Görkəmli şəxsiyyətlər

Səməd Vurğun

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!..

 

Bu misraların müəllifini Azərbaycanda, yəqin ki, tanımayan yoxdur. Bağça yaşlı uşaq da bilir bu şeiri, ahıl yaşlı insan da. Alim də bilir, əyalətdə yaşayan adi bir kənd adamı da. Hər şairə, hər şeirə belə tale nəsib olmur. Bu qədər məşhurlaşan, heç olmasa bir neçə bəndini hamının əzbər bildiyi ikinci bir şeir adı çəkə bilərsinizmi?


Söhbətin Xalq şairi Səməd Vurğundan və onun təxminən 80 il bundan əvvəl yazdığı “Azərbaycan” seirindən getdiyini, yəqin, dərhal duydunuz. Sizə bu məşhur şeirin müəllifinin həyat və yaradıcılığı barədə müxtəsər məlumat vermək istəyirik.


Kim olub Səməd Vurğun? Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının akademiki, akademiyanın vitse-prezidenti.  İki dəfə Stalin mükafatı alıb, iki dəfə Lenin ordeni. Bunların hər biri öz dövrü üçün olduqca böyük ad, yüksək vəzifə və qiymətli mükafat idi.


Ömür yolundan bəzi məqamlar. Novruz bayramı günü – martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulmuşdu. Qazax Müəllimlər Seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirmişdi. Qazax, Quba və Gəncədə müəllim işləmişdi.


1954-cü ildə sovet yazıçılarının ikinci ümumittifaq qurultayında sovet poeziyası haqqında məruzə etmişdi.


Ömür yolunda diqqəti ən çox çəkən məqam isə Xalq şairi adını almasıdır. 1956-cı il idi. Ölkə Səməd Vurğunun 50 illik yubileyini qeyd etməyə hazırlaşırdı.  Şair isə ağır xəstə idi. Onun yubileyi münasibətilə “Azərbaycanın xalq şairi” adı təsis olundu. Təbii ki, bu fəxri adı ilk dəfə Səməd Vurğuna verdilər. Mayın 12-də opera və balet teatrında şairin yubileyi böyük təntənə ilə qeyd olundu. Mayın 27-də saat 19.30 dəqiqədə böyük şair gözlərini həyata əbədi yumdu. Məzarı Fəxri xiyabandadır.


Yaradıcılıq yoluna qısa bir nəzər. İlk şeirlərini seminariyada oxuduğu vaxt yazıb. “Cavanlara xitab” adlı şeiri Tiflisdə çıxan “Yeni fikir” qəzetində çap olunub. Yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı illər hesab olunur. 1935-ci ildə 7 poema və 100-dək şeir yazıb. Ən məşhur şeirləri: “Azərbaycan”, “Ceyran”, “Dağlar”, “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm”, “Xavərim”. Şeirlərinə çoxlu mahnılar bəstələnib.


Məşhur poemaları: “Komsomol poeması”, “Talıstan”, “Muğan”, “Aygün”. Poemalarının motivləri əsasında “Yeddi oğul istərəm” və “Aygün” filmləri çəkilib.


Məşhur dramları: “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”. Səməd Vurğun bədii tərcümə ilə də məşğul olub. Puşkinin “Yevgeni Onegin”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Maksim Qorkinin ”Qız və ölüm”, Nizaminin “Leyli və Məcnun” poemalarını Azərbaycan dilinə tərcümə edib. Daha nə qaldı? Məşhur ürək həkimi Cavad Heyətin bir xatirəsi: “Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? Bir az düşündü və dedi Səməd Vurğunu”.