İllər boyu insanlar özlərinə bənzəyən və onları əvəz edə bilən maşınlar haqqında düşünmüşlər. Bu, qeyri-adi görünə bilər, amma artıq belə maşınlar barədə məlumatlara çox rast gəlirik.
1920-ci ildə çex yazıçısı Karel Çapek "süni insanlar" istehsal edən fabrik haqqında elmi-fantastik əsər yazdı. Çapek onları robot adlandırdı. Bu söz çex dilində "iş" mənasını verən robota sözündən idi. Çapekin robotları insana bənzəyirdi, amma hissləri yox idi, yalnız bilik və bacarıqları var idi.
1928-ci ildə İngiltərə qəzetlərinin birində Erik adlı ilk robotun təqdimatından reportaj dərc olundu.
... Zalın səhnəsində, kətilin üstündə gümüşü rəngli, adama bənzəyən bir varlıq oturmuşdu. Bu, Erik idi.
Aparıcı səhnəyə çıxdı və üzünü robota tutub dedi:
- Erik, oyanmaq vaxtıdır. Ayağa qalx!
Elə bu zaman Erikin gözlərində nə isə parıldadı və o, yorğun adamlar kimi ağır-ağır ayağa qalxdı.
Aparıcı auditoriyaya müraciət etdi:
- Xanımlar və cənablar, siz Erikə suallar verə bilərsiniz. Amma sadə suallar.
Hamı susurdu. Nəhayət, mən cəsarətimi toplayıb robota yaxınlaşdım və soruşdum:
- Erik, saat neçədir?
Erik yoğun və cingiltili səslə cavab verdi:
- Üç əlli iki.
Auditoriyada hamı saatına baxdı. Hər kəsin gözündə təəccüb və heyrət var idi...
Bu gün Erik kimi robotlarla heç kimi təəccübləndirmək olmaz. Robot texnikası ilə yaxından maraqlanan məktəb şagirdlərinin yaratdığı maşınlar həmin robotlardan daha ağıllıdır.
Humanoid robotlar
"Robot" sözünü eşidəndə gözümüzün qarşısında içərisi dəmir-dümür və sxemlərlə dolu, insana bənzəyən bir varlıq canlanır. Əslində isə, robot verilmiş proqram əsasında işləri yerinə yetirən avtomatik qurğudur. "Ağıllı maşın" və ya "robot" dedikdə süni intellekt daşıyıcısı nəzərdə tutulur. O, müxtəlif formalarda olur; bu, sadəcə, dizayn məsələsidir. Hər bir qurğunun forması onun məqsədindən asılı olur: pilotsuz uçuş aparatı, smartfon, kompüter, müşahidə kamerası və s.
İnsana bənzəyən və şüuru olan varlıqlar elmdə humanoid adlanır. Bura nağıl və əfsanələrdə rast gəldiyimiz div, təpəgöz, elmi-fantastik əsərlərdə təsvir olunan yadplanetlilər və b. daxildir.
Alimlər insana bənzəyən robotlar yaratdıqdan sonra onları digər ağıllı maşınlardan fərqləndirmək üçün humanoid adlandırdılar.
Humanoid robot yaratmaqda əsas məqsəd bu ağıllı maşını insanlar üçün daha cəlbedici etməkdir.
10.06.2026