Gürcü xalq nağılı. Ovçu qızı
Biri var idi, biri yox idi, bir ölkədə qoçaq və mahir bir ovçu var idi. Ovçunun igidliyi, cəsurluğu hər tərəfə yayılmışdı. Bu ovçunun bir qızı və bir oğlu var idi.
Bir gün padşah ovçunu yanına çağırtdırıb tapşırdı ki, sarayı kacilərdən qorusun: hiyləgər, qəzəbli kacilər cavan uşaqları oğurlayıb aparırdılar, ona görə də padşah qorxurdu ki, onun oğlanlarını da oğurlayarlar.
Bu minvalla vaxt ötüb-keçdi. Ovçu oğlunun on səkkiz yaşı tamam oldu, oğlan ova çıxıb gücünü sınamaq istədi. Ancaq anası oğluna təkbaşına ova getməyə icazə vermədi.
– Oğlum, tək-tənha getmək qorxuludur. Meşədə kacilər gəzib-dolaşırlar. Əminlə bir yerdə get.
Oğlan razı oldu, anasından silah istədi. Anası dedi:
– Yay və ox var, ancaq onları götürməyə sənin gücün çatmaz.
Oğlu dedi:
– Göstər görüm, əgər onlara gücüm çatmasa, ova gedən deyiləm.
Əmisi oğlanı çardağa apardı, oxla dolu oxdanı və yayı ona göstərdi. Cavan oğlan yayı asanca götürdü, ox qabını yüngülcə əlinə aldı. Küncdə qılınc gördü, onu da asanlıqla qaldırdı.
Pərtliyindən əmisinin rəngi qapqara qaraldı, qardaşı oğlunun güclü olmasına paxıllıq elədi: axı o özü heç ikiəlli də bu qılıncı qaldıra bilmirdi.
Əmi ilə qardaşoğlu ova getdilər. Cavan oğlan bir xeyli ov ovladı, əmisi isə heç bir şey vura bilmədi, fikirləşdi ki, qardaşı oğlunun ovladıqlarını tutub əlindən alsın. Əmisi qardaşı oğlunu meşənin içərilərinə, qaban dolaşdığı yerə çəkib gətirdi, özü isə çalada gizləndi.
Qabanlar oğlanın üstünə atıldılar, ancaq oğlan qorxub çəkilmədi, hamısını vurub öldürdü. Bu vaxt əmisi çaladan çıxıb dedi ki, guya xəbəri olmadan çalaya yıxılıbmış. Qardaşı oğlunu başladı tərif eləməyə, amma qəlbində qəzəbindən boğulurdu. Paxıllıq qəlbini didib-parçalayırdı: böyük qardaşı ondan güclü idi, qardaşı oğlu da gücdə onu ötüb-keçmişdi. Fikirləşdi ki, oğlanın başını batırsın.
O, qardaşı oğluna dedi:
– Qoçaq oğlansan, qardaşoğlu, atan kimi cəsarətlisən. Yaxşısı budur, get, sehrli Bojmi çiçəyini axtar, tap, gətir, ver anana, onu sevindir.
– Bojmi çiçəyi harada bitir ki?
– Meşənin içi ilə keçib-gedərsən cənuba doğru. Elə ki meşənin qurtaracağına çatdın, bir ev görəcəksən, o evdə bir qarı olur. Həmin qarı yolu sənə göstərər.
Oğlan az getdi, çox getdi, gəlib meşənin qurtaracağındakı evə çıxdı.
Gördü ki, həyətdə, ağacın altında yekəpər bir qarı oturub, əlində yun didir. Sən demə, bu, divin anası imiş. Cavan oğlan qarının yanına gəldi, ehtiramla salam verib soruşdu:
– Ana, bilmirsən, Bojmi çiçəyini haradan tapmaq olar?
Qarı dedi:
– Günəşin dalınca baş alıb get, hündür bir qayaya doğru gedib çıxacaqsan. Qayanın aşağısı qara, orta hissəsi qırmızı, lap yuxarısı isə ağdır. Axşam gözəllər gözəli Bojmi o qayanın başına çıxacaq, uzun, qızıl saçlarını açıb-tökəcək, saçları qayanın dibinə çatacaq, saçlarının uclarında çiçəklər var. Qayanın altında gizlənib saçların ucundakı çiçəkləri üz.
Cavan oğlan qarıya təşəkkür edərək günəşin dalınca düşüb qərbə tərəf getdi.
Günəş qərbə çatanda cavan oğlan qayaya çatdı. Oğlan qayanın ayağında gizlənib gözlədi.
Gördü, budur, gözəl Bojmi qayaya gəldi, qızıl saçlarını açıb-tökdü dalına. Saçlar qayanın üstündən ta yerə qədər sallanırdı. Saçlarının uclarında al-əlvan, xoş ətirli, parlaq, rəngbərəng çiçəklər var idi. Oğlanın gözləri qamaşdı, ona görə də çiçəkləri üzməyə gecikdi. Əgər oğlan hörükləri əlinə dolasaydı, onda çiçəkləri üzmək mümkün olardı. Oğlan haradan biləydi ki, hiyləgər qarı bunu ona qəsdən deməyibdir?
Bojmi oğlanı saçlarına dolayıb qayanın üstündən öz vətəni Kaxetiyə atdı.
Evlərində oğlanın yolunu çox gözlədilər, gözlədilər, axırda əllərini ondan üzdülər, ağladılar, sızladılar, başa düşdülər ki, o daha qayıtmayacaq.
Oğlanın atası – ovçu evində baş verən bədbəxtlikdən xəbər tutan kimi padşahdan icazə aldı ki, gedib oğlunu axtarıb tapsın.
Ovçu evinə gəldi, yola çıxmaq üçün tədarük görməyə başladı.
Qızı atasına dedi:
– Ata, mənə silah ver, izin ver, mən də qardaşımı axtarmağa gedim.
Atası qızının sözünə güldü: yəni demək istəyirdi ki, sən hara gedirsən, bu sən girən kol deyil, amma etiraz da eləmədi.
Qız əyninə kişi paltarı geydi, qılıncla silahlandı, atın tərkinə minib yola düzəldi.
Qızın atası cəld paltarını dəyişdi, başqa bir atı yəhərləyib mindi və atını çaparaq qızının qabağını kəsdi. Atın yüyənindən tutub dartaraq ucadan qışqırdı:
– Tez ol, atdan düş!
Qız atasını tanımadı, qılıncını sıyırıb dedi:
– Çəkil yoldan, quldur!
Bir həmlə ilə qız ovunu vurub yəhərdən yerə saldı. Cəld yerə tullanıb, qılıncını sıyırıb kişinin başının üstünü aldı. Bu vaxt atası qızının qolundan tutub saxladı.
– Əl saxla, qızım! Mənəm, sənin atanam. Görürəm, mənə layiq qızsan. Get, axtar qardaşını, tap.
Qız bütün məmləkəti gəzib-dolaşdı, meşələri, dağları axtardı, qardaşı heç yanda yox idi. Düşündü: “Görünür, Kaci onu oğurlayıb. Kaxetiyə getməliyəm”.
Görəsən, Kaxeti haradadır, hansı tərəfdədir? Bir nəfər də oralarda olmayıb.
Qız sağına-soluna baxmadan baş alıb getdi. Axşamtərəfi gəlib bir dəniz sahilinə çıxdı.
Hər tərəf bomboş idi – bir su idi, bir də torpaq. Nə ağac var idi, nə də ki əkin. Sahildə köhnə bir daxma var idi.
Qız daxmanın qapısını döydü. İçəridən bir qarı çıxdı. Qız qarıdan gecəni qalmağa bir yer istədi. Qarı qonağı can-başla qəbul elədi.
Axşam yeməyini qonağı ilə yarı bölüb yeyəndən sonra qızdan soruşdu:
– Ay qızım, səni bu kimsəsiz, adam ayağı dəyməyən yerlərə çəkib gətirən nədir belə?
Qız cavab verdi:
– Kaxetiyə gedən yolu axtarıram. Deyə bilərsənmi, nənə, mən ora necə gedib çıxa bilərəm?
– Bilmirəm, ora necə gedib çıxmaq olar, amma çalışaram, sənə kömək eləyim.
Qarı qonağını həyətə çıxarıb dənizi göstərdi. Qız heyrətindən dayandığı yerdəcə donub qaldı. Hər yan qapqara zülmət içində idi, dənizlə göy arasında isə bir imarət gur işıq saçaraq par-par parıldayırdı.
Qarı dedi:
– Bu imarətin içində Kaxetidən bir əsir qız var. Bu qız o qədər gözəldir ki, öz gözəlliyi ilə bütün imarəti işığa qərq edib. Bizim padşaha ərə getməyə razı olmadığı üçün padşah cadugərə əmr eləyib ki, imarəti havaya qaldırsın, qoy heç kəs qızı görə bilməsin. Bu vaxt dəniz coşub təlatümə gəlir, ətrafındakı evlərin hamısını uçurub-dağıdır, adamların hamısını udur, o cümlədən padşahı da. Mən o vaxt dağlara getmişdim, kök yığırdım, ona görə də təsadüfən sağ qalmışam. Gördüyün bu daxmanı özüm üçün düzəldib birtəhər başımı girləyirəm. Günüm-güzəranım yoxdur, ölüm də ki məni yaddan çıxarıb. İmarətin içindəki əsir qız Kaxetini tanıyır. Amma sən onun yanına düşə bilməzsən.
Ovçunun qızı bütün gecəni fikirləşdi ki, necə eləsin ki, qızı əsirlikdən qurtarsın. Düşünüb-düşünüb, axır ki, tapdı.
Səhər yerindən qalxıb mehriban qarı ilə vidalaşdı, qonaqpərvərliyinə görə ona dil-ağız elədi, sonra dənizin sahili ilə baş alıb getdi. Gəlib şəhərə çıxdı. Atını satıb bir gəmi aldı, bir xarrat tutdu, ona uzun bir nərdivan düzəltməyi tapşırdı.
Qız gəmiyə minib üzə-üzə imarətin yanına gəldi, nərdivanı divara söykəyib yuxarı qalxdı.
Ovçu qızı əsiri səslədi, xahiş elədi ki, qapını açsın, ancaq içəridən heç kəs ona hay vermədi.
Ovçu qızı qışqırıb dedi:
– Qorxma məndən, mən gəlmişəm, səni bu bəladan xilas eləyim. Kaxetiyə gedən yolu mənə göstər!
Əsir qız imarətdən çıxdı, hər tərəfə işıq saçırdı. Ovçu qızı ilə birlikdə gəmiyə minib sahilə qayıtdılar.
Qızlar Kaxetiyə yollandılar. Onlar bir il sərasər yol getdilər. İkinci ili də getdilər, yolun tən yarısını getmişdilər ki, bu vaxt birdən dar dərədən Yanar div peyda oldu, qızların qabağını kəsib durdu. Yerdəcə uzandı, belədə onu keçmək mümkün olmadı, div ağzından od püskürürdü.
Ovçu qızı xahiş etdi:
– Div, burax bizi, gedək!
Div dedi:
– Mənə söz ver ki, Kaxeti padşahının sarayındakı sehrli fənəri gətirib verəcəksən, sonra buraxım.
Qız dedi:
– Söz verirəm, təki burax.
– İnsanın verdiyi sözə inanmaq olmaz, qoy sizin ikinizdən biri burada qalsın.
Kaxetili qız qaldı, ovçu qızı yoluna düzəlib getdi.
Qız az getdi, çox getdi, çöllərdən, çaylardan, meşələrdən keçdi, dağlardan aşdı. Bir il yol getdi, ikinci ili də getdi. Lap uzaqdan Kaxeti qalası göründü; qala o qədər hündür idi ki, başı buludlara dəyirdi.
Bu vaxt üçbaşlı div qızın yolunu kəsdi. Ovçu qızından soruşdu:
– Yolun uzaqdırmı?
– Kaxetiyə gedirəm.
Div dedi:
– Səni ora buraxmazlar, öldürərlər. Yaxşısı budur, elə mən özüm səni yeyim.
