Coşqun Xəliloğlu. Xəzər
Xəzəri seyr eyləmək
Bilirsən, necə xoşdur,
Qırçın- qırçın ləpələr
Göy Xəzərə naxışdır.
Dalğalar sahil ilə
Elə bil qucaqlaşır,
Gah sahilə can atır,
Gah da ki, uzaqlaşır.
Bax bir, Xəzərdə üzən
O böyük gəmilərə,
Yaxşı yollar söyləyək
Gəmiçi əmilərə.
Dənizin ortasında
Buruqlar sıralanıb,
Necə gözəl görünür
İşıqları da yanıb...
Dənizin göy suları
Oxşayır gözümüzü,
Ona biz ürək ilə
Deyirik sözümüzü.
Xəzər ömür keçirir
Bakıyla ülfət ilə,
Nəğmə deyir dalğalar
Saf bir məhəbbət ilə.
Mən Bakını həm də ki,
Xəzəri çox sevirəm,
Hər gün, “Sabahın xeyir,
Bakı, Xəzər” deyirəm.