Nağıllar, hekayələr

Qasım bəy Zakir. Aşiqin təam bişirməyi

Bir-birinə aşiq olan iki gənc var idi. Bir gün gəlib gənc aşiqə xəbər verdilər ki:

 

– Ay sözdə sevən aşiq! Sən necə aşiqsən ki, sevdiyin qız yorğan-döşəyə düşüb, sənin isə o yazıq qızdan heç xəbərin yoxdur. Məgər ürəyinə əyan deyil, yoxsa qəlbin daşa dönüb? O, yataqda naxoş yatarkən sən necə eyniaçıq gəzə bilirsən?

 

Oğlan bunu eşidən kimi hövlnak yerindən sıçrayıb sevgilisinin evinə gəldi. Gördü ki, həqiqətən, biçarə qız gül kimi saralıb-solub. Rəngi payız yarpağının rənginə dönüb. Bilmədi ki, nə etsin. Pərvanə kimi sevgilisinin başına dolanmağa başladı. Qızdan soruşdu:

 

– Sənə nə olub, ay mənim canım? Nədən belə zəif düşüb xəstələnmisən?

 

Qız halsız halda dedi:

 

– Üç gündür, yorğan-döşək əsiri olmuşam. Yanıma gəlib-gedənim, halımı soruşanım, yemək bişirənim də yoxdur.

 

Oğlan bu sözləri eşitcək cəld qalxıb düyü, yağ götürdü. Bir qazan asıb şorba bişirdi. Gətirib xəstənin qabağına qoydu. Fikri-zikri o qədər dağılmışdı ki, özünü tamam unutmuşdu. Birdən əlini kəfgir kimi qaynar qazanın içinə saldı. Sevgilisinin xəstəliyi ilə huşu elə itmişdi ki, hətta əlinin yandığını belə hiss etmədi. Uzaqdan onu seyr edən qız bunu görən kimi yerindən dik atıldı:

 

– Bu nədir, sən nə edirsən? Tez əlini çıxart qazandan! Yoxsa səməndər quşu kimi od tutub yanmaq istəyirsən?

 

Gənc aşiq əlini o vaxt qazandan çıxardı ki, qaynar şorba artıq onun əlini büsbütün bişirmişdi.

 

Belə deyirlər ki, sevən insan özündən xəbərsiz olar. Özündən əvvəl sevdiyini düşünər. Kim ki eşqi, məhəbbəti inkar edir, bilin ki, onun daxilində işığa, gözəlliyə yer yoxdur. Sevgi hər bir insanın daxilini gözəlləşdirir, zənginləşdirir. Sevgidən uzaq olanlar insanlıqdan da uzaq olarlar.