Emiliyan Stanev. Quşun ölümü
Bu barədə həmişə səninlə danışmaq istəmişəm… Bir gün məşğulluğu ovundan sonra dincəlmək üçün kənd yolunda oturmuşdum. Kənd evlərinin kərpic divarları, tikanlı çəpərləri sıx söyüd budaqları arasından görünmür, batan payız günəşinin yaqut qızıllığında qeyb olurdu.
Axşamlar meşənin o biri tərəfində gördüyümüz par-par sayrışan ulduzları xatırlayırsanmı? Sanki ağlasığmaz böyüklükdə bir çəllək insanı sərxoş edən şərabını süzürdü yer üzünə. Onları seyr edərkən ikimiz də o ulduzların yanına getmək arzusu ilə yanırdıq. Orada eynən uşaqlığımızda yuxularda gördüyümüz kimi möcüzəli bir həyat, gözəl, günəşli, nurlu bir dünya tapacağımızı zənn edirdik.
O vaxtlar bu hadisəni sənə danışmağı unutmuşam, çünki onda fikrim-zikrim ovda idi. Qızılı yarpaqla döşənmiş meşə, meşə quşlarının fısıltı kimi cəh-cəhi, buranın tərtəmiz havasında duyulan o yanıq barıt qoxusu, qərəz, bütün səhnə gözlərim önündə yenidən canlanacaqdı.
Digər tərəfdən isə müharibənin dünyanın dörd bir tərəfində minlərlə, milyonlarla insanın həyatına son qoyduğu bir vaxtda sənə bundan söz açmaq yerinə düşməzdi. Üstəlik, sənə danışmaq istədiyim bir quşun ölümü ilə bir insanın ölümünü müqayisə etmək olarmı heç?
Ancaq mənə elə gəlir ki, ölümün nə olduğunu səhvən vurduğum bu quş sayəsində öyrəndim.
Uzun və sərt qışın axırları idi. Bu əhvalat çələng kimi dörd tərəfi dağlarla əhatə olunmuş bolsulu bir ovalıqda baş vermişdi. Şiddətli şimal küləyinin qovduğu yüzlərlə köçəri quş soyuqdan və aclıqdan xilas olmaq üçün sığınacaq axtarmaq məqsədilə bu kəndin ətrafına uçub gəlmişdilər. Cürbəcür quşlar dəstə-dəstə küləyin qarşısına keçib ovalığı tərk edirdilər. Cənubdan uzun yol gəldiklərinə görə bütün quşlar dincəlmək, tez nəsə tapıb yemək və qızınmaq üçün bir yer axtarırdılar. Kəndin bostanları arasından burula-burula axan, sahillərində söyüd ağacları boy atan çay quşlara yol göstərirdi. Çünki külək buralarda o qədər də güclü deyildi, torpaq donmamışdı.
Dərə boyunca gedərkən bir neçə sürüyə atəş açdım. Quşlar çox olduğundan ovlamaq rahat idi. Biz ovçuların “qara” adlandırdığımız quşlardan səkkizini çiynimdən asmışdım. Saxtadan donmuş bataqlığın üzündə bütün gecəni gəzəndən sonra külək və yuxusuzluqdan gücdən düşmüşdülər. Uzaq yerlərə uça bilmirdilər. Bu səbəbdən heç bir atışım boşa getmir, onları çətinlik çəkmədən vura bilirdim.
Günortaya doğru şimaldan qar yüklü boz buludlar gəldi. Ovalıqda bir fırtına qopdu ki, gəl görəsən. Dərənin üstündən boz qaz sürüsü uçub keçdi və bir qədər sonra lopa-lopa yağan qarda görünməz oldu.
Fırtınadan qaçıb üstü qamışla örtülü bir çoban komasına sığındım. Bir saat sonra fırtına sakitləşdi. Qar da dayanmışdı. Hava açıldı, ovalıq əvvəlki sükutuna qərq oldu.
Uğurlu ovdan sonra ağappaq, sərt mart qarının üzərində yerimək necə də xoş idi. Bəyaza bürünmüş düzənlikdə xışıltılı qarda addımlamaqdan, bel çantamın həlqəsinə toxunan tüfəngimin və ov paltarımın bir-birinə sürtünərək çıxardığı səsi dinləməkdən zövq alırdım.
Qaranlığın çökməsinə hələ iki saat var idi. Üstəlik, hər tərəf ağappaq qarla büründüyündən hava daha da işıqlı idi. Günəş seyrək buludların arxasında sıx duman içində yanan lampa kimi görünürdü.
Dərə kənarından ayrılıb qəsəbəyə doğru yeriməyə başladım. İçi qarla dolu suvarma kanalı boyunca addımladım. Uzaqda, bəyaza bürünmüş ovalığın ortasında böyük bir göl yaşıl ayna kimi parıldayırdı. Ətrafında bir neçə kiçik söyüd ağacı var idi. Gölün dupduru suyunun üzünə çılpaq budaqların əksi düşürdü.
Əlli addım irəli gələndən sonra gölün ortasına bir quşun qonduğunu gördüm. Yumru, qara bir nöqtə kimi heç tərpənmədən dayanmışdı.
Duruxdum. Quş mənə sarı çevrilib təlaşla başını qaldırdı. Deyəsən, elə çiynimə asdığım ördəklərin cinsindən idi. Uçmağa çalışdı. Titrək hərəkətlərindən bunu sezmək olardı.
Əziz dostum, qarşımıza qəfildən bir ov çıxanda necə canlandığımızı, dərhal tüfəngə “sarıldığımızı” yaxşı bilirsən. Qan beynimizə dolar, həyəcanlanıb nəfəsimiz kəsilər, bütün diqqətimiz qarşımızdakı ova — quşa və ya heyvana yönələr. Onu vurmaq üçün qarşısıalınmaz bir sövq ürəyimizi yandırar, o alovda qıvrılarıq. Atəş açmaq üçün bir saniyə belə gecikməyək deyə titrəyərik.
Ördəyin söyüd budaqlarının arasından uçub gözdən itə biləcəyini düşünüb dərhal atəş açmağa qərar verdim.
Dəqiq nişan alıb tətiyi çəkdim…
Xəfif duman pərdəsinin arasından quşun necə çırpındığını, qırmaların suyu necə sıçratdığını gördüm. Amma maraqlısı budur ki, ördək hələ də əvvəlkitək səssiz, tərpənmədən dayanırdı. Qanadlarını çırpmır, suda arxası üstə sürünmürdü. Yaralı və ölməkdə olan digər quşlar kimi, xilas yolu tapmaq ümidi ilə suya baş vurmurdu. Sadəcə, ağır-ağır mənə tərəf çevrildi. Sonra yenidən top kimi içinə çəkildi.
Gözlərimə inana bilmirdim. Heyrət içində idim, yenidən atəş açmaq üçün barmağımı tətiyindən çəkmədən ona sarı addımladım.
Mat-məəttəl qalmışdım. Sanki ölüm gülləsinin dələ bilmədiyi bir kabusa atəş açmışdım.
Yanına çatanda gölün üstündə boz ördəyin deyil, qaraça bir quşun olduğunu gördüm. Tünd külrəncli lələklərlə örtülmüş bədəni sağlam idi, sıx tüklərinin üzərində hətta bircə damcı qan da görünmürdü.
Adi tərəpəniş belə yox idi, sadəcə, dayanmışdı. İbtidai canlıların təhlükələrdən uzaq, rahat olduqları vaxtlardakı kimi, bir dalğınlıq içində idi. Yanına gəlməyim belə ona təsir etmədi, aramızda ancaq ikicə addımlıq məsafə var idi, amma mənə heç fikir də vermirdi.
Ağ pipikli, kiçik, gözəl, qara başını irəli uzatmışdı. Baxışları elə bil ovalıq üzərindən uzanıb gedən ağappaq üfüqün ardındakı nöqtəyə dikilmişdi. Bu quşcuğaz sanki bütün varlığını bircə bu nöqtəyə yönəltmişdi, ondan qeyri hər şeyə qarşı isə buz kimi soyuqluq göstərirdi.
Bu inanılmaz mənzərəni uzaqdan görə bilməyəcəyini düşün: bir ovçu və bir boz ördək… İkisi də bir-birinə nəfəs qədər yaxın. Kişi çaşqınlıq içində… Boz ördək isə bu böyük düşmənin qarşısında laqeydcasına dayanıb… və bütün bunlar fırtınadan sonrakı rahatlıq və səssizlik dolu, ağappaq qarla örtülmüş bir ovalıqda baş verirdi. Həmin an dini nağıllarda bəhs olunan möcüzələrin gerçəkləşəcəyinə inanmaqdan məni heç kim yayındıra bilməzdi.
Bu vəziyyət bir neçə saniyə də davam etsə, artıq dözə bilməyəcəyimi duydurdum. Əl-qolumu yellədib bağırmaq gəlirdi içimdən, ya da məndən qorxmayan bu laqeyd qara varlığın üstünə atılıb onu tutmaq istəyirdim.
Suya girməyə hazırlaşırdım ki, quş çırpındı. Uzun boğazı büküldü, başı xəfifcə geri çəkildi, bütün vücudu titrədi. Bu ana qədər sinəsində var gücü ilə saxlaya bildiyi bir şeyi qorumaq istəyirdi sanki. Sonra qarşısındakı bir buz parçasına tərəf ağır-ağır yeridi, boynunu uzadıb sədəf kimi parıldayan dimdiyini buza dirədi. Getdikcə daha qüvvətlə özünü buza sıxırdı, ağrısını azaltmaq istəyirdi. Birdən bədəni boşaldı, kiçik qara gözləri yarıyacan qapandı və quş arxası üstə çevrildi… Ölmüşdü…
Bu quş sayəsində yalnız o zaman hansı gücün qorxuya qalib gəldiyini anladım. Elə vurulmuşdu ki, ölüm qaçılmaz idi. Qırma sinəsini dəldiyi vaxt ölümlə savaşmağın əbəs olduğunu anlamış, bu anın yaxınlaşması bütün vücudunu əsir etmişdi. Bədbəxtin mənimlə əlləşəsi halı qalmamışdı, yazıq quşcuğaz həyatının sonunu qarşılamağa hazırlaşdı… Bu dəqiqələr içində ölümün kandarına gələn hər canlının hiss etdiyi ağrı-acının, heç olmasa, az bir hissəsini duya bilmişdi.
Yaşıla çalan dupduru suyun üzərində tərpənmədən qalan bu kiçik cəsədə bir qədər düşüncəli-düşüncəli baxdım, baxdım…
Dağların hördəyü ağ çələnglə sarılmış ovalıqla yenidən qarşılaşanda mənə elə gəldi ki, vurduğum bu quşun canı bütövlüklə yox olub getmədi. Həyatı yaradan uca və sonsuz gücün dənizinə kiçik bir damlatək düşdü. Və mən biz insanların nə üçün ölümdə gizli bir gözəllik gördüyümüzü, ona necə ümidlər bağladığımızı anladım. Buradan o biri dünyaya keçiddə filosofların və dini kitabların bəhs etdikləri o əbədi dünyada insan ağlı həyatın sonsuzluğunu görür və ruh üçün yeni güc qaynaqları axtarıb tapır.
Oradan uzaqlaşmazdan əvvəl quşun cəsədini sudan çıxarıb qarın üstünə qoydum. Məni bu addımı atmağa onu çürümək və çirkinləşməkdən qorumaq istəyi məcbur etmişdi.
İndi bu gözəl payız günündə həmin əhvalatı sənə danışmaq istədim. Ümid edirəm, bu yazıq quşcuğazı əbəs yerə öldürdüyümə görə məni qınamazsan. Heyvanlar və quşlar bizə yaşamaq üçün lazımdır…
Amma insan ölümün nə olduğunu biləndə həyatın sonsuzluğuna duyduğu inam onun əlindən tutur, qəlbini rahatlıq və sevgi ilə doldurur.
04.11.2026