Mədəni irsimiz

Gəncə Dövlət Kukla Teatrı


Gəncə Dövlət Kukla Teatrının binası XIX əsrin tarix-memarlıq abidəsidir. Bu bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülmüşdür. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilmişdir. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilmişdir.


Tikintisində əsasən tuf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650  m²-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. 

 

1986-cı ilə qədər xalq teatrı kimi fəaliyyət göstərən, Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 18 oktyabr 1986-cı il tarixli 299 nömrəli qərarı ilə Dövlət statusu almışdır.

 

Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.


Tearda ildə 250 tamaşa oynanılır. Teatr şəhərin mədəni-kütləvi tədbirlərində öndə iştirak edir. Eyni zamanda teatrın kollektivi xeyriyyə tamaşaları ilə qocalar və kimsəsizlər evində, uşaq evində, SOS uşaq kəndində musiqili-əyləncəli tamaşalarla çıxışlar edir.

 


Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda uğurla iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), «Ən Yaxşı Uşaq Tamaşaları» Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), «Sehrli pərdə» Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), «Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində» Festivalında ( İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir.