Odlar Yurdu

Azərbaycan qalaları

Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına möhkəm bağlılığından, yadellilərlə amansız mübarizəsindən soraq verir.  Əlincə qalası, Əsgəran, Şuşa, Girdman qalası və onlarla digər qalalarımız eyni zamanda tarixi memarlıq nümunələri sayılır.
Məşhur qalalardan biri Əsgəran qalasıdır. Qala Şuşa şəhərinin təxminən 24 kilometrliyində, Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir.   Əsgəran qalasa Qarabağ xanı İbrahimxəlil xanın adı ilə bağlıdır. Pənahəli xan böyük oğlu İbrahimxəlilə vəsiyyət etmişdi ki, Əsgəran dağının arasındakı keçiddə qala tikdirsin, düşmən gələn zaman piyada qoşunları burada yerləşdirsin. İbrahimxəlil xan atasının vəsiyyətinə əməl edib iki qala tikdirir - birini şərq, o birini isə qərb tərəfdə. 
Digər məşhur qala Şuşa qalasıdır. Onu Qarabağ xanı Pənahəli xan tikdirib. Bu qala Pənahabadı -  Şuşa şəhərini uzun müddət xarici müdaxilələrdən qoruyaraq  alınmazlıq simvoluna çevrilib. Ağa Məhəmməd şah Qacar qalanı 33 gün mühasirədə saxlasa da onu ələ keçirilə bilməyib.
Azərbaycan ərazisindəki qədim qalalardan biri olan Əlincə qalası Naxçıvan-Culfa yolunun kənarında, Əlincə çayının sağ sahilində yerləşir. Qalanın tarixi haqqında müxtəlif fərziyyələr söylənilir. Adı hətta “Kitabi-Dədə Qorqud” dastanında çəkilən Əlincə qalası tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamətgahı kimi tanınıb. Öz möhkəmliyi ilə dövrünün böyük sərkərdəsi Əmir Teymuru belə heyrətləndirib.  O, qalanı yalnız uzun sürən mühasirədən sonra ala bilib. Qalanın sirrini öyrənmək istəyən Əmir Teymur şəxsən Əlincəyə qalxıb.
Azərbaycanda Gülüstan adında üç tarixi qala var. Bunlardan biri  Goranboy ərazisində, biri Şamaxı ərazisində, digəri isə Naxçıvanda yerləşir. Goranboydakı qala Murovdağın ətəyində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdədir. Qaladan çaya gizli çıxışı olan  yol aşkar edilib. Qalanın tikilmə tarixi Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanıb.
Naxçıvan ərazisindəki Gülüstan qalasının tarixi Hülakülər dövrünə gedib çıxır. Bu qala da Əlincə çayının sahilində, strateji cəhətdən əlverişli yerdə tikilib.
Şamaxıdakı Gülüstan qalası  isə IX – XII əsrlərə aid edilir. Şamaxı şəhərinin üç kilometrliyində yerləşən bu qala Şirvanşahların yaylaq yeri – yay iqamətgahı, eyni zamanda möhkəm istehkam kimi ikili funksiya daşıyıb. Müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından günümüzə  tək-tək bürc və divar qalıqları gəlib çatıb. Güman edilir ki, qala tikilməzdən öncə yaylaq yeri olan dağ Gülüstan adlanırmış və sonra bu ad onun üzərində tikilən qalaya verilib.  
Azərbaycanın qədim abidələrindən biri də Şəkidəki  “Gələrsən,  görərsən” qalasıdır. XII əsr memarlığının nümunəsi olan qalanı yerli əhali Qız qalası adlandırır. "Gələrsən, görərsən" adının qalaya sonradan, 1743-cü il hadisələri ilə əlaqədar verildiyi güman edilir. Deyilənə görə, həmin il Nadir şahın qoşunları qalanı uzun müddət mühasirədə saxlayır. Mühasirədəkilər isə təslim olmur və düşmənə ciddi müqavimət göstərirlər. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunların səsi bir-birinə çatırmış. Bir dəfə Nadir şah özü qaladakılarla danışığa girir və soruşur: "O necə qaladır ki onu almaq olmur?". Ona belə cavab verirlər: "Gələrsən, görərsən!" Elə o vaxtdan qala belə də adlanır.
Adlarını çəkə bilmədiyimiz daha neçə-neçə qala, uzaq keçmişin yadigarı olan abidələr xalqımızın tarixini, mədəniyyətini öyrənmək baxımından olduqca dəyərli mənbələrdir.