Yumor

Coşqun Xəliloğlu. Gülməcələr

YUXUM GƏLİR
 
Turan balaca, qəşəng bir qızdır. Atası ona çoxlu nağıl danışır. Qızcığaz da bu nağılları öyrənib danışa bilir. Bir gün Turan yatarkən atasına dedi:
-Ata, mənə “Cırtdan” nağılını danış.
-Sən, özün bu  nağılı bilirsən, danış, mən qulaq asım.
-Mənim boğazım ağrıyır. Sən danış.
Ata nağılı danışdı. Ertəsi gün Turan yatarkən yenə atasından nağıl istədi. Ata:
-İndi boğazın ağrımır kı, bu gün sən danış.
-Mənim yuxum gəlir,- deyərək qız gözlərini yumdu.
 
 
BÖYÜK NAĞARA
İri neft çənini görən balaca Turan dedi:
-Ata, nə böyük nağaradır?
 
 
BACIMIN  “ÜÇÜ”
 
Beş yaşlı Turan üçüncü sinifdə oxuyan bacısının “Gündəliyi”ni   əmisinə göstərərək:
-Əmi,”5”-lərimə bax.
-Afərin,-əmi “Gündəliyi” vərəqləyir və “3”-ə rast gəlir.
-Ay Turan, bəs bu”3”-ü niyə almısan?
-Əmi, o ”3”  bacımındır.
 
DUET
 
Televizorda qadın və kişi müğənnilər eyni bir mahnını duet şəklində ifa edirlər. Onlar özlərini əzib-büzür, mahnının sözlərini anlaşılmaz şəkildə oxuyurlar. Nənə:
-Bıy, başıma xeyir. Bunlar nəyə görə belə edirlər?
Balaca Turan:
-Nənə, biri oxuyur, o biri tərcümə edir.
 
 
 
BEŞ YAŞIM
 
Əmisi beş yaşlı Mehridən soruşur:
-Neçə yaşın var?
-Keçən il dörd yaşım vardı. Ad günümdə dayım qızının toyuna getdik. Ad günümü keçirmədik. Ona görə də dörd yaşımda qaldım.
 
 
YADIMDAN ÇIXACAQ
 
Birinci sinifdə oxuyan uşaq atasına deyir:
-Ata, dərsimi oxumuşam, qulaq as, danışım.
-İndi mənim işim var. Bir azdan danışarsan.
Uşaq:
-Ay ata, güclə öyrənmişəm. Bir azdan yadımdan çıxacaq.
 
 
 
YEKƏ KİŞİ
 
Ata dərslərini çox pis oxuyan oğluna:
-A bala,yekə kişisən, dərslərini oxu.
-Ata, özün deyirsən ki, yekə kişisən.Yekə kişi də dərs oxuyar?
 
 
 
LİFTDƏ AĞCAQANAD
 
Doqquzuncu mərtəbədə liftin gəlməsini gözləyirdim. Lift gəldi. Liftdən 5-6 yaşlı bir oğlan düşüb cəld düyməni basdı. Lift aşağıya getdi. Mən hirsləndim:
-A bala, bayaqdan lifti gözləyirəm,nə üçün belə edirsən?
-Əmi, arxamca bir ağcaqanad düşmüşdü. Onu qaytardım aşağıya ki, Sizi dişləməsin,- uşag heç nə olmayıbmış kimi cavab verdi.