Xəbərlər

Radioda uşaq proqramlarına marağı artırmaq üçün nə etməli?

Azərbaycanda müntəzəm radio verilişlərinin başlandığı gündən 99 il keçir. Radionun infrastrukturu dəyişir, maddi-texniki bazası müasirləşir. Rəqəmsallaşma, multiplatforma, konvergensiya və interaktivlik müasir radionun əsas tendensiyalarındandır. Ənənəvi informasiya vasitələrinə alternativ olan telefonlar, planşetlər hər kəsə qısa müddətdə lazımi və vacib məlumatları seçmək imkanı verir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Sevinc Məmmədovanın “Müasir dövrdə uşaq radio verilişlərinin əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

 

Bu gün radioyayımda transformasiya prosesi yaşanır. Bu da internet radiosu, mobil proqramlar, sosial media və digər müxtəlif platformalarda yayımlanan verilişlərin məzmununda və formatında, auditoriya ilə qarşılıqlı əlaqədə aydın görünür. İnteraktivlik artır, dinləyicilər efir prosesində fəal iştirak edir, öz fikirlərini bildirir, qoyulan məsələləri aparıcı ilə müzakirə edirlər. Bu yeniliklər radioya dinləyiciləri cəlb etmək və saxlamaq imkanı verir.

 

Radionun mövcud olduğu dövr ərzində saysız-hesabsız veriliş hazırlanıb. Onların arasında kiçikyaşlı uşaqlar, məktəblilər və gənclərə ünvanlanan verilişlərin xüsusi yeri var.

 

Uşaq proqramları, sadəcə, əyləncə vasitəsi deyil. Dəyərləri, texnologiyanı və uşaqlara münasibəti əks etdirən dövrün güzgüsüdür.

 

Müasir uşaqlar rəqəmsal dünyada yaşayırlar. Onlar artıq proqram cədvəlinə deyil, məzmun axınından nəyə baxacağını və ya dinləyəcəyini özləri sərbəst seçir, maraqlarına uyğun məlumat və əyləncə tapa bilirlər.

 

Yeni texnologiya uşaqlara istənilən vaxt, istənilən yerdə istədikləri kontentə daxil olmaq imkanı verir. Ekranlarda dinamik və parlaq təsvirlərə üstünlük verən uşaqlara radio cəlbedici görünmür, eyni zamanda, radio verilişləri çox vaxt birtərəfli olur ki, bu da interaktivliyə öyrəşmiş uşaqların marağını azaldır.

 

Bu baxımdan da məzmun, vaxt seçimində məhdud olan uşaq verilişləri hər zaman hər bir uşağın maraqlarını ödəmir. Bəs uşaq proqramlarına marağı artırmaq üçün nə etməli?

Əlbəttə ki, radio uşaqlar üçün maraqlı və faydalı ola bilər. Onlara oynaq şəkildə yeni bilik və bacarıqlar öyrədən proqramlar lazımdır. Verilişlərdə auditoriyanın maraq dairəsi, vizual görüntülərin olmadığı bir şəraitdə dinləyicilərin fantaziyasına uyğun müxtəlif obrazlar qurması, dünyanı təkcə görmə ilə deyil, həm də eşitmə vasitəsilə dərk etməsi nəzərə alınmalıdır. Bununla belə, müasir uşaqlar təkcə əyləncəyə deyil, həm də yüksəkkeyfiyyətli, mehriban, səmimi məzmuna, sözə ehtiyac duyurlar.

 

Uşaq radio proqramlarının formatları müxtəlifdir. Beynəlxalq radio məkanında dövrün tələblərinə uyğun və populyarlıq qazanmış bir çox uşaq verilişləri var. Auditoriyanın marağına səbəb olan bu layihələr özündə tədris missiyasını, əyləncəli format və innovativ yanaşmaları birləşdirir. Nəzəriyyəçilərin fikrincə, təhsil sektorunda audioformat öyrənmək üçün güclü vasitə ola bilər. Məsələn, münasib vaxtda dinlənə bilən müxtəlif mövzularda uşaq podkastları xarici dil öyrənən, informasiyanı eşitmə ilə qavrayan, əlilliyi olan uşaqların da köməyinə gələr. Belə ki, radioda vizual təsvirlərin olmaması uşaqlarda təxəyyül gücünü və yaradıcılıq bacarıqlarını artırar, onların inkişafı və təhsili üçün yeni platforma rolunu oynayar. Lakin deyilənlər müasir tendensiyaların, məzmunun uşaq auditoriyasının maraqlarına uyğunlaşdırılmasını və əlbəttə ki, günün reallığı olan reklam məsələlərinin də nəzərə alınmasını tələb edir.

 

Vaxtikən bizim çox maraqlı verilişlərimiz olub. Onlardan ən çox yadda qalanları - “Biri varmış, biri yoxmuş”, “Sandıqça”, “Pioner şeypuru”, “Göy qurşağı”, “Xoruz”, “Biləyən” və digər verilişlər kiçikyaşlı dinləyicilərin dünyagörüşünü formalaşdırırdı.

 

Bilavasitə yeniyetmələrə ünvanlanan “Ulduz” proqramında da “Böyüklərə uşaqlar haqqında” silsilə söhbətlər, “Ailə və məktəb”, “Müəllim, valideyin, şagird”, “Ailə ilk tərbiyəçidir”, “Uşaq sevincinə şərik olun”, “Övladınız necə oxuyur?”, “Şıltaqlıq nədən doğur” və sair rubrikalarda ailə, uşaq və valideyin münasibətlərinə xüsusi diqqət verilirdi. Buna görə də verilişlər uzun müddət yaddaşlarda qalırdı. Yəqin ki, bir çoxları onları bu gün də xatırlayır.

 

Bir məsələyə də diqqət çəkək. 1953-cü ildə kiçik formatlı “Məstan pişik” musiqili verilişinin hazırlanması zamanı studiyada tanınmış aktrisa, Azərbaycanın Xalq artisti Barat Şəkinskaya və konservatoriyanın kiçik orkestri iştirak edirdi. İllər sonra rejissor Səftər Turabovun xatirəsinə görə, bu veriliş çox uğurlu və sevilən buraxılışlardan olmuşdur. Hazırda daha müasir və peşəkar yanaşma ilə çox maraqlı və əyləncəli uşaq verilişləri hazırlamaq mümkündür.

 

Qeyd etdiyimiz kimi, uşaqlar fərqli dünyadır. Bu gün onlar daha çox virtual aləmə bağlıdırlar, maraqları dəyişib, əsas bilik mənbəyi təkcə kitablar deyil, həm də videodərslər, podkastlar, interaktiv proqramlar, sosial şəbəkələrdir.

 

Daha cəlbedici və əlçatan medianın meydana gəlməsi ilə uşaq auditoriyasında radio verilişlərinə azalan marağı artırmaq üçün oyun elementləri əsaslı bilik və bacarıqlar öyrədən, gündəlik qayğılardan və stresdən uzaqlaşmaq imkanı yaradan, ətraf aləmi duymaq və analitik təfəkkürün inkişafına kömək edən verilişlər lazımdır. Unutmamalıyıq ki, uşaqlara xeyirxahlıq və müdrikliklə yanaşmalıyıq.