Qız belə cavab verdi:
– Məni buraxarlar ya buraxmazlar, bu sənə qalmayıb. Çəkil yolumdan!
Div əl çəkmədi:
– Onsuz da mən səni yeyəcəyəm.
Ovçu qızı dedi:
– Əgər mən səndən cəsarətliyəmsə, səndən zirəyəmsə, onda sən məni necə yeyə bilərsən? Gəl yoxlayaq, onda inanarsan. Bax o xəndəyi görürsən – mən çox asanlıqla həmin xəndəyin üstündən tullana bilərəm, amma sən tullana bilməzsən.
Bu div çox güclü, amma ağılsız idi. Sıçrayıb atdan düşdü və xəndəyin üstündən tullandı. Xəndək çox enli idi. Divin ayaqları xəndəyin kənarına çatmadı, düz xəndəyə düşdü.
Qız cəld sıçrayıb divin qanadlı atına mindi, divin qanadlı sehrli atı quş kimi uçdu. Bir göz qırpımında ovçu qızını Kaxetinin darvazasına çatdırdı.
Darvaza elə sürətlə açılıb-bağlanırdı ki, içəri keçmək heç cür mümkün deyildi – darvazanın almaz tilləri qoçaq qızı iki bölərdi.
Qız atı mahmızladı, at ox kimi darvazanın layları arasından içəri keçdi, ancaq atın quyruğu kəsildi.
Ovçu qızı imarətə gəlib çıxdı, heyrətindən yerindəcə donub qaldı. İmarətin qabağı daşa dönmüş adamlarla dolu idi. İmarətin özü də çox əcaib bir şey idi – aşağısı gümüşdən, yuxarı hissəsi qızıldan idi. Pəncərələrin içində zəncirlənmiş qorxunc heyvanlar oturmuşdu. İki nəhəng qanadlı əjdaha qapıda keşik çəkirdi.
Ovçu qızı çox fikirləşmədi, cəld qılıncını sıyırdı, nəhəng əjdahaların ikisini də cəhənnəmə vasil eləyib imarətə girdi.
Mərmər zalın içərisi də adamla dolu idi. Bu adamlar başdan qurşağa kimi canlı idilər, qurşaqdan aşağı isə daş. Birdən ovçu qız eşitdi ki, onun adını çağırırlar. Baxıb gördü ki, onu çağıran qardaşıdır. Bacı-qardaş qucaqlaşdılar, öpüşdülər. Qardaşı başına gələnləri, Kaxetiyə necə gəlib düşdüyünü, Bojminin necə onu saçlarına dolayıb öz məmləkətinə atdığını bir-bir bacısına söylədi, sonra dedi:
– Bacı, tez qaç, gizlən, yoxsa indicə qəddar şahzadə Bojmi gəlib çıxar. O sənə aman verməz, səni də daşa döndərər!
– Qorxma, qardaş, mən onunla bacararam.
Ovçu qızı qapının dalında gizlənib gözləməyə başladı.
Kaxetinin şahzadəsi Bojmi içəri girdi. Ovçu qızı bir əli ilə qızın uclarında çiçək olan qızıl saçlarından tutdu, o biri əli ilə də qılıncını qızın üstünə qaldırıb dedi:
– Bu dəqiqə qardaşımı daşdan xilas elə! Adamları dirilt, bir də atımın quyruğunu sağalt!
Bojmi ovsun oxuduqca ətrafdakı adamların hamısını cana gətirib dirildirdi. Adamlar dərindən nəfəs aldılar. Sevindiklərindən bir-biri ilə danışıb-gülməyə başladılar.
Əsir düşmüş adamlar məsləhətləşib qəddar şahzadə qızı kimsəsiz qalaya salıb dustaq elədilər. Ovçu qızı isə qaranlıqda öz-özünə yanan sehrli fənəri də götürüb qardaşı ilə birlikdə Kaxetini tərk etdi.
Bacı-qardaş Yanar divin gözlədiyi həmin dərəyə gəlib çıxdılar.
Ovçu qızı dedi:
– Qalx ayağa, div, sənə sehrli fənəri gətirib gəlmişəm.
Amma div dura bilmirdi, düz üç il idi ki, bir böyrü üstə uzanıb qalmışdı, ona görə də böyrü tamam keyimişdi. Bacı və qardaş divi çevirib o biri böyrü üstə uzatdılar, qoy indi də bu biri böyrü keyisin, onlar kaxetili qızla birlikdə yola düzəlib getdilər.
Qız onlara danışdı ki, o, Kaxetidən deyil. Kaci bu qızı uşaq olanda oğurlayıb, aparıb öz məmləkətinə, sonra isə padşah qızı Kacidən oğurlayıb dənizlə göyün arasındakı imarətdə dustaq eləyib.
Onlar üçü bir yerdə pay-piyada yolla gedirdilər, birdən onların qabağında balaca bir kişi peyda oldu – elə bil ki yer yarıldı, yerin altından çıxdı – boyu bir qarış, saqqalı iki qarış.
O, yolçulara dedi:
– İstəyirsiniz, mən sizi faytonla aparım.
Ovçu qızı gülərək soruşdu:
– Faytonu haradan tapacaqsan?
Cırtdan kişi qırmancını yelləyərək fit çaldı, dördatlı fayton qabaqlarında hazır durdu. Atlar çox qəşəng və oynaq idi. İki göz istəyirdi ki, bu atlara tamaşa eləsin.
Bu atlar göydəki ulduzlarla, dənizdəki balıqlarla oynamağa layiq idi.
Ovçu qızı qardaşına dedi:
– Yaxşısı budur, elə piyada gedək. Bundan gözüm su içmir.
Qardaşı bacısının sözünə qulaq asmadı:
– Niyə qorxursan axı? Bu qoca bizə nə eləyə bilər? Bir çırtma vursam, faytonu yumurtanın qabığı kimi çilik-çilik olar.
Üçü də bir yerdə faytona mindi.
Cırtdan birə kimi hoppanıb qozlada oturdu, atlara bir qamçı çəkdi, atlar quştək havaya qalxdılar.
Axşamüstü yolçular dinclərini almaq üçün bir ağacın altında dayandılar. Özləri də yedilər, cırtdanı da qonaq elədilər. Ovçu qızı su içmək istədi, dedi:
– Ay cırtdan, get, bulaq axtar, tap, bir dolça su gətir, içək.
Cırtdan acıqlı-acıqlı dedi:
– Mən sizə su daşıyan deyiləm ki! Su içmək istəyirsən, get, özün tap, iç.
Qız bulaq axtarmağa getdi.
Cırtdan isə fürsəti fövtə verməyib tez yerindən sıçrayıb qalxdı və qolaylanıb ovçu oğlunu vurdu. Oğlan ölü kimi bir tərəfə düşüb qaldı. Sonra qızın saçlarından yapışıb sürüyə-sürüyə öz evinə apardı. Yazıq qız süründükcə yerdə iz qalırdı.
Ovçu qızı bulağı çox axtardı, sudan qayıdıb gələndə isə gördü, nə qız var, nə cırtdan var, nə də ki atlar var, təkcə qardaşı yarımcan halda yerdə uzanıb qalıb. Qız tələsik buz kimi sudan qardaşının üzünə çilədi, içirdi, oğlan özünə gəlib ayıldı. Bacı-qardaş izi tutub qızı axtarmağa getdilər.
İz onları gətirib bir mağaraya çıxardı. Mağaranın girişinə iri bir daş qoyulmuşdu.
Bu vaxt əsir qız özü onların köməyinə gəldi. Ayaq səslərini eşidib dərhal başa düşdü ki, bu gələnlər bacı-qardaşdır, onu azad etməyə gəliblər.
Qız onlara dedi:
– Səsinizi çıxarmayın, ifrit indicə oyanar, sizi öldürər. Bu aralarda gizlənin, öyrənim görüm, onun gücü nədədir.
İfrit düz üç gündən sonra yuxudan oyandı, gördü ki, onun əsir etdiyi qız hönkür-hönkür ağlayır.
İfrit qıza dedi:
– Ağlama, gözəl qız, mənim yanımda günün pis keçməz.
Qız ona dedi:
– Mən özümə görə ağlamıram. Mən sənin üçün qorxuram. Sən yatmışdın, bir div gəlib az qalmışdı içəri soxulsun. Birdən o div səni yeyər.
– Yeməz, çeynəyib yeyə bilməz, əgər işdir, məni udsa, zərəri yoxdur, mənə heç bir şey olmaz, sapasağ qalacağam.
– O səni öldürər!
– Öldürməz, bunu bacarmaz, mənim canım özümdə deyil.
– Bəs haradadır?
– Bax, o küncdəki süpürgədədir.
Qız cəld süpürgəni götürüb bağrına basdı, dedi:
– Öz gözlərimdən artıq bunu qoruyacağam.
İfrit gülüb dedi:
– At süpürgəni, ay səfeh, mənim canım o süpürgədə deyil. Mənim canıma heç kəsin əli çatmaz, mənim canım ala balığın qarnındadır. Həmin balıq isə iki dənizin arası ilə üçüncü bir dənizə üzür. Mənim gücüm, ağlım və canım həmin balığın qarnındadır.
Qardaşla bacı söhbətin hamısını eşidirdilər.
Ovçu qızı qardaşına mağaranın keşiyini çəkməyi tapşırdı, özü isə dəniz sahilindəki şəhərə yollandı. Şəhərdə Kaxetidən götürdüyü sehrli fənəri ən varlı bir tacirə satdı, puluna qayıq aldı, balıqçılara bir balıq toru toxumağı sifariş elədi.
İki dənizin arası ilə üçüncü dənizdə qız balıqçılarla birlikdə ala balığı tutmağa başladı.
Bir neçə gün gecə və gündüz balıqçılar toru dənizə atdılar: axır ki, ala balığı tutdular. Ovçu qızı balığın qarnını yardı, balığın qarnından bir qutu çıxdı.
Qız balıqçılarla görüşüb ayrıldı, ayrılarkən təşəkkür əvəzinə qayığı və balıq torunu onlara bağışladı, özü isə qayıdıb mağaraya gəldi.
Ovçu qızı yol gələ-gələ fikirləşirdi: “Bir baxım görüm, qutunun içində nə var?” Qutunun ağzını azca aralayan kimi içindən bir quş uçdu. Demə, bu, cırtdanın gücü idi.
İfrit elə bu vaxt mağaradan çıxırdı, quş da qutudan çıxdı və uçub gözdən itdi, cırtdan gücsüz halda yerə sərələndi.
Ovçu qızı qayıdıb gələndə gördü ki, ifrit yerdə sərələnib qalıb, qəzəblə onun qardaşına baxır, amma heç bir şey eləyə bilmir: bir azacıq da olsun gücü qalmayıb.
İfrit yalvarıb dedi:
– Siz mənim gücümü əlimdən aldınız, heç olmasa, canımı almayın, qoyun yaşayım.
Ovçu qızı dedi:
– Yox, bu ola bilməz. Sən başqa birinə də xətər yetirə bilərsən!
Ovçu qızı qutunu açdı, üstəlik, iki quşu da azad elədi: quşların hərəsi bir tərəfə uçub-getdi. Beləliklə də, ifrit cəhənnəmə vasil oldu.
Qardaşla bacı mağaranın içinə girdilər, içəridə saysız-hesabsız daş-qaş, qızıl-gümüş var idi. Xurcunları qiymətli daş-qaşla, qızılla doldurdular. Dörd atdan birinə xurcunları yüklədilər, üç atın da hərəsinə biri minib evlərinə yollandılar.
Ovçu ilə arvadı güman eləmirdilər ki, balaları sağ-salamat qayıdıb gələcəklər. Ancaq onlar qayıdıb gəldilər, hələ, üstəlik, özləri ilə gözəl bir qız da gətirdilər.
Padşah eşitdi ki, ovçunun evində çox gözəl bir qız olur, istədi, qızı onların əlindən alsın, amma ovçunun qızından qorxdu. Axı ovçu qızının igidliyi bütün ölkəyə yayılmışdı.
18.09.2026