Mədəni irsimiz

Bakı milyonçusu Ağa Musa Nağıyev

Bakı milyonçusu  Ağa Musa Nağıyev  Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və ən mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan (hambalçılıqdan) böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlıq istedadının hesabına milyonçu olmuşdu.
Onun tikdirdiyi 98 bina  Bakının memarlıq möhürünə çevrilib.
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bu tikililər içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən  qotik üslubdakı “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilmişdi. O, həmçinin realnı məktəbinin yarımçıq qalmış üçüncü mərtəbəsinin tikinti xərcini ödəmiş, xəstəxana tikdirmiş və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoymuşdu.
Amma çox qəribədir ki, xalq arasında onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı. Əslində Nağıyev deyildiyi qədər də xəsis deyildi. Bəzən qəpiyə qənaət edirdisə də, böyük kapital qoyuluşunda digər milyonçulardan geri qalmırdı. O, birinci realnı məktəbin hamiliyini boynuna götürərək hazırlıq sinfinə hər il əlavə olaraq iyirmi beş müsəlman uşağını qəbul etdirib oxudurdu. Sahibi olduğu Neft firması 1908-ci ildə rekord həcmdə neft çıxarır. 12 328 300 pud xam neft  o dövrdə Azərbaycanın neft firmaları arasında ən yüksək göstərici idi.
Onun əsil-nəcabətini  binalarının üzərindəki Ağa Musa Nağıyev firmasına məxsus emblem –“Venzel” (daş kitabə) təsdiqləyir. Bu venzellər öz qeyri-adiliyi və məna etibarilə diqqəti cəlb edir. Kənarlarında saman çələngi, ortasında hambal şələsi və Ağa Musa Nağıyevin adının və soyadının baş hərfləri həkk edilmiş kitabənin önündən laqeyd keçmək olmur. Milyonçu bununla keçmişini unutmadığını bildirirdi. Onun imzası – venzeli xeyriyyəçilik modeli olaraq binaların üzərində indi də qalır.
Bu xeyirxah və nəcib insan - Musa Nağıyev 1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdu. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. Atası öləndə 300 manat borcu qalır. Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpiyi olmadan 500 manat borcla ticarətə başlayır. İki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə girişir. Beş ildən sonra 2 000 manat pul toplayır. Həmin  pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra  torpaq sahələri alaraq, neft istehsalına başlayır. Xüsusilə Bibiheybət mədənlərində neft quyularının bir-birinin ardınca fontan vurması sayəsində milyonlara sahib olur.
1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızıl pulla yetmiş milyon manatı varmış. Mirasın ümumi dəyəri isə bundan qat-qat çox idi.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edir.