Bu maraqlıdır!

Materiya-maddə və sahə

Bizi müxtəiif çoxsaylı əşyalar, iqlim amilləri əhatə edir və eyni zamanda daim təbiət hadisələri ilə rastlaşırıq. Kainatda gördüyümüz və görə bilmədiyimiz bütün cansız cisimlər və canlılar materiya adlanır. Mövcud olanları və baş verən hadisələri duyğu orqanlarımız vasitəsilə dərk edir, müşahidə və təcrübələrlə onların yeni-yeni xassələrini aşkarlayırıq.

 

Alimlər materiyanın xassələrini araşdıraraq müxtəlif hadisələrin başvermə səbəblərinin izahını vermiş, hadisələrə müdaxilə etmək imkanı qazanmışlar.

 

Kütləsi və həcmi olan hər şey maddədir. Fiziki sahə isə maddələrin bir-birinə təsirini ötürən materiyadır.

 

Mayelərin xassələrinin elmi şəkildə öyrənilməsinə təqribən 2230 il bundan əvvəl Arximed tərəfindən başlanılmışdır.

 

Maddələr bərk, maye, qaz və plazma halında mövcud ola bilir.

 

Biz gündəlik həyatımızda müxtəlif hallarda olan maddələrin praktiki tətbiqi ilə rastlaşır, onların bəzi xüsusiyyətlərini müşahidə edirik.

 

Bərk halda olan maddələrin bərklik, möhkəmlik, sərtlik, kövrəklik, elastiklik, plastiklik, istidən genişlənmə, soyuqdan sıxılma, elektrikkeçirmə xassələri;


maye halında olan maddələrin buxarlanma, qaynama, istidən genişlənmə, elektrikkeçirmə;
qaz halında olan maddələrin isə istidən genişlənmə, sıxılma və mayeyə çevrilmək kimi xassələri vardır.

 

MADDƏNİN BƏRK HALI


Maddənin bərk halını maye və qaz halından ayıran əsas səciyyəvi cəhət bərk cisimlərdə atom və molekullar arasında qarşılıqlı təsir qüvvələrinin çox böyük olmasıdır. Bərk cisimlər həcmini və formasını saxlayır, onların atom və molekulları fəzada nizamla düzülərək müəyyən həndəsi quruluşa malik kristallar əmələ gətirir.

Lakin atom və molekulları nizamlı quruluş əmələ gətirməyən bərk cisimlər də mövcuddur. Onlar amorf bərk cisimlərdir.

Kristalların sabit ərimə və bərkimə temperaturu vardır. Amorf cisimlərin isə ərimə və bərkimə zamanı temperaturu fasiləsiz dəyişir.

Kristallarda fiziki və mexaniki xassələr istiqamətdən asılı olaraq dəyişir, amorf cisimlərin fiziki və mexaniki xassələri isə istiqamətdən asılı olaraq dəyişmir. Məişətdə maddələrin bu xassələrindən istifadə olunur. Şüşə amorf cisim olmasaydı, ondan müxtəlif formalı əşyalar - sınaq şüşəsi, stəkan, butulka hazırlamaq mümkün olmazdı.

 

MADDƏNİN MAYE HALI

Mayelər öz formalarını xarici hərəkətverici qüvvənin təsiri altında daim dəyişir, bunun nəticəsində mayelərdə axma müşahidə olunur. Mayelər töküldüyü qabın formasını alır. Onlar qazlardan fərqli olaraq, sıxılmaya az məruz qalır. Əksər mayelər sıxılmır. Mayelərin ən mühüm xüsusiyyətlərindən biri onların sürtünmə ilə əlaqəli olan özlülük xassəsidir. Əksər mayelər istidən genişlənir, elektrik cərəyanını keçirir. Müəyyən kütləyə malik daş parçası və yaxud kərpicə ip bağlayıb yuxarı qaldırdıqda qolun əzələlərinin gərildiyini hiss edirik. Onları havada qaldırmaq üçün böyük qüvvə sərf olunur. Ancaq bunu suda etsək, əşyaların necə yüngülləşdiyini görərik. Bərk cismi suya atdıqda onun çox az bir zamanda mayenin səthində qaldığını müşahidə etmək olur. Bu cür hadisə ilə göldə, dənizdə və s. durğun sularda üzərkən də rastlaşmaq olar.

 

Bütün bunlar mayenin səthinin sanki elastik bir pərdə ilə örtüldüyünü göstərir. Mayenin bu xassəsi səthi gərilmə adlanır. Hər hansı bir kağız parçasını konus şəklinə salıb, yuyucu maddə qarışdırılmış suya salaq. Sonra kağızı ehmalca çıxarıb üfürsək, sabun köpüyünün basketbol topu böyüklüyündə qabarmasının şahidi olarıq. Bunun üçün paltar sabunundan başqa, istənilən yuyucu maddədən istifadə etmək olar.

 

MADDƏNİN QAZ HALI

 

Qazlar asanlıqla sıxılır, çünki qaz molekulları arasındakı məsafə onların ölçülərindən xeyli böyükdür. Qaz müəyyən həddə kimi sıxıla bilir. Ancaq təzyiq müvafiq həddə çatdıqda sıxılma zəifləyir. Qazların bu xassəsindən avtomobil təkərlərinin, məişətdə qaz, səhiyyədə isə oksigen balonlarının doldurulmasında istifadə olunur.

 

MADDƏNİN PLAZMA HALI


Plazma müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuşdur. Maddənin yüksək dərəcədə ionlaşmış qaz halına plazma deyilir. Qalaktikamızı təşkil edən maddələrin 99%-i plazma halındadır.