Nağıllar, hekayələr

Camo Cəbrayılbəyli. Meşə nağaraçısı

Bir dəfə müəllim bütün sinfi meşəyə aparmışdı. O, bizə meşədəki ağacların adlarını öyrədir, onların əhəmiyyətindən danışırdı. Biz meşənin içərilərinə doğru getdikcə, o tərəf-bu tərəfə uçan quşlara, rəngbərəng çiçəklərə qonan alabəzək kəpənəklərə rast gəlirdik. Müəllim bunlar haqqında da bizə məlumat verirdi. Uşaqlardan biri yoğun bir ağaca yaxınlaşıb üstündə cürbəcür cücülərin və qarışqaların gəzdiyini gördü. O, bir qədər düşündükdən sonra müəllimdən:

— Ağacların üstündə gəzən bu cürbəcür cücülər nə yeyib dolanırlar, harada daldalanıb yaşayırlar, bizə xeyri nədir? - deyə soruşdu.

 

Müəllim o saat uşaqları bir yerə toplayıb dedi:

— Uşaqlar, bu ağacın üstündə gəzişən cürbəcür cücülər, tırtıllar və qarışqalar hamısı ağacların düşmənidir. Bunlar ağacın qabığını deşib gövdəsinə keçir və yumşaq hissəsini gəmirib yeyirlər. Qabığın altında, yeyilən yerdə boşluq əmələ gəlir. Cücülərin bir qismi, onların tırtılları həmin boşluqlarda daldalanıb həm orada yaşayır, həm də ağacı içindən yeyib xarab edirlər. Onların yuvalarını görmək istəyirsinizsə, gəlin əlimizdəki çubuqla ağacın qabığını döyəcləyək, görək nə səs verəcək.

 

Müəllim bu sözləri deyib əlindəki çubuqla ağacın hər tərəfini döyəcləməyə başladı. Ağacın bəzi yerlərindən bir cür, digər yerlərindən isə altı boş olduğu üçün başqa cür səs gəlirdi. Müəllim:

— Tapmışam, - dedi, ağacın qabığını sındırıb atdı. Qabığın altında ovulmuş yerdə o qədər böcək, tırtıl və xırda yumurta vardı ki, saymaqla qurtarmaq mümkün deyildi; hamısı qaynaşıb bir-birinə qarışmışdı.

Müəllim bizi başına yığıb belə bir izahat verdi:

— Uşaqlar, indi gördünüzmü, bunlar ağacların başına nə oyun gətirirlər? Biz həyatın yaraşığı ağacları və bütün bitkiləri bunlardan qorumalıyıq. Bunlar çox ziyankar heyvandırlar, ağacdan-ağaca keçib böyük bir bağı və meşəni xaraba qoya bilərlər. Məktəbimizin bağındakı ağacların gövdəsinə əhəng yaxdığımızın səbəbi də elə budur. Əhəng zərərli cücüləri tələf edir və buna görə də əhəng yaxılmış ağaca onlar yaxın gəlmirlər.

 

Biz müəllimin söhbətini dinləyərkən meşənin o biri tərəfindən «taq-taq-taq, taq-taq-taq» səsi gəldi, hamımız çevrilib o tərəfə baxdıq, amma heç bir şey görə bilmədik. «Taq-taq» səsi arabir dayanıb, sonra yenə davam edirdi.

Uşaqlar:

— Müəllim, o səs nədir? - deyə soruşdular.

İndi hamımız müəllimin cavabını səbirsizliklə gözləyirdik.

Müəllim:

— Uşaqlar, bu səs lap yerinə düşdü! - dedi. - O «taq-taq» salan bir quşdur, ona bəzən «meşələrimizin nağaraçısı» deyirlər. Bu quş, ağacdələndir.

Bu halda cəh-cəh vura-vura alabəzək qanadlı bir quş sürətlə uçub yanımızdan keçdi və başqa bir ağacın gövdəsinə qondu. Bizim gözümüz quşda idi. Ağacdələn gövdənin üstü ilə fırlanaraq dimdiyi ilə ağacın qabığını döyəcləyirdi. Bəzən dayanıb nə isə iş görürdü, sonra yenə fırlanmağa başlayırdı.

 

Müəllim bizim diqqətlə fikir verdiyimizi duyan kimi dedi:

— İndi qulaq asın, sözümün dalını deyim. Bu gördüyünüz ağacdələndir. O dimdiyi ilə bayaq mən etdiyim kimi, ağacın üstünü döyəcləyir, altı boş yerini qopardır, uzun dilini ağacın qabığının altına uzadır, hər bucağını dili ilə yoxlayır. Dili yapışqanlı olduğu üçün böcəklər ona yapışır və dilini ağzına çəkib həşəratı udur. Bu quşun dilinin quruluşu çox qəribədir. Quş nazik və uzun dilini on-on iki santimetr çölə çıxara bilir. Onun ağac gövdəsi üzərində dolaşarkən başının yatıb-qalxdığını görürsünüz ki, bu da o, dilini ağzına çəkib-uzatdığı zaman olur.

 

Bu quşlar meşələrimizin yaxın dostlarıdır. Onlar meşələrimizə zərər verən həşəratı tələf edirlər. Buna görə də quşun adı sizi qorxutmamalıdır. Adları «ağacdələn» də olsa, özləri «ağacqoruyandır».