Nağıllar, hekayələr

Ötkəm Bayramgil. Müəllimlər Gününün Sehrli Yuxusu

​Ötkəm kitab oxumaq üçün həmişə olduğu kimi, evin ən sakit küncünü seçmişdi.


Maraqla oxuduğu kitabın səhifələri birdən işıq saçmağa başladı və güclü bir külək əsdi. Ötkəm gözlərini açanda özünü nağıllardakı kimi sehrli bir aləmdə tapdı.


​Təəccüblə ətrafa boylanan Ötkəm uzaqda ucalan möhtəşəm bir saray gördü. Sarayın qapısına yaxınlaşan Ötkəmi hər zamankı mehriban təbəssümü ilə sevimli Fatimə müəllimi qarşıladı:


— Xoş gəldin, Ötkəm! Bura Bilik Dünyasıdır. Ağıllı və savadlı uşaqlar bu sehrli dünyaya gəlirlər. Gəl mənimlə, müəllim və dostların səni gözləyir.


​İçəri daxil olan Ötkəm böyük bir zaldakı masa arxasında Günel müəllim, Məlahət müəllim və Vüsalə müəllimi gördü. Onlar sehrli kitablarla uşaqlara dərs izah edirdilər. Günel müəllim səbirlə çətin bir tapşırığı uşaqlara başa salır, Vüsalə müəllim şən əhval-ruhiyyə ilə uşaqlara maraqlı bir nağıl söyləyir, Məlahət müəllim isə uşaqlara hüquq və vəzifələri haqqında geniş məlumat verirdi.


​Müəllim və dostları ilə görüşəndən sonra, Ötkəm Fatimə müəllim ilə sarayı gəzməyə başladı.


​Birdən sehrli bir melodiya Ötkəmin diqqətini çəkdi. Səsə tərəf gedəndə sevimli musiqi müəllimi Kəmalə müəllimi gördü. Kəmalə müəllim royalın arxasında əyləşib elə gözəl musiqi ifa edirdi ki, havadakı notlar parıldayan kəpənəklərə çevrilib uçuşurdular. O, gülümsəyərək Ötkəmə dedi:


— Musiqi ruhun dilidir, Ötkəm. O, insanlara sevinci və gözəlliyi hiss etdirir. Gəl birlikdə bu gözəlliyi hiss edək.


​Daha sonra saraydan ucalan başqa bir səs Ötkəmi başqa bir otağa apardı. Bu, Bəxtiyar müəllim idi. O, ətrafındakı uşaqlara ingilis dilində sehrli sözlər öyrədir, zarafatları ilə şagirdlərin əhval-ruhiyyəsini yüksəldirdi. Müəllim Ötkəmə tərəf dönüb dedi:


— Hello, Ötkəm! Welcome to the magical world!


​Sarayın ən müasir otağında isə informatika müəllimləri Anar müəllim və Xalidə müəllim sehrli ekranların arxasında oturmuşdular. Anar müəllim alqoritmlərlə gələcəyin kodlarını yazır, Xalidə müəllim isə sistemin təhlükəsizliyini təmin edirdi. Onlar Ötkəmə yeni texnologiyaların gücünü və süni intellektin inanılmaz bacarıqlarını göstərdilər.


​Anar müəllim və Xalidə müəllim süni intellekt vasitəsilə ekranda "Gələcək Pəncərəsi"ni açdılar. Ötkəm maraqla ekrana tərəf addımladı və orada gələcəkdə özünün böyüyüb bir alim olduğunu gördü. O, ağ xalatda, müasir bir laboratoriyada insanlığa faydalı böyük kəşflər edirdi. Ötkəm heyranlıqla gözlərini ekrandan ayıra bilməyib müəllimlərinə tərəf döndü və soruşdu:


— Mən bu uğura necə nail oldum?


​Yanında dayanan Fatimə müəllim mehribancasına gülümsəyərək cavab verdi:


— Oxuduğun kitablar və müəllimlərinin verdiyi bilik səni o gələcək uğura aparacaq.


​Ötkəm müəllimlərinin əhatəsində sehrli dünyanı kəşf etməyə davam etdiyi bir vaxtda birdən qulağına anasının səsi gəldi:


— Ötkəm, balam, dur yerində yat.


​Ötkəm gözlərini açdı və gördüklərinin hamısının gözəl bir yuxu olduğunu anladı. Amma bu yuxu ona çox vacib bir şeyi xatırlatdı. Sabah 5 Oktyabr — Beynəlxalq Müəllimlər Günü idi!


​Səhər açılan kimi Ötkəm tez hazırlaşdı, həyətdən topladığı rəngarəng gülləri götürüb böyük bir həyəcanla məktəbə tərəf qaçdı. Məktəbə çatan kimi bütün müəllimlərini təbrik etdi.


​Onların bayramını təbrik edərkən ürəyində düşündü: Məncə Sehrli dünyaya getməyə heç ehtiyac yoxdur,  həyatımızı sehrli edən, yolumuzu işıqlandıran müəllimlərimiz elə hər gün yanımızdadır.

 


Ötkəm Bayramgil
Sumqayıt şəhəri
35 saylı tam orta məktəbin  4D sinif şagirdi