Kartoqrafik təsvirlər
Əksər hallarda xəritələrdə bir mövzu üzrə yaxın olan bir neçə proses və hadisələr təsvir olunur. Təbiətdə və cəmiyyətdə müşahidə edilən proseslərin xəritəyə köçürülməsi onlar arasında əlaqə qurmağa, inkişafı izləməyə, nəticələr çıxarmağa imkan verir. Toplanmış məlumatların xəritəyə köçürülməsi zamanı müxtəlif üsullardan istifadə olunur. Məsələn, torpaq ehtiyatlarından istifadə, onların ərazi üzrə paylanması haqqında informasiyaların toplanması, xəritələr üzərinə köçürülməsi və təhlili lazım gəlir. Xəritələrə məlumatlar xüsusi şərti işarələrin köməyi ilə köçürülür, legendadan (şərti işarələrə verilən izah) istifadə olunur.
Tədris və praktik işlərdə geniş istifadə edilən fiziki-coğrafi xəritələrdə ərazilərin mütləq hündürlüyü göstərilir. Bu xəritələrdə faydalı qazıntıların yerləşməsi, dövlət sərhədləri, hidroqrafik şəbəkə, nəqliyyat yolları, şəhər yaşayış məntəqələri təsvir olunur.
Gündəlik həyatda və təsərrüfat işlərində xüsusi əhəmiyyəti olan xəritələrə sinoptik, torpaq ehtiyatları, ekoloji və s. xəritələri aid etmək olar. Bir və ya bir neçə sutka üçün tərtib edilən sinoptik xəritələrdə atmosfer yağıntılarının növü, buludluluq, alçaq və yüksək atmosfer təzyiq sahələrinin yeri göstərilir.
Təsərrüfat əhəmiyyətinə görə topoqrafik plan xüsusilə seçilir. Topoqrafik plan - 1: 2000 və daha böyük miqyaslarda tərtib edilir. Onlardan mühəndis qurğularının, texniki layihələrin hazırlanması və tikintisində istifadə edilir. O, faydalı qazıntıların çıxarılması, şəhər təsərrüfatı işlərinin görülməsi zamanı da əhəmiyyətlidir.
Topoqrafik planda kiçik ərazilər təsvir olunduğuna görə mükəmməl verilir. Ona görə də ərazi planlaşdırılması işlərində onların əhəmiyyəti böyükdür.
24.08.2026