Mədəni irsimiz

İmadəddin Nəsimi (1369-1417)

Hansı şairlərimiz haqqında film çəkilib? Gəlin sayaq: Nizami, Əliağa Vahid, Nəsimi... Vəssalam, bu qədərdi. “Nəsimi” ən yaxşı filmlərimizdən biridir və yəqin ki, siz də baxmamış olmazsınız. Baxmısınızsa, demək Azərbaycanın böyük şairlərindən biri olan Nəsimi haqqında müəyyən təsəvvürünüz var. Bəlkə qəzəllərini də xatırlayırsınız?


             Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
             Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam!..


Baxmayaraq ki, haqqında iki seriyalı film çəkilib, Nəsiminin həyatına dair bilgilər çox azdır. Bir çox tədqiqatçılar onun Şamaxıda doğulduğunu bildirsələr də, bununla bağlı müəyyən fikir ayrılıqları hələ də qalır.


Əsil adı Seyid Əli İmadəddin olan Nəsimi mükəmməl təhsil almışdı, bir  çox elmlərdən – riyaziyyatdan, təbabətdən, astronomiyadan, məntiqdən xəbərdar idi. Klassik Şərq və qədim yunan fəlsəfəsini, islam və xristian dinlərini, ədəbiyyatı dərindən bilirdi. O, Azərbaycan, ərəb və fars dillərini yaxşı bilir, hər üç dildə eyni dərəcədə gözəl şeirlər yazırdı.


Cavanlığından müəllimi Nəimi kimi sufilik mövqeyində dayanan Nəsimi müəlliminin edamından sonra Şamaxını tərk edərək Bağdada gedir. Orada da hürufiliyi yaymağa başlayır və buna görə zindana atılır. Daha sonra Hələbə yollanır. Öz məsləkindən dönməyən şair axırda edam cəzasına məhkum olunur. Sultanın əmri ilə diri-diri dərisi soyulur və əzabla öldürülür.


Nəsiminin edamı ilə bağlı əfsanələr söylənilir. Deyilənə görə, dərisi soyulan şair özünü axıradək mərd və dəyanətlə aparıb. Edam prosesində iştirak edən din xadimlərindən biri Nəsimini lənətləyərək deyir ki,  onun qanı murdardır, hara düşsə, gərək o yer qılıncla kəsilsin və odda yandırılsın. Təsadüfən Nəsiminin qanında bir damçı sıçrayıb həmin sözü deyən adamın barmağına düşür. Meydana yığışmış kütlə tələb edir ki, onun barmağı kəsilib tonqala atılsın. İşi belə görən zahid dediyini danır. Ölüm ayağında olan Nəsim bədahətən bu misraları deyir:
                Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,
                Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz...  


Nəsimi Azərbaycan poeziyasında divan janrının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir.


Bunları da yadda saxlayın: Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, köhnə şəhər qalasındadır. Şairin 600 illik yubileyi 1971-ci ildə UNESKO tərəfindən qeyd olunub. Yubiley münasibətilə çəkilmiş “Nəsimi” filmi 1973-cü ildə ekranlara buraxılıb. Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Həsən Seyidbəyli, baş rolun ifaçısı Rasim Balayevdir. Divanı Azərbaycanda 1972-ci ildə çap olunub. 1980-ci ildə Bakıda heykəli qoyulub.