Nağıllar, hekayələr

Aysel Mübarizqızı. Ulduza gedən qatar

Günəşli bir yay səhəri idi. Anası Aylini bağçaya aparırdı. O, çox şirin, ağıllı və düşüncəli qız idi. Daim ətrafı diqqətlə izləyir, onu düşündürən sualları valideynlərinə ünvanlayırdı. Bağça “Ulduz” metrosunun yaxınlığında yerləşirdi.


Aylin anasının əlindən tutub birgə metroya düşdülər. Qatarda olarkən Aylin anasından soruşdu:
-Bu qatar hara gedir?
Anası dedi:
-“Ulduz”a.


Bu an Aylinin gözlərində təəccüb yarandı:
-Əgər ulduza gediriksə, niyə qatar yerin altındadır?

Anası gülümsəyərək cavab verdi:
-Qızım, biz göydəki ulduzlara yox, “Ulduz” stansiyasına gedirik.

 

Aylin bu sualına cavab tapdı. Artıq bir neçə dəqiqə sonra ağlında hələ səsləndirmədiyi yeni suala cavab axtarırdı.

 

Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin tələbəsi