Nağıllar, hekayələr

Heraklın yeddinci qoçaqlığı. “Heraklın Krit öküzünü ram etməsi”

Evrisfeyin işi-gücü Heraklın öhdəsindən gələ bilməyəcəyi tapşırıq axtarmaq idi. Bu qəhrəman onun yanına nökərçiliyə gələndən bəri padşahın dincliyi pozulmuşdu. İndiyə kimi qorxaqlığından və acizliyindən əzab çəkən Evrisfeyin ürəyini indi həm də paxıllıq qurdu gəmirirdi. Çünki o, hökmdar ola-ola onun nökəri dillərdə dastan olmuşdu. Heraklın ölkədəki şöhrəti hökmdarın adını kölgədə qoymuşdu. Bu qəhrəmanın mərdliyinə nəğmələr qoşulur, onun ağasının qorxaqlığına isə atmacalar deyilirdi.

 

Dərd burasında idi ki, Heraklın qüvvəsinin həddi-hüdudu yox idi. O, indiyədək məlum olan bütün təhlükəli işlərin öhdəsindən uğurla gəlmişdi. Onun üçün yerinə yetirilməyən bir iş tapmaq müşkül məsələyə çevrilmişdi. Elə bu zaman qulağına çatan qəribə bir xəbər Evrisfeyi möhkəm sevindirdi.

 

Müxtəlif ölkələrdən Arqos şəhərinə gələn tacirlər nağıl edirdilər ki, çox uzaqlarda, mavi dənizin o tərəfində Krit adlı zəngin bir ada var. Adanın hakimi isə məğrur hökmdar Minosdur. Tacirlər onu da nağıl edirdilər ki, Minos dünyada heç kəsdən qorxmur, hətta ilahların buyruğuna belə əməl etmir. Lakin bu yaxınlarda Minosun başına iş gəlibmiş.

 

Əhvalat belə olub:
Dəniz ilahı Poseydon dik buynuzlu gözəl bir öküzü dənizdən sahilə göndərib və Minosa buyurub ki, həmin öküzü dəniz sahilindəki müqəddəs meşəyə aparıb Poseydon üçün qurban kəssin. Minos bu buyruğa əməl etməyib. Dəniz öküzü məğrur hökmdarın çox xoşuna gəldiyindən qurban kəsmək əvəzinə onu öz sürüsünə qatıb, dənizlər ilahının yolunda isə adi bir dana kəsməklə kifayətlənib. Minosun bu kobud hərəkəti dəniz ilahını bərk qəzəbləndirib. Onun qəzəbindən təlatümə gələn dənizin dalğaları şiddətlə Krit sahillərinə çırpılmağa başlayıb. Elə bu zaman öküz də quduzlaşıb, dəhşətli bir səslə böyürə-böyürə tövlədən çıxaraq çöllərə qaçıb.

 

Deyilənə görə, bu əhvalatdan xeyli müddət keçsə də, dəniz öküzünü tutmaq mümkün olmayıb. O, hələ də Kritin çöllərində və meşələrində dolaşmaqdadır. Azğınlaşmış öküz qarşısına çıxan bütün canlıları öldürür, ya da şikəst edir. İndiyə kimi bir qoçaq tapılmayıb ki, onu tutub tövləyə qaytarsın. 

 

Bu xəbəri eşitcək Evrisfey çox sevindi. “Bu mənim nökərim üçün lap yaxşı vəzifədir” deyə əllərini bir-birinə sürtdü və qulluqçunu Heraklın yanına göndərdi ki, əmrini ona çatdırsın.
 

Herakl da azğın Krit öküzü haqqında əhvalatı eşitmişdi. Bilirdi ki, hökmdar əvvəl-axır onu bu öküzün dalınca göndərəcək. Odur ki, saray qulluqçusunun gətirdiyi xəbər onun üçün gözlənilməz olmadı. Dinməz-söyləməz növbəti təhlükəli səfərə hazırlaşmağa başladı. İyirmi qoluzorlu cəngavərin belə yerdən qaldıra bilmədiyi toppuzunu əlinə aldı, Nemey şirinin sarı dərisini çiyninə salıb uzaq səfərə çıxdı.

 

Herakl güclü, qüdrətli olduğu qədər də mehriban və mərhəmətli idi. Harada olurdusa, hamının hörmətini qazanırdı, heç vaxt boş yerə öz yenilməz gücünü göstərib başqalarından fərqlənməyə çalışmırdı. Yaraşıqlı bir gəmidə Krit adasına yola düşən bu qəhrəman öz mehriban davranışı və təvazökarlığı ilə gəmidəki avarçəkənləri də heyran qoymuşdu. Onlar Heraklı Krit sahillərinə çıxarıb onunla mehribancasına sağollaşdılar və bu səfərdə ona uğurlar dilədilər.

 

Mənzil başına çatan Herakl adanı acınacaqlı vəziyyətdə gördü. Krit adası, demək olar ki, başdan-başa kimsəsiz bir çöllüyə çevrilmişdi. Yolları ot basmış, şəhərlər viranə qalmışdı. Azğınlaşmış öküzdən qorxan ada əhalisi dağlarda, mağaralarda gizlənirdi.

 

Qorxunc öküz haqqında eşitdiyi əhvalatlar Heraklı qorxutmurdu. Əvvəlki sərgüzəştləri zamanı xeyli təcrübə toplamış qüdrətli qəhrəman cəsarətlə işə başladı. Öküzü tapmaq niyyəti ilə bütün adanı gəzən Herakl günlərin bir günü xəlvət yol ayırıcında onunla rastlaşdı. Qəfildən qarşısında canlı görən öküz qəzəbindən fısıldadı və başını aşağı dikərək qəzəbli bir böyürtü ilə Heraklın üzərinə şığıdı. Vəhşi öküzün bu böyürtüsündən çoxlarının ürəyi dayana bilərdi. Lakin indiyədək çox qorxunc və sehrli heyvanlarla döyüşlərdən qalib çıxmış qəhrəmanı sarsıtmaq elə də asan deyildi.

 

Herakl əvvəlcə öküzü lap yaxına buraxdı, sonra isə qüdrətli əllərilə buynuzlarından yapışıb var gücü ilə onun başını yerə dirədi. Vəhşi heyvan nə qədər çırpındısa, xırıldadısa, qanla dolu gözlərini qəzəblə nə qədər hərlədisə də, bir nəticə vermədi. Herakl ram etdiyi öküzün başına yüyən keçirdi, sonra isə onun belinə atılıb dənizə tərəf sürdü. Herakla məğlub olmuş və onun hər bir əmrinə tabe olan öküz dənizdən üzüb keçərək ağasını Evrisfeyin hüzuruna gətirdi.

 

Hər dəfə olduğu kimi, bu dəfə də Evrisfey öküzü görüncə qorxusundan qaçıb gizləndi. Sonra o, öküzü şəhər qalasından kənara çıxarıb çölə buraxmağı əmr etdi. Sərbəst buraxıldığını görən qorxunc heyvan böyürə-böyürə çöllərə düşüb bu dəfə Yunanıstan əhalisini qorxu altında saxlamağa başladı. O, uzun müddət bu ölkənin geniş çöllərində, ucsuz-bucaqsız dağlarında və dərin dərələrində dolaşdı, nəhayət, Marafon diyarında yaşayan Tezey adlı başqa bir qoçaq onu yenidən tutub ram etdi.

 

(Ardı var...)