam etdi:
- Paltar gələndə mən həyətdə qum-qum oynayan bir parça uşaq idim.
Heç yadımdan çıxmaz, dayım məni qucağına...
Anam dözə bilmədi, əlini uzadıb ovcu ilə qarının ağzını örtmək istədi:
- Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Ay allah, tumanımı sürüyənəcən mənimki mənə dəyərdi.
- Sən öləsən, mən də ele idim! Tuman da ki, bir yorğan-döşəkdi!
Özü də dəstə-dəstə təzə idi, yeriyəndə xış-xış, xış-xış!
- A qız, cehiz var, cehiz var!
- Yorğan-döşəyi mənim anam haçandan tutmuşdu. Nə bilim. Mən gözümü açanda oğlan evində cehizimi hazır gördüm, deynən bir necə!
- Ağız, cehiz var, cehiz var!
Özünü tərifləyən anam dedi:
- Kiri, kiri, bəyəm mənim cehizimi görmüsən ki, elə deyirsən? And olsun aramızda olan bacılığa, and olsun... Bir də gördüm həkim mənə him eləyir: - Bir qapıdan ananın halını soruş. Mən gəldim, qapını açıb dedim:


- Ay ana, kefin necədir, özünü necə hiss eləyirsən? Mənə dilucu cavab verdi:
- Çox yaxşıyam, oğul!
Müsahibilə söhbətini davam etdirdi.
- Darıxmırsan ki, ana?
- Yox, oğul, arxayın ol!
- Bəs naxoşluğundan, zaddan...
O iki əlini sevinclə yuxarı qaldırdı:
- Oğul, deyəsən axı lap yaxşılaşmışam. Ürəyim də sakit olub, məşədi bacı ilə söhbət eləyirik. İşin varsa, sən get!
Mən nə isə demək istəyirdim, həkim qolumdan tutub çəkdi.
- Bəri gəl, - dedi, - mən deyəndir, tapmışam onun azarını. O, çox danışandır. Çənəsi öyrənib, sən onu, yəqin həmsöhbətlərindən ayırmısan.
Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazlandı! Budur ki, var!
Onun azarı söz-söhbət azarıdır. Onun çənəsinin altına belə bir qan arvad sal ki, qulaq asmağa tabı olsun, ayrı heç bir dərman lazım deyil.
Həkimin təcrübəsi mənə çox qəribə və yeni bir icad kimi gəldi. Heyran qaldım. Anamın kənd müsahiblərini, güc ilə yadıma sala bildiyim Gülbadam qarını xatırladım. Pəncərədən içəri qışqırdım:
- Ay ana, Gülbadam xala gəlib, xəbərin varmı?
Anam əlindəki stəkanı yerə elə bərk çırpıb qalxdı ki, az qaldı stəkan çilik-çilik ola. Qalxmağı ilə eyvana çıxmağı bir oldu. Məni danışdırmadı, sevincək, ayaqyalın, qollarını ata-ata, qızarmış gözləri böyümüş halda, gülümsəyə-gülümsəyə düz pilləkənlərə tərəf yüyürdü. Qapının cırıltısını eşidər-eşitməz dilləndi:
- Ay ərkansız arvad, harda qalmısan, çatladım ki, harda qalmısan, ürəyim partladı ki! Gəlsənə, bir gəlsənə görüm nə var, nə yox!..
Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi söndü. Gözlərini çevirib mənə baxdı. Baxışı ilə sanki soruşurdu: "Hanı Gülbadam?"
- Darıxma, - dedim, - ay ana, gələr. Sən başmaqlarını geyin, hazırlaş gedirik!
Mən həkimin əlini sıxdım, razılıq etdim. Tezliklə ya Gülbadam qarını anama, ya da anamı Gülbadam qarıya yetirməyi qət etdim. Həkim mənə məsləhət elədi:
- Sonra onların hər ikisinin ictimai müalicəsi ilə məşğul olmaq lazım  gələcək, bunun yolunu sən məndən yaxşı bilirsən. Yavaş-yavaş onları kinoya dadandır. Bir dəfə gördükləri kinodan bir il söhbət eləyəcəklər. Bu, onların şüuruna təsir etmək üçün əldə vasitə ola bilər. Əlbət ki, müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan asılıdır. Mən isə sizin bacarığınıza əminəm.
Mən həkimdən ayrıldım, anam isə qarıdan ayrıla bilmirdi.
* * *
Dostum söhbətini bitirməmiş mən həmin həkimin məharətinə əhsən dedim. Dostumun anasının ictimai müalicəsi ilə maraqlandım, müalicənin nə ilə nəticələndiyini bilmək istədim:
- De görüm, anan ilə rəftarın necə oldu? Onu kəndə apardın, ya Gülbadamı gətirdin?
Dostum dedi:
- Heç birini eləmədim. Anamı bir dəfə kinoya apardım və aldatmağa məcbur oldum. Bilirsən, dedim, ana, heç səni kinoya gətirməzdim, mömin adamsan, üz vurmazdım, ancaq mənə iş yerimdən tapşırıblar ki, gərək kinoya baxasan, orada nə olub, gəlib idarə yoldaşlarına daklad eləyəsən.
Mən özüm baxıram, amma fikrim dağınıqdır. Hamısı yadımda qalmır. Sən bax, sonra mənə deyərsən...
Anam bir az çətinlik çəkdi:
- Mən nə bilirəm, nə deyim! Dil bilmirəm ki...
- Yox, - dedim, - ancaq fikir ver, gör kim gəlir, kim gedir, kim nə eləyir, niyə eləyir. Sonra mənə deyərsən, yadıma düşər. Nə isə, anamı razı saldım. Anam düşdü kinolara. Bax, indi yenə anam kinodadır, azca qalıb, indi qayıdar.
Dostum söhbətini qurtarmamışdı ki, şüşəbənd qapısının çalışdığını gördüm. Çox çəkmədi sarafan geymiş, saçını peysərinə yığmış qıvraq bir qadın içəri girdi, gülümsər halda mənə baxdı: 
- Xoş gəlibsiniz!
Dostum işarə elədi:
- Tanış olun anam ilə! Ay ana, bir danış görək necə kinodur!
- Qadın oturdu, gördüklərini vəcd ilə, şirin-şirin danışmağa başladı.
Mən dostum dediyi kimi qarının söhbətinə maraqla qulaq asırdım